Ədəbi mühitdə üsyan: “Xalq şairi”ni Elza seçəcək? – Rəylər
31-08-2017, 00:38
“Xalqın şairi” telelayihəsindəki münsiflərdən biri də mənəm. Digər münsifləri kim seçib, niyə seçib bu məsələlərə mən cavab verə bilmərəm. Mən sadəcə təəssüf edirəm ki, ədəbiyyatla bağlı bu telelayihə ancaq Elza Seyidcahanın ora qatılmağı ilə assosiasiya olundu.
Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı “Ulduz” jurnalının baş redaktoru və Azərbaycanın əməkdar jurnalisti, “Xalqın şairi” layihəsinin münsif heyətinin üzvü Qulu Ağsəs deyib. O bildirib ki, yaxın zamanda bu layihədən uzaqlaşma ehtimalı var:
“Məni bu layihəyə dəvət elədilər. Televiziyalarda belə layihələrin daha çox olmasını arzulayan, səsləndirən və dilə gətirən adamlardan biri də həmişə mən olmuşam. İstəmişəm ki, televiziyalar ədəbiyyata, poeziyaya xüsusilə yer ayırsın. Ona görə də mən bu layihədən imtina eləmədim.
Bu gün ədəbiyyatın oxunmamasının bir səbəbi də televiziyaların ona az yer ayırmasıdır. Layihəyə razılıq verəndə jürinin kim olduğunu soruşmadım. Hesab edirəm ki, bu, etikadan kənardır. Heç kimlə problemim və ya konfliktim yoxdur ki, deyim, filakəs gəlirsə, mən gəlmirəm. Mən yalnız öz verdiyim səsə cavabdehəm.
Sınaq çəkilişlərinə qatıldım. Bir naşir kimi marağım vardı ki, görüm yeni imzalar varmı? Onları həm “Ulduz”da çap edim, həm də müdafiə edim. Bilirsiniz, 2 otaqlı mənzil istənilən gənc imza üçün stimul ola bilər.
Hər münsifin öz fikri, öz səsi var. Mən də öz fikrimə, verdiyim səsə cavabdehəm. Düşünürəm ki, öz ağlım, savadım, düşüncəm sayəsində öz işimi ləyaqətlə yerinə yetirəcəyəm.
Artıq ay başa çatır, yeni mövsüm başlayır. Avqust ayında vaxtım var idi, seçimlərə qatıldım. Növbəti ay yeni layihələrə başlayıram, heç bilmirəm bundan sonra bu layihəyə qatıla biləcəyəm, ya yox”.
Əməkdar incəsənət xadimi, şair, “Xalqın şairi” telelayihəsinin digər münsif üzvü Baba Vəziroğlu isə ümid edir ki, gələcəkdə münsiflər mütəmadi olaraq, dəyişəcək:
“Layihənin rəhbəri “Qulp Mübariz”dir. Həmişə Mübariz hamıya qulp qoyurdu, bu dəfə Mübarizə qulp qoydular.
Münsifləri o seçib. O da bu məsələyə cavab verməlidir. Mən bura gəlmişəm ki, “Xalqın şairi”ni seçməyə yardımçı olum.
Hər kəsin öz düşüncəsi, hadisəyə öz münasibəti var. Elzanın bu verilişdə münsif olmasına görə cavabdeh mən deyiləm. Mən bura ona görə gəlməmişəm. Ona görə gəlmişəm ki, obyektiv olum, cavanların potensialını görə bilim və imkan daxilində onlara kömək edim, populyarlıq qazansınlar. Və mən çalışacağam ki, imzasını bəyəndiyim 5 nəfər gəncin kitabı çıxsın. Baxmayaraq ki, bu layihədə yaş məhdudiyyəti yoxdur. Cavan dedikdə isə mən təkcə 20 yaşlı gəncləri yox, 70 yaşlı yenicə şeir yazmağa başlayanları da nəzərdə tuta bilərəm. Mənim fikrim sadəcə onlara dəstək olmaqdır.
Ümid edirəm ki, Elzanın da bu layihəyə gəlməkdə məqsədi məhz budur. Onları qılınclamaq yox.
Bir də mənə elə gəlir ki, mərhələ keçdikcə, münsiflər də dəyişəcək”.
Elza Seyidcahanın “Xalqın şairi” layihəsində münsif olmasına şair Zahir Əzəmət isə kinayəli münasibət bildirib:
“Bu hadisəyə münasibətim çox yaxşıdır. Hətta yaxşı olardı ki, Elza xanımı AYB-yə sədr, Ədəbiyyat İnstituna fəxri prezident təyin etsinlər. Ümumiyyətlə, “Elza” adına ədəbiyyat mükafatı da təsis eləmək lazımdır. Təklif edirəm ki, Vasif müəllim oxunması vacib olan kitablar siyahısına Elza xanımın da şeirlərini salsın”.
Şair Aqşin Yenisey də məsələyə biganə qalmayıb:
“Bu, nə qədər ciddi müsabiqədir ki, orda Elza yox, tutalım Ramiz Rövşən olsun. Mənə Qulu Ağsəslə, Baba Vəziroğlunun orda olması daha əcaib görünür. Çünki biz müsabiqə keçirəcək qədər şəffaf düşüncəyə malik bir cəmiyyət olmadığımızı az qala hər il bir neçə dəfə sübut edirik. Bu müsabiqə də “odlar diyarına” olsa-olsa, toylarda şeir çərənləyən beş-altı çənədən bərk tamada verəcək. Bu cür "Xalq şairlərini" Elza seçməyib kim seçməlidir ki?!”
Şair-publisist Salam Sarvan da bu işə “yaxşı” baxdığını bildirib:
“Elza Seyidcahanın bu müsabiqədə münsif olmasına yaxşı baxıram. Elə Baba Vəziroğluyla Qulu Ağsəsin də münsifliyinə yaxşı baxıram. Müsabiqəyə də yaxşı baxıram. Mükafat kimi təbiətin qoynunda veriləcək o “cıqqılı” evə də yaxşı baxıram. Müsabiqədə qalib gələcək şairin yaradıcılığına isə bəri başdan yaxşı baxıram.
Mənim narahat olduğum bircə məsələ Azərbaycanın geosiyasi mövqeyidir
Amma zarafatsız... Məsələn, dərsliklərə düşmüş 19-cu əsr şairləri var – onların 90 faizinin şeirlərini qoyun Elza Seyidcahanın şeirlərinin yanına, görün hansı daha maraqlıdı, daha enerjilidi? Məsələn, minimum 3 kitabı çıxmış AYB üzvü şairlər var – onların yazdıqlarıyla Elza xanımın yazdıqlarını müqayisə eləyin, görün bu xanım onların 90 faizinin hansından maraqsız yazır?
Bu müsabiqənin özü bütövlükdə mənasızdı, hətta ziyanlıdı. Yəni tədbirin mahiyyəti bütövlükdə bayağıdı. Elza xanımlıq problem deyil bu...”
Qeyd edək ki, ARB TV-nin efirində yayımlanacaq “Xalqın şairi” adlı yeni telelayihənin aparıcısı Mübariz Əsgərov, münsiflər heyəti Qulu Ağsəs, Baba Vəziroğlu, Elza Seyidcahan və aşıq Əhliman Rəhimovdur.