Millət vəkili yalan danışır?
6-07-2015, 13:14
4 iyulda “Yeni Müsavat” qəzetində “Yanan binada yeni can itkisi ola bilər” başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, binada təmir zamanı təhlükəsizlik tədbirləri görülmür, fəhlələrin həyatı təhlükə altındadır: “Tikintidə çalışan işçilərin heç biri təhlükəsizlik tədbirlərinə riayət etmirdi. Kəmərsiz və dəbilqəsiz işləyən işçilərin durumu növbəti faciədən xəbər verir. Hər an tikinti materiallarından biri onların başına düşə bilər. Yuxarı mərtəbələrdə işləyən fəhlələrdən birinin ayağı sürüşsə, onun yerə düşməsini əngəlləyəcək kəmərlər yoxdur”.
Məlumdur ki, yanan binanın təmiri “Azəraqrartikinti” ASC-yə həvalə olunub. 27 mayda musavat.com-a müsahibə verən ASC-nin rəhbəri, Milli Məclisin üzvü Ağalar Vəliyev bildirib ki, təmir işləri ən qısa müddətdə və keyfiyyətlə həyata keçiriləcək.
Müxbirin “Mövcud qanunlara görə deputatlar bizneslə məşğul ola bilməzlər” fikrinə A.Vəliyevin münasibəti belə olub: “ Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam. Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur”. (musavat.com)
Ağalar Vəliyev qafqaznews.org-a müsahibəsində bildirib ki, “Azəraqrartikinti”nin təsisçisidir.
Ona görə də biz ondan xahiş etdik ki, musavat.com-da dərc olunan yazıya münasibət bildirsin. O, bildirdi ki, nə üçün məndən soruşursunuz: “ Mən şirkətin təsisçisi deyiləm”.
Müxbirimizin “ Axı, özünüz dediniz ki, təsisçisiniz” fikinə cavab olaraq deputat “Bu şirkətdə mənim kimi 4317 təsisçi var” deyərək dəstəyi asdı.
Tanınmış iqtisadçı Sabit Bağırov Ağalarovun dediklərini “nağıl” adlandırdı: “ Şirkətin 4317 təsisçisi ola bilməz. Bu insanların hər biri mütləq uyğun sənədi imzalamalı və notarial qaydada təsdiq etməlidir ki, bu mümkün deyil”.