Bank sektorunda böhran davam edir
29-08-2017, 10:11
İlin sonuna kimi hansı banklar bağlana bilər?
Azərbaycanın böhran dövrünü yaşayan bank sektorunda vəziyyət bir qədər sabitləşsə də, statistik göstəricilər durumun elə də düzəlmədiyini göstərir. Belə ki, 2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata əsasən, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 milyon manat və ya 52,4% azalıb. Bu ilin altı ayında bankların faiz gəlirləri 1 milyard 7,3 milyon manat, faiz xərcləri isə 482,7 milyon manat olub. Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 milyon manat vəsait ayrılıb.
Bəs görəsən, payıza doğru bank sektorunu nə gözləyir? Bu kommersiya qurumlarının fəaliyyətində hansı müsbət dəyişikliklər ola bilər? Və ya əksinə, növbəti bankların bağlanmasının şahidi ola bilərikmi?
“Yeni Müsavat”ın bu sualını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov ümumən bank sistemində müəyyən sabitəşmə müşahidə olunduğunu bildirdi: “Əlbəttə, böhran qalır, bəzi banklarda hətta dərinləşir də, amma bütövlükdə sistem üzrə kəskin dərinləşmə yoxdur. Bununla belə, əvvəlki problemlər də həllini tapmayıb. Onların ən əsası problemli kreditlərdir. Son zamanlar bankların bir qismi borclulara güzəştlər təklif edərək kreditlərin müəyyən hissəsinin qaytarılmasının başlanmasına nail ola bilir. O cümlədən bəzi borclar üzrə banklar artıq məhkəmə proseslerini udub və xüsusən də girovların satılması hesabına borcların bir qisminin ödənilməsinə nail ola bilib. Amma bütün bunlara baxmayaraq, dediyim kimi, yalnız böhranın əvvəlki kimi kəskin dərinləşməsinin qarşısı alınıb. Ümumən isə problemli kreditlərin həcmi yenə də artıb və artır. Bunun da səbəbləri bəllidir. Əvvəla, xeyli borclu var ki, onlar faktiki müflisdir və borcunu ödəyə bilmir. Ən əsası isə bank sahibləri və inzibatçılarının verdiyi külli miqdarda qanunsuz kreditlərin qaytarılması istiqamətində ciddi iş görülmür. Təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Palatası daxilindəki hərc-mərclik də banklar üzərində nəzarətin səmərəliliyinə mənfi təsir göstərir”.
Ekspert onu da vurğuladı ki, Mərkəzi Bank da bankları lazımi qədər kredit vəsaiti ilə təmin etmir: “Burada dövlət qurumları arasındakı ziddiyyətlər də ciddi mənfi rol oynayır. Bütün bu fonda banklar əmanətləri də itirməyə davam edir. Nisbətən daha az olsa da, yenə də bu proses var və bankların likvitliyinə mənfi təsir edir. Bəzi banklar hətta əmanətləri qaytarmır. Bütün bunlar onun göstəricisidir ki, bəzi bankların bağlanma ehtimalı böyükdür. Amma panikanın yaranmaması üçün yəqin ki, onları, sadəcə, daha güclü banklara birləşdiriləcəklər. Yaxın zamanın ən ciddi problemi əslində heç bank sisteminin özü deyil, maliyyə sistemini idarə edən dövlət qurumları arasında koordinasiyanın yaradılması, o cümlədən Palatanın daxilində ikitirəliyin aradan qaldırılmasıdır. İstisna deyil ki, yaxında bizi dövlət idarəçiliyinin özündə, o cümlədən kadr məsələlərində dəyişikliklər gözləyir”.
İqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, bank sektoru hələ normal vəziyyətinə qayıtmayıb: “Rəsmi rəqəmlər də sübut edir ki, bank sektorunda baş verən neqativ proseslər artan templə gedir. Çünki rəsmi rəqəmlərdə görünən odur ki, həm problemli kreditlərin həcmi artıb, həm də ölkədə kreditləşmənin səviyyəsi ötən ilə belə nisbətən təqribən 1,6 milyard manata yaxın azalıb. Bu çox ciddi azalmadır. Deməli, banklar kreditləşməni həyata keçirə bilmirlər. Nə də köhnə kreditləri toplaya bilmirlər. Bu da bank sektorunda durğunluğun əsas səbəblərindən biridir. Problemli kreditləri rəsmi rəqəmlərə görə də xeyli artıb, təqribən 13 faizə yaxınlaşır. Ancaq beynəlxalq agentliklərin hesabladığı rəqəmlər bundan ən azı iki dəfə çoxdur. ”Moody’s", “Fitch” və “S&P” beynəlxalq reytinq agentliklərinin hesabladığı rəqəmlərə görə, problemli kreditlərin həcmi 25 faizi keçib. Rəsmi rəqəmlər də sübut edir ki, bank sektorunda baş verən proseslər normal axarına düşməyib. Bu da ümumi iqtisadi proseslərə təsir edir. Çünki bankların əsas qayəsi iqtisadiyyatın çarxlarının dönməsinə xidmət etmək, kreditləşməni həyata keçirməkdir. Əgər bunu bacarmırlarsa, deməli, iqtisadiyyatda aktiv rol oyanaya bilmirlər. Ancaq Beynəlxalq Bankla bağlı baş verən prosesdən sonra bu problem həll olunana qədər daxili bank sistemində bir müddətlik kəskin addımların atılmasından qaçılır. Problemli banklar bu gün də var, lakin onlarla bağlı qərarların verilməsi gecikdirilir, zaman uzadılır. Ona görə də bir müddət sonra radikal addımların atılması qaçılmaz olacaq. Bankların sağlamlaşdırma əməliyyatı sona çatmadan, hansı bankların ayaqda qaldığını görmədən onlara yardım etmək də mümkün olmayacaq. Bank sektoru nə qədər çalışsa da, dövlət dəstəyi olmadan bunu həyata keçirmək mümkün olmayacaq".