“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”

23-09-2017, 10:08           
“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlaması ortaya bir sıra suallar çıxarıb. ÜAK məsələsi Azərbaycanla Rusiya arasında ciddi soyuqluğa gətirib çıxara bilərmi? Azərbaycan etirazını məsələn, Rusiyadan silah alışını azaldacağını bəyan etməklə ortaya qoya bilər, yoxsa bu vəziyyəti daha da gərginləşdirər? ÜAK-ı başqa ad altında qurum təsis etməklə brəp eləmək olmazı?

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı məsələdə aydın olmayan bəzi məqamlar var. Ola bilsin bu, əlimizdə kifayət qədər informasiya olmamasından qaynaqlanır: “Məsələn, rəsmi Bakının bu quruma niyə bu dərəcədə həyati önəm verdiyini anlamaq çətindir. Əlbəttə, ÜAK Azərbaycan dövlətinə və hakimiyyətinə yaxın bir qurum idi, Rusiyada bir növ ”ikinci səfirlik" kimi fəaliyyət göstərirdi. Lakin ÜAK-ın ləğvini sakit qarşılayıb, diqqəti onun yerində yeni bir təşkilat qurmağa yönəltmək olmazdımı? Bunun əvəzində biz onu müşahidə etdik ki, Azərbaycan hökuməti bütün diqqətini ÜAK-ın ləğvi prosesini dayandırmağa yönəltdi, bu məqsədlə prezident Putin də daxil olmaqla, Rusiya siyasi rəhbərliyinə ardıcıl müraciətlər, çağırışlar ünvanladı. Mən düşünürəm ki, Azərbaycanın bu reaksiyası və problemi açıq müstəviyə çıxararaq siyasiləşdirməsi heç də Moskvanın xoşuna gəlmədi. Onlar bunu Rusiyanın hüquq sisteminə, Rusiyadakı hüquqi prosedurlara müdaxilə cəhdi kimi qiymətləndirdilər. Məncə, ÜAK məsələsində Rusiya tərəfinin geri addım atmamasının səbəblərindən biri bu ola bilər. Yəni Kreml nümayiş etdirmək istədi ki, Rusiya məhkəmə-hüquq sistemi müstəqildir və istər ölkənin siyasi rəhbərliyi, istərsə də başqa dövlətlər onun işinə təsir göstərə bilməz. Lakin aydındır ki, Kreml istəsə, məhkəmə qərarına müdaxilə edə və təşkilatın ləğvini əngəlləyə bilərdi. Rusiya kimi dövlətlərdə bu mümkündür. Elə Azərbaycan tərəfi də bunu gözləyirdi. Rusiya hakimiyyəti bu addıma getmədi. Bunun səbəblərindən biri, qeyd etdiyim kimi, Rusiyada məhkəmə hakimiyyətinin müstəqilliyini və siyasi iqtidardan asılı olmadığını nümayiş etdirmək ola bilər. Digər səbəb isə, düşünürəm ki, siyasi xarakterlidir və ÜAK-ın Azərbaycan dövlətinə yaxınlığı ilə bağlıdır. Moskva Rusiya azərbaycanlılarının əksəriyyətini öz ətrafında birləşdirən güclü bir təşkilatın Azərbaycan dövləti ilə yaxınlığını axıra qədər qəbul edə bilmədi. Dövlətlərarası münasibətlər nə qədər yaxşı olursa olsun, prezident Putin belə məsələlərə, yəni digər dövlətlərin rusiyadaxili məsələlərdə hər hansı rol oynamasına və təsir gücü əldə etməsinə yaxşı baxmır. Ona görə də, istisna deyil ki, ÜAK-ın Azərbaycan dövlətinə və hakimiyyətinə yaxınlığı onun ləğvində xüsusi rol oynayıb".

Ekspertin sözlərinə görə, Rusiya uzun müddətdir Azərbaycanın onun inteqrasiya layihələrinə - Avrasiya İqtisadi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını istəyir. Azərbaycanın bu yöndə qərarı hazırda böhran dövrünü yaşayan bu qurumların canlanmasına səbəb ola və onlara yeni nəfəs verə bilər: “Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının tutduğu mövqe də Moskvanı narazı salır. Hazırda həll prosesi Rusiyanın liderliyi altında aparılır və Kreml maraqlıdır ki, münaqişə məhz bu dövrdə, onun maraqları maksimum təmin olunmaqla həllini tapsın. Çünki proses uzandıqca məsələyə Qərbi təmsil edən vasitəçi ölkələrin-ABŞ və Fransanın müdaxiləsi ehtimalı artır, bu isə Rusiya üçün arzuolunmaz perspektivdir. Yəni Azərbaycanın ondan tələb olunan güzəştlərə getməməsi və bunun nəticəsində prosesin uzanması Moskvanı qıcıqlandırır. Son aylarda istər Lavrovun, istərsə də onun sözçüsü Zaxarovanın bəyanatlarında biz bu qıcığı hiss edirik. Ona görə də, istisna etmirəm ki, ÜAK-ın ləğvi Azərbaycan hakimiyyətinə ilk xəbərdarlıq ola bilər. Hadisənin dövlətlərarası münasibətlərə təsirinə gəldiksə isə, şübhəsiz ki, belə bir təsir var. Ən azı, ÜAK-ın ləğvi münasibətlərdə indiyədək müşahidə olunan pozitiv atmosferə uyğun gəlmir. Eyni zamanda, hər kəs gördü ki, Rusiya tərəfi Azərbaycanın təşkilatın ləğvinə yol verilməməsi barədə çoxsaylı müraciətlərini və çağırışlarını qulaqardına vurdu. Bu da neqativ məqamlardan biridir. Digər tərəfdən, ÜAK kimi güclü diaspora qurumunun ləğvi Azərbaycanın Rusiya ilə bağlı siyasətinin zərbə alması deməkdir və rəsmi Bakının reaksiyası da bunu göstərir. Lakin bütün bunlara baxmayaraq, mən münasibətlərdə ciddi böhranın yaranacağına inanmıram. Çünki Azərbaycan tərəfi bunda maraqlı deyil”.

Ş.Cəfərli qeyd etdi ki, ÜAK-a görə Rusiyaya cavab addımları atmaq risklidir və gərginliyi artıra bilər: “Rusiya ilə münasibətlərin pisləşməsinin hansı fəsadlara səbəb ola biləcəyini isə Bakıda yaxşı anlayırlar. Bu səbəblə, rəsmi Bakı maksimum çalışır və bundan sonra da çalışacaq ki, əlaqələr təhlükəli həddə qədər soyumasın. Lakin hər şeyə rəğmən Azərbaycan hakimiyyəti xarici siyasətdə ənənəvi balans siyasətinə sadiq qalmaq istəyir və birtərəfli seçim etməyə isti baxmır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.