Çovdarova ömürlük həbs istənilməli idi?

18-08-2017, 10:53           
Çovdarova ömürlük həbs istənilməli idi?
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi sona yekunlaşmaq üzrədir. Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən son qapalı prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror A.Çovdarova 15 il, Səlim Məmmədova 12 il, O.Osmanov və Akif Əliyevin isə hər birinə 9 il cəza istəyib. Bundan başqa dövlət ittihamçısı Akif Çovdarov və digərlərinin rütbələrinin alınmasını da məhkəmədən xahiş edib.

Xəbər mətbuatda yayılandan sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Prokurorun A.Çovdarova tələb etdiyi cəzanın əməllərinə adekvat olmadığı, sabiq idarə rəisinə qarşı qanunun daha sərt şəkildə tətbiq olunmasınının vacibliyi müzakirələrin əsas mövzusudur. Hüquqşünas Əkrəm Həsənov da aparılan müzakirələrdə məsələnin qoyuluşu ilə razı olduğunu deyib. Ə.Həsənov “Yeni Müsavat”a bildirib ki, A.Çovdarova 15 il cəza istənilməsi ədalət mühakiməsinə inamı sarsıdan hərəkətlər sırasındandır: “Akif Çovdarov təkcə sahibkarlara ziyan vurmayıb. O, dövlətə, dövlətin iqtisadi potensialına, dövlətin imicinə ziyan vurub. Akif Çovdarovun və onun təmsil olunduğu komandanın illərlə həyata keçirdikləri qanunsuzluqlar səbəbindən bu gün sahibkarların bir çoxu Azərbaycanda iş qurmaq istəmir. Heç kim təminat vermir ki, sabah 2-ci bir Çovdarov meydana çıxmayacaq. Prokurorun Akif Çovdarova ən yüksək həddə deyil, daha az cəza istəməsi də qorxunun və gözləntilərin əbəs olmadığını göstərir”.

Hüquqşünas deyir ki, Akif Çovdarovun MTN-dəki komandası biznes mühitində qorxu ab-havasının bərqərar olmasında müstəsna rol oynayıb: “Düzdür, Akif Çovdarov elə yaşdadır ki, onun üçün 15 il də çox uzun bir müddətdir. Hər bir halda Akif Çovdarova prokurorun tələb etdiyi, məhkəmənin təyin edəcəyi cəza daha çox Akif Çovdarov kimilərə siqnal olmalıdır. Yəni bu gün vəzifə daşıyan və vəzifədən Çovdarovsayağı istifadə edənlər görməlidirlər ki, onlara heç bir güzəşt olunmayacaq. Bu gün Azərbaycan məhkəmələrində şahidi olduğum bir işi misal çəkmək istəyirəm. Banka borcu olan şəxsə dövlət ittihamçısı 15 il cəza istədi, məhkəmə 14 il cəza təyin etdi. Adamın günahı bankdan külli miqdarda pul götürüb qaytarmamaqdan ibarətdir. Akif Çovdarov və onunla bərabər məhkəmə qarşısına çıxarılanlar az qala Cinayət Məcəlləsinin 20-yə yaxın maddəsi ilə ittiham olunurlar. Belə çıxır ki, bankdan kredit götürüb qaytarmayanla vətəndaşlara, xüsusilə iş adamlarına qarşı quldurluq, qanunsuz azadlıqdan məhrum etmə, qanunsuz telefon danışıqlarına qulaq asmada, rüşvət almada və digər ağır cinayətlərdə təqsirli bilinən bir əzazil məmur arasında fərq yoxdur? ”

Ə.Həsənov deyir ki, Akif Çovdarova tələb olunan cəza ictimai şüurda hakim olan “adamın varsa çap-tala” düşüncəsini bir qədər də bərkidəcək: “Belə çıxır ki, arxa-dayağın varsa vəzifəndən, dövlətin gücündən istədiyin kimi istədiyin şəxsə qarşı istifadə edib talançılıq, quldurluq, vəzifə səlahiyyətlərini aşma və bu kimi digər cinayətlərlə eninə-geninə məşğul ola bilərsən. Arxa dayağın yoxdursa, deməli, qanunun ən sərt üzünü görəcəksən”.

Hüquqşünas deyir ki, dövlət ittihamçısının A.Çovdarova ən yuxarı həddən aşağı cəza istəməsi prosesin sonu deyil: “Hakim prokurorun istəyinə bağlı deyil. Yəni hskimin səlahiyyəti var ki, prokurorun istədiyi cəzadan daha artıq müddətə cəza müddəti təyin etsin. Amma Azərbaycanda bu praktika geniş yayılmayıb. Adətən məhkəmələr prokurorun istədiyi və ya daha aşağı cəza təyin edir. Çox nadir hallarda hakim daha çox cəza təyin edir”.

Bununla belə, Ə.Həsənov zərərçəkənlərin də A.Çovdarova daha artıq cəza təyin olunmasını tələb etmək hüquqlarının olduğunu bildirib: “Zərərçəkənlər cəzadan narazı qaldıqları halda, yəni Akif Çovdarova 20 ildən daha aşağı cəza təyin edildiyi halda apelyasiya şikayəti verib cəzanın 20 ilə çatdırılmasını tələb edə bilərlər”.

Ə.Həsənov A.Çovdarova cəza təyin olunarkən onun xəstəliklərinin nəzərə alınmalı olduğunu deyib: “Akif Çovdarov hələ ibtidai istintaqdan başlayaraq xəstəliyi ilə bağlı azad olunmasını tələb edirdi. Təqdim etdiyi sənədlərdən belə aydın olurdu ki, onun çoxsaylı ağır xəstəlikləri var. Amma o, uzun illər həmin xəstəlikləri ola-ola vəzifədə qalıb, həmin illər ərzində indi ittihamda yer alan və almayan çoxsaylı cinayətləri törədib. Xəstəni də mühakimə etmək, ona cəza təyin etmək olar. Ona qanunda nəzərdə tutulan ən yüksək həddə cəza təyin olunmalıdır. Sonradan isə xəstəliyini nəzərə almaq olar. Digər tərəfdən, bu gün Azərbaycanda hamı bilir ki, əgər sənin pulun varsa, pulun həm də çoxdursa azadlıqdan məhrumetmə yerində kef edirsən. Pulunu verirsən, özünü atırsan sanitar-tibbi hissəyə, rahat yaşayırsan. Akif Çovdarov həbs olunandan az sonra Bakı İstintaq Təcridxanasının sanitar-tibbi hissəsinə köçürülüb. O, digəriləri kimi daha şəraitsiz kamerada saxlanılmır. Onun qaldığı tibbi-sanitar hissədə 24 saat duş, isti-soyuq su, havalandırma sistemi və digər zəruri şərait var. Halbuki Azərbaycan vətəndaşlarının çoxunda belə bir şərait yoxdur. Akif Çovdarov 15 il, 20 ilə həbsdə saxlanılsa da, pulla özünə şərait qura biləcək. Əlbəttə ki, vəziyyəti sağlamlığı ilə əlaqəli pisləşə bilər və bu zaman onun həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Yəni əvvəl ən ağır cəzanı təyin edib bütün vəzifəsindən sui-istifadə edib qanunsuzluq edənlərə qanunun sərt üzünü göstərmək hava-su kimi vacibdir. Bundan sonra humanizm prinsiplərinə də müraciət edib xəstəliklərini nəzərə almaq, onu azad etmək olar. Akif Çovdarovun etdiyi əməllər çox dəhşətli əməllərdir və ölkənin xüsusilə iqtisadi sektorun çökməsinə qədər gətirib çıxarıb. Akif Çovdarova 20 il cəza təyin olunması Azərbaycan məhkəməsinin özü üçün də çox vacibdir. Əks halda Azərbaycanda gələcəkdə Akif Çovdarovun etdiyi əməllər təkrarlanacaq”.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Səbayel Rayon Məhkəməsi tərəfindən onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb. Sonra A.Çovdarovun barəsindəki həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.