Veteranlar Təşkilatına 500 minlik korrupsiya ittihamı: Cəlil Xəlilov haqda şok iddialar
19-11-2016, 22:15
Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasında bağ verən proseslər haqda silsilə yazılar dərc etmişik. Bu yazılarda bildirmişdik ki, Şura daxilində bəzi qüvvələr aktivləşərək rəhbərliyin dəyişdirilməsi üçün fəaliyyətə başlayıblar. Şuradakı proseslərdən tam məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə general D.Rzayevin postuna ən çox iddialı şəxs Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovdur.
Məsələ ilə bağlı ictimaiyyətin, xüsusən Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının aktivliyi hiss olunur. Çünki, mənbənin söylədikləri arasında daha çox diqqət çəkən məqam həm Qarabağ, həm Böyük Vətən Müharibəsi veteranlarının, eləcə də Əfqanıstan döyüşçülərinin C.Xəlilovun namizədliyinə qarşı kəskin etirazlarının olmasıdır. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, ehtiyyatda olan polkovnikin nə Qarabağ, nə də Əfqanıstan döyüşlərində iştirak etməməsi belə bir quruma rəhbərlik etməsi üçün ona ən azı mənəvi baxımdan məhdudiyyətlər yaradır. Ötən yazılarımızda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Cəmşid Naxçivanski adına hərbi litseyin müəllimi, iki dəfə Döyüş Bayrağı Ordeni ilə təltif edilmiş Əfqanıstan Veteranlar Cəmiyyətinin üzvü Şakir Əhmədov ehtiyyatda olan polkovnik C.Xəlilovun iştirak etdikləri müharibələrə qatılmasından məlumatsız olduqlarını bildirmişlər.
Bu dəfə isə məsələ ilə bağlı cumhuriyyet.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatı sədrinin keçmiş müavini ehtiyatda olan polkovnik, Silahlı Qüvvələr veteranı, Çernobıl qəhrəmanı və əlili Əliyev Kamal Müslüm oğlu bildirdi ki, 2009-cu ilin mart ayından Respublika Veteranlar Təşkilatında əvvəl mütəxəssis, sonra baş mütəxəssis, sonra 5 il təşkilatın sədr müavini vəzifəsində işləyib. Keçmiş müavin deyir ki, Təşkilat yarandığı gündən 30 il ərzində belə bir vəziyyətə düşməyib. O, baş verənlərdə Təşkilatın sədr müavini Cəlil Xəlilovu günahkar bilir: “Cəlil Xəlilov öz gəlişi ilə təşkilatı parçaladı. Orduda xidmət etmiş, müharibədə iştirak etmiş zabitlərin hamısını oradan uzaqlaşdırmağa nail oldu. Bu gün Respublika Veteranlar Təşkilatında orduda xidmət etmiş bir nəfər də zabit qalmayıb. İndi orda olanlar hamısı Cəlil Xəlilovun yaxın adamları və veteran hərəkatına heç bir aidiyyatı olmayan insanlardır. Cəlil Xəlilov Təşkilata təzə gələndə sabiq nazir Eldar Mahmudovun adamı olduğunu deyirdi. İndi Akif Çovdarovun məhkəmə prosesi onu göstərir ki, doğrudan da Cəlil Xəlilov onların məktəbindən keçib. Cəlil Xəlilov gəlişi ilə məni müavin vəzifəsindən və rəyasət heyəti üzvlüyündən uzaqlaşdırmağa nail oldu. Son iki ildə beynəlxalq tədbirlərin heç birinə veteranların getməsinə imkan vermədi, baxmayaraq ki, tərtib olunmuş planlarda belə tədbirlərin keçirilməsi nəzərdə tutulurdu. Bütün ezamiyətlərin hamısına özü getdi. Araşdırılsa, ezamiyyət xərclərində ciddi qanun pozuntuları aşkar ediləcək. Cəlil Xəlilov şəxsi marağı naminə Ulu Öndər Heydər Əliyevin 1975-ci ildə təşəbbüsü ilə yaradılmış, uzun müddət sovet ittifaqı qəhrəmanı, generalların rəhbərlik etdiyi Bakı Şəhər Veteranlar Şurasının ləğvinə nail oldu. Eyni zamanda Respublika Veteranlar Təşkilatının balansında olan Bakı Şəhər Veteranlar Şurasının mənzil qərargahının satılmasına nail oldu. Həmin bina Sahil metrosuna yaxın ərazidə yerləşirdi. Oradan əldə olunmuş külli miqdarda pul vəsaiti mənimsənildi. Gördüyü bütün işləri yuxarılarla məsləhətləşdiyini qeyd edir. Ölkədə ağır iqtisadi böhranın olmasına, Respublika Veteranlar Təşkilatının tələbatını ödəyə biləcək sayda avtomobil nəqliyyatının olmasına baxmayaraq, Cəlil Xəlilov çox baha qiymətə müasir avtomobil alaraq istifadə etməyə başladı. Baxmayaraq ki, bu vəsait veteranların ehtiyaclarının ödənilməsinə xərclənə bilərdi. Hörmətli Prezidentimizin 2016-cı ildə Təşkilata ayırdığı 500 min manat vəsaitin hara xərclənməsi məlum deyil. Veteranlar üçün hazırlanmış veteran döş nişanları baxmayaraq ki, Azərbaycanda daha ucuz hazırlana bilərdi, nədənsə Cəlil Xəlilovun təşəbbüsü ilə çox baha qiymətə Serbiyada sifariş olundu və Cəlil Xəlilov bu məsələ ilə bağlı dövlət vəsaiti hesabına bir neçə dəfə Serbiyada səfərdə oldu. Bu ezamiyyət xərcləri Təşkilatın hesabından silindi. Bu döş nişanlarının veteranlara verilməsi nəzərdə tutulmuşdu, minlərlə döş nişanı veteranlığa aid olmayan adamlara 7-10 manata satıldı. Oradan gələn vəsaitin hansı məqsədlər üçün xərcləndiyi məlum deyil. Təşkilatın nizamnaməsində nəzərdə tutulmayan veteran həmrəyliyi medalının, Cəmşid Naxçıvanski medalının, Həzi Aslanav medalının, Əliağa Şıxlınski medalının, Səmədbəy Mehmandarov medalının qanunvericiliyə zidd olaraq təsis olaraq hazırlanması Cəlil Xəlilovun təşəbbüsü ilə həyata keçirildi. Həmin medallar ucuz nüfuz qazanmaq üçün veteran hərəkatında əməyi və iştirakı olmayan insanlara verilir. Cəlil Xəlilovun gəlişi ilə Respublika Veteranlar Təşkilatında xəbərçilik, satqınlıq, intirqalar baş alıb getdi. Cəlil Xəlilov təşkilata gələn gündən quruma rəhbərlik etmək üçün böyük intriqalara başladı. Təşkilatın hazırki, sədri e.o general-mayor Dadaş Rzayevin ağır xəstəlik keçirməsinə də Cəlil Xəlilovun hərəkətləri səbəb oldu. Beləki, Cəlil Xəlilov general-mayor Dadaş Rzayevin sürücüsünə və köməkçisinə tapşırıq verib ki, generalın yanına kim gəlsə mənə məlumat verin. Orada olan bir nəfər veteran bunu Dadaş Rzayevə deyib. D.Rzayev sürücü və köməkçisini çağırıb məsələni soruşanda onlar boyunlarına almayıblar. Həmin axşam general Rzayev ağır insult keçirtdi. Cəlil Xəlilovun üzərində gəzdirdiyi Əfqanıstan, Qarabağ Müharibəsi veteranl vəsiqələrini, Silahlı Qüvvələr Veteranı vəsiqəsi yoxlama aparılarsa saxta olduğu üzə çıxacaq. Respublikada fəaliyyət göstərən Əfqanıstan Müharibəsi Veteranları Təşkilatı və Qarabağ Müharibəsi Veteranları Təşkilatı aşardırma aparsa bu vəsiqələrin saxta olduğu ortaya çıxacaq. Bu haqsızlıqları görərək, təşkilatda qalıb öz işimi davam etdirməyi özümə sığışdırmadım, ərizəmi yazıb təşkilatdan getdim. Müvafiq orqanlardan göstərilən məsələlərin araşdırılmasını və Veteranlar Təşkilatından belə lazımsız adamların uzaqlaşdırılmasını xahiş edirəm. Respublika Veteranlar Təşkilatına elə adamlar gətirilməlidir ki, təşkilatın itirilmiş nüfuzunu bərpa etsinlər”.
Qarşı tərəfin də cavab mövqeyini dərc etməyə hazırıq.
teref.az