Müharibə mifləri dağılır: “O cinayətlər rusların törətdiklərinə haqq vermir”
Dünən, 11:54

“Zabitlər zəif hazırlanmışdılar, əksəriyyəti gənc və təcrübəsiz idi...”
10 il əvvəl, İkinci dünya müharibəsinin bitməsinin 70 illiyi ərəfəsində Fransada “İkinci dünya müharibəsinin mifləri” adlı toplu çapdan çıxdı. O zaman kitabın redaktorları – fransız hərb tarixçiləri Olivye Vivyorka və Jan Lopesin “Radio Svobodaya” izah etdilər ki, söhbət İkinci dünya müharibəsindən sonra keçən müddət ərzində Qərb cəmiyyətində kök salmış stereotipləri aradan qaldırmaq cəhdindən gedir. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq, yeni yubiley zamanı söhbəti təqdim edirik.
“Başlıqda “mif” sözündən istifadə edirik, amma ümumilikdə o müharibədən söhbət düşərkən hətta bu gün də çox güclü olan stereotiplər nəzərdə tutulur”, – deyə Olivye Vivyorka “Radio Svoboda”nın müxbiri ilə söhbətində bildirir:
– Məsələn, belə bir stereotip var: guya Almaniya iqtisadiyyatı o qədər güclü idi ki, Üçüncü reyx effektiv sənaye maşını qura bildi. Bu fikri müdafiə edənlər düşünürlər ki, müharibənin nəticəsi Sovet İttifaqının qələbəsi yox, nasist Almaniyasının məğlubiyyəti idi; guya Hitler müxtəlif strategiyaları qarışdırmasaydı, almanlar qalib gələ bilərdilər. Reallıq isə başqadır: sovet iqtisadiyyatı da müharibə üçün lazım olan məhsulların istehsalında Almaniya iqtisadiyyatından az məhsuldar deyildi. Bu, Qərbdə bir çoxlarını təəccübləndirsə də, həqiqətdir.
Jan Lopesin fikrincə, İkinci Dünya Müharibəsinin başa çatmasından sonra görülən böyük elmi-tədqiqat işlərinə baxmayaraq, dünya tarixinin bu dövrü hələ də qızğın ictimai debatların mərkəzindədir. “Akademik tədqiqatların nəticələri ilə ictimai rəydə kök salmış fikirlər arasında uyğunsuzluq hələ də çox böyükdür. Bu səbəbdən də biz bu kitabı nəşr etmək qərarına gəldik”, – deyə Lopes müsahibəsində bildirir. O, Rusiyada – həmçinin Almaniya və Avstriyada – yayılmış bir mifə misal olaraq, Almaniyanın SSRİ-yə hücumunun guya önləyici xarakter daşıması və sovet qoşunlarının Üçüncü reyxə hücumunu qabaqlaması fikrini göstərir.
– Bu yanlış fikrə görə, "Barbarossa" əməliyyatı guya Stalinin hazırladığı hücumu cəmi bir neçə gün qabaqlayıb. Məncə, bu, İkinci dünya müharibəsi haqqında ən ağlasığmaz müasir mifdir. Məlum olduğu kimi, Viktor Suvorov–Rezunun "Buzqıran" kitabı atəşə benzin tökdü. Söhbət heç bir halda tarixi tədqiqatdan getmir. Müəllif sadəcə təxmin edir ki, Hitler Stalinin manipulyasiyasına qurban gedib. Guya Stalin Almaniyanı müharibəyə təhrik edib, özü isə uzaqdan Avropa dövlətləri ilə Berlinin bir-birini taqətdən salan toqquşmasını izləyib, sonra isə münaqişəyə güc mövqeyindən müdaxilə edərək, Avropanı tabe etmək və orada kommunizm qurmaq istəyib. Suvorovun tezisi budur. Ən pisi odur ki, heç bir tarixi sənədlərə əsaslanmayan və savaş dövrü ilə bağlı faktları saxtalaşdıran bu tezis hətta ciddi akademik dairələrdə də dəstək tapıb. Xüsusilə də Üçüncü reyxin tanınmış tarixçiləri, məsələn, Yoahim Hoffman vermaxtın SSRİ-yə hücumunun mahiyyətcə müdafiə əməliyyatı olması fikrini dəstəkləyirlər.
Fransada isə bu fərziyyə Almaniyadakından daha az dəstək qazanıb, - deyə Lopes bildirir. Kitabda özünün yazdığı bölmədə o, tarixçi və jurnalist Laşa Otxmezuri ilə birlikdə Suvorovun tezisinin faktoloji əsasdan məhrum olduğunu göstərir. “Suvorov 1939-cu ilin avqustunda ÜKP(b) və Kominternin Siyasi Bürosunun iclaslarının stenoqramlarına istinad edir. Tarixçilər artıq çoxdan sübut ediblər ki, həmin iclaslarda heç bir qərar qəbul edilməyib. Söhbət 1940-cı illərdə isveçrəli jurnalistin uydurmasından gedir”, – “Radio Svoboda”nın həmsöhbəti izah edir. “Suvorov həm də Stalinin 1941-ci il mayın 5-də hərbi məktəb məzunları qarşısında söylədiyi nitqdən sitat gətirir ki, guya artıq müdafiədən hücuma keçməyin vaxtı çatdığı bildirilib. Biz bu nitqi təhlil etdik və gördük ki, burada söhbət heç də Hitlerə müharibə elan edilməsindən getmir”.
– Məxfi şəraitdə Almaniyaya gizli hücum hazırlayan Stalinin yüzlərlə dəvətlinin qarşısında özünü ifşa edən tost söyləməsi iddiası sağlam düşüncəyə ziddir. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-nin hücumunu qabaqlasaydı, şübhəsiz, alman arxivlərində bu haqda çoxsaylı sənədlər qalardı. Amma almanların bu və ya başqa məqamda SSRİ-dən gələn təhlükəni hiss etmələri barədə bircə rəsmi sənəd belə bu günə qədər tapılmayıb. Digər tərəfdən, alman generallarının sovet hücumu barədə şayiələri təkzib etmələrini isbatlayan xeyli sənədlər mövcuddur. Hətta sənədlər var ki, SSRİ-yə hücumu planlaşdıran generallar deyirlər: Moskva birinci hücum etməklə Berlinə böyük lütf göstərərdi, amma bunu heç vaxt etməz.
Fransız tarixçinin dediyinə görə, nasist Almaniyası ilk dəfə 1941-ci il iyunun 22-də SSRİ-yə qarşı hücumunun önləyici xarakter daşıdığını bəyan edib və sonralar bu cür bəyanatları dəfələrlə təkrarlayıb: “Bu, sadəcə öz addımına haqq qazandırmaq, alman ictimaiyyətinə alman–sovet hücum etməmə paktının niyə pozulduğunu izah etmək üçün idi”.
“İkinci dünya müharibəsinin mifləri” – iyirmi üç hərbi tarixçinin kollektiv əməyidir. “Daha bir geniş yayılmış mif – 1940-cı ildə Fransanın Almaniyaya məğlubiyyətinin qaçılmaz olmasıdır. Guya Fransanın tankları və əsgərləri Hitlerin ordusundan az idi. Halbuki Almaniyanın 1940-cı ildəki qələbəsi daha çox uğurlu təsadüflərin nəticəsi idi, nəinki Fransa ordusunun zəif hazırlığının”, – deyə Olivye Vivyorka bildirir.
Jan Lopes ön növbəsində izah edir ki, 1941-ci il üçün Qırmızı ordu bir çox cəhətdən Almaniya silahlı qüvvələrindən güclü və müasir idi. O, belə bir nümunə gətirir: SSRİ-nin daha çox tankı vardı və onlar çox vaxt daha təkmil idilər. Sovet artilleriyasının atəş gücü də vermaxtdan xeyli üstün idi. “Rusların problemi texnikada deyildi. Yaxşı texnikaya malik olmaq azdır, onu idarə etməyi bacaran və düzgün taktiki doktrinaya əməl edən insanlar da lazımdır. Daha önəmlisi – düzgün operativ konsepsiya vacibdir. Qırmızı ordu iki əsas problemlə üzləşmişdi: birincisi – Stalinin mümkün alman hücumuna hazırlığı qadağan etməsi (Almaniyanı təhrik etməmək məqsədilə); ikincisi – sovet ordusu Vətəndaş müharibəsi dövrünün hərbi doktrinasının girovuna çevrilmişdi. Marşal Tuxaçevskinin doktrinası sadə idi: 'Ən yaxşı müdafiə – dərhal və kütləvi əks-hücumdur.'"
– Bu, tamamilə yalnış doktrina idi və hələ çar dövrünün dərin strateji müdafiə zərurətindən bəhs edən ənənəvi Rusiya hərbi doktrinasına zidd idi. Qırmızı ordu, nəhəng potensialına baxmayaraq, nə hücuma, nə də müdafiəyə hazır deyildi. Faktiki olaraq heç nəyə hazır deyildi və nə istədiyini dəqiq bilən rəqibin qəfil hücumuna tuş gəldi.
Lopes davam edir ki, həmin dövrdə vermaxt dünyada ən yaxşı hərbi kadrlara malik idi. Almaniyanın qələbələr siyahısını və dünyada ən güclülərdən biri hesab edilən Fransa ordusunu necə asanlıqla darmadağın etdiyini və Yuqoslaviyanı bir neçə günə məğlub etməsini xatırlamaq kifayətdir.
– 1930-cu illərin Sovet hərbi təfəkkürü orijinallıqdan məhrum deyildi, burada müasir müharibəyə sağlam baxışı əks etdirən və "operativ sənət" adlandırılan bir yanaşma vardı. Lakin bu, ümumi strateji və operativ konsepsiyadır. Problem təfərrüatlarda, sovet hərbi kadrlarının taktiki cəhətdən hazır olmamasında idi. Sovet zabitləri müqayisə olunmayacaq şəkildə zəif hazırlanmışdılar, onlarda praktik təcrübə çatışmırdı, əksəriyyəti çox gənc və təcrübəsiz idi. Bu isə 1937–1941-ci illər arasında sovet silahlı qüvvələrinin çox sürətli şəkildə say artımı ilə izah olunur. O zaman zabitlərin sayı yeddi dəfə artmışdı.
Olivye Vivyorka başqa bir mif nümunəsini – Perl Harboru – qeyd edir. Onun sözlərinə görə, hesab edilir ki, müharibənin başlanğıcı amerikalılar üçün fəlakətli olub: "Gerçəklikdə isə Perl Harborda baş verən məğlubiyyət elə də əhəmiyyətli deyildi, bu, Yaponiya üçün həlledici qələbə də deyildi, daha çox yapon strateqlərinin tələsik demarşı idi". Tarixçi həmçinin hesab edir ki, İkinci dünya müharibəsində fransız müqavimət hərəkatının rolu da şişirdilir.
– Fransız müqaviməti kəşfiyyat məlumatlarının əldə olunması baxımından mühüm rol oynasa da, hərbi baxımdan əhəmiyyəti düşünüləndən xeyli məhdud idi. Eyni şey "Azad Fransa" antinasist hərəkatının silahlı qüvvələri olan "Azad Fransa qüvvələri"nə də aiddir. Onlar mühüm rol oynamışdılar, amma qazandıqları qələbələrin önəmini də şişirtmək olmaz. Məsələn, onların Küfrə döyüşündəki qələbəsi, məsələn, Britaniya ordusunun Əl-Əlameyndə əldə etdiyi qələbədən qat-qat az əhəmiyyətli idi.
Fransız tarixçilər müharibə dövrü ilə bağlı bütün faktların geniş ictimaiyyətə məlum olmadığı haqda ortaq düşüncəyə sahibdirlər. "Araşdırmalar üçün çox geniş sahə qalır", –Olivye Vivyorka əmindir.
– Biz bu gün həmin müharibə ilə bağlı iyirmi il, ya da daha əvvəllər verilməyən suallar veririk. Məsələn, qadınların İkinci dünya müharibəsində oynadığı rol bizi maraqlandırır; otuz il əvvəl bu mövzu heç kim maraqlandırmırdı. Gender tədqiqatları kimi bir sahənin inkişafı ilə qadınların rolu İkinci dünya müharibəsinin tarixinin öyrənilməsində çox mühüm bir elementə çevrilib. Bir çox tarixçilər müharibənin yalnız kişilərin işi olması haqda fikrə yenidən baxırlar.
Qərb akademik dairələrində Sovet İttifaqının müharibədən sonrakı illərdə sovet işğal zonalarında apardığı siyasətə münasibət də tədricən dəyişir:
– Məsələn, bu gün artıq belə bir fakt qəbul olunur ki, sovet ordusunun Berlindəki hərbi administrasiyası, bütün çətinliklərə baxmayaraq, şəhəri yaşamaq üçün zəruri olan vasitələrlə təmin etməyə çalışırdı, çünki onlar alman mülki əhalisində Qırmızı orduya qarşı müsbət fikir yaratmaq istəyirdilər. Bu, əlbəttə, Qərbdə yayılmış "Qırmızı ordu yalnız zorlayanlardan ibarət idi" fikri ilə ziddiyyət təşkil edir.
Jan Lopes əmindir ki, "İkinci dünya müharibəsinin mifləri" adlı kitab oxucular tərəfindən Kremlin rəsmi mövqeyinin əksi kimi qəbul olunmayacaq. Baxmayaraq ki, bəzi mövzularda kitab müəlliflərinin fikirləri Rusiya rəsmilərinin bəyanatları ilə üst-üstə düşür. "Bu kitabın təkzib etdiyi miflər Qərbdə hələ də geniş yayılıb, onlar İkinci dünya müharibəsi dövründəki təbliğatın uzaq əks-sədasıdır", – deyə o, “Radio Svoboda”ya izah edir.
– Tamamilə aydındır ki, Putinin rusiyalılara təqdim etdiyi "Böyük Vətən Müharibəsi" versiyası miflərlə doludur. Məsələn, ABŞ-nin hərbi yardımının SSRİ-nin müdafiə potensialının formalaşmasında ikinci dərəcəli rol oynadığı iddiasını götürək. Bu, reallığa uyğun deyil. Marşal Jukovun özü 1960-cı illərdə etiraf edirdi ki, ABŞ-nin genişmiqyaslı logistik dəstəyi olmadan Qırmızı ordu Berlini ala bilməzdi. Bu gün Rusiyada Hitlerlə Stalin arasında bağlanmış pakt barədə mümkün qədər az danışmağa çalışırlar. Hər şey elə təqdim olunur ki, guya Stalin yalnız vaxt qazanmağa çalışırdı. Lakin tarixi tədqiqatlar göstərir ki, Stalinin daha uzağa gedən planları vardı. Stalin, obyektiv danışsaq, İkinci dünya müharibəsinə başlamaqda Hitlerə kömək etmişdi. Moskvanın danışmaq istəmədiyi başqa bir məsələ də sovet ordusunun Almaniyada törətdiyi hərbi cinayətlərin miqyasıdır. Minlərlə alman qadın zorlanmış, onminlərlə mülki şəxs 1945-ci ildə sovet əsgərləri tərəfindən yalnız Almaniyada deyil, həmçinin Macarıstanda və Rumıniyada qətlə yetirilmişdi. Bütün bunları inkar etmək mümkün deyil. Buna baxmayaraq, Moskva bu tarixi reallığı rədd edir və ona qarşı digər, eyni dərəcədə dəhşətli bir tarixi gerçəkliyi – almanların SSRİ-də törətdiyi hərbi cinayətləri irəli sürür.
Lopesin fikrincə, söhbət tamamilə fərqli problemlərdən gedir. Nasistlər SSRİ-nin bir çox xalqlarına qarşı dəhşətli cinayətlər törətmişdilər, lakin bu, çoxdan məlumdur və haqqında çox danışılıb. Amma bu, rusların törətdiyi cinayətlərə bəraət vermir. "Yəni bu günün Rusiyasında həmin dövrlə bağlı kifayət qədər mif var və bizim kitab heç bir halda hərbi tarixi yenidən yazmağa çalışanların əlinə oynamır", – deyə fransız tədqiqatçı vurğulayır.
Hazırladı: Yadigar Sadıqlı