Bağlanan bankın əmanətçilərinə kompensasiya ödənilməyəcək

19-07-2015, 12:20           
Bağlanan bankın əmanətçilərinə kompensasiya ödənilməyəcək
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır. Bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, "Azərbaycan Kredit Bankı"nın bağlanması sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir: "Buna görə də ADIF bankın əmanətçilərinə kompensasiya ödəməyəcək".

Azad Cavadov - ADIF-in icraçı direktoru Azad Cavadov

A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.

Bununla belə, ADIF-ın icraçı direktoru qeyd edib ki, "Azərbaycan Kredit Bankı"nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var: "Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun".

O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: "Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 16-da "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasını geri çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.