Pambıqçılığa davammı, tamammı...

18-11-2017, 10:16           
Pambıqçılığa davammı, tamammı...
Qubad İbadoğlu: “100 milyonlarla investisiya yatırılan pambıqdan hazırlanan aralıq məhsulların ixracatı 0,5 faizlik paya belə malik deyil”; Vahid Məhərrəmli: “Pambıqçılığı ölkə iqtisadiyyatında yenidən aparıcı sıraya çıxarmaq mümkündür”

Artıq iki ildir ki, Azərbaycanda pambıq istehsalı aqrar sektor üzrə əsas prioritetlərdən biri elan edilib. Dövlət pambıq istehsalçılarını dəstəkləmək üçün emal müəssisələrinə təhvil verilən pambığın hər kiloqramına 10 qəpik subsidiya ayırır. Bundan əlavə, pambıq becərilməsində istifadə olunan texnika və avadanlıqların güzəştli qiymətlərlə və lizinq yolu ilə istehsalçılara satışı həyata keçirilir.

Bununla yanaşı, ölkə rəhbərliyinin tapşırığı əsasında pambığın alış qiymətinin artırılması üçün emal müəssisələri ilə razılıq əldə olunub. Nəticədə ötən ildən birinci növ pambığın bir tonu üzrə satınalma qiyməti 410 manatdan 500 manata, ikinci növü üzrə 390 manatdan 470 manata, üçüncü növü üzrə 370 manatdan 440 manata, dördüncü növü üzrə isə 350 manatdan 400 manata qaldırılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanda 52,1 min hektardan 87,3 min ton pambıq yığılıb, bu da 2015-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur. Bu il respublika üzrə cəmi 136 413,2 hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə 5,8 dəfə çoxdur. Bu sahələrdən 200 min ton pambıq yığılması planlaşdırılır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin “Xarici iqtisadiyyatın vəziyyəti barədə” arayışına əsasən, 2016-cı ildə Azərbaycandan xaricə 9 min 362.50 ton pambıq iplik satılıb, 18 milyon 013.28 min dollar gəlir əldə olunub. Bu məhsulun böyük hissəsi Rusiyaya, bir qismi Türkiyəyə, Ukraynaya, Belarusa və digər ölkələrə satılıb. 2017-ci ilin yanvar-oktyabrında isə 5 971.82 ton pambıq iplik ixracından 13 milyon 496.86 min dollar gəlir gəlib.

Azərbaycandan həmçinin pambıq lifi ixrac olunur. 2016-cı ildə 5 083,4 ton lifin satışından 6 milyon 039,6 min dollar əldə edilib. Bu məhsulun böyük hissəsini Türkiyəyə satmışıq. 2017-ci ilin yanvar-oktyabrında isə 20 607.40 ton pambıq lifi ixrac edərək, əvəzində 28 milyon 108.20 min dollar gəlir götürmüşük.

Azərbaycan çox kiçik pambıq ölkəsidir

Azərbaycan pambıqçılıq sahəsində dünya bazarında hansı mövqedədir? Hazırda pambıqçılıqdan əldə olunan gəlirlər əkin sahələri və dövlət subsidiyalarına nə qədər adekvatdır? İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, noyabrin 1-nə olan son məlumatlara əsasən Azərbaycanda 154,3 min ton pambıq yığılıb ki, bu da ötən ilki göstəricidən 3,5 dəfə və ya 110, 2 min ton çoxdur: “Bunun başlıca səbəblərindən biri pambıq əkin sahələrinin dəfələrlə genişləndirilməsidir. Amma Azərbaycanda yaxın gələcəkdə pambıq əkin sahələri kəskin artırılsa da, o, Özbəkistanla müqayisədə çox azdır. Belə ki, Özbəkistan 2016-17-ci təsərrüfat ilində kənd təsərrüfatlı təyinatlı torpaqların 36-37 faizində və ya 1 milyon 255 min hektarında pambıq əkmişdi. Bu isə Azərbaycanın ən çox pambıq əkdiyi 1982-ci ildəki 305 min hektar göstəricisindən 4,5 dəfə çoxdur. Eyni zamanda məlumat üçün onu da qeyd edim ki, Özbəkistanın ərazisi 447 min 400 kvadrat kilometrdir ki, bu da Azərbaycanın inzibati ərazisindən 5 dəfəyədək çoxdur. Hazırda Özbəkistan əhalisinin 60 faizindən çoxu kənddə yaşayır, iş qüvvəsinin 44 faizi kənd təsərrüfatı bölməsində məşğuldur. Özbəkistan son illər ərzində dünya bazarına 1 milyon ton pambıq çıxararaq ildə orta hesabla 1 milyard dollar qazanıb. Hazırda ixracat gəlirlərinə görə Özbəkistan dünyada 11-ci yerdədir. İlk onluğa ardıcıl olaraq Çin, Hindistan, ABŞ, Pakistan, Vyetnam, Türkiyə, İtaliya, Braziliya və Almaniya daxildir. Qiymətləndirmələr göstərir ki, Azərbaycan bu sirada yaxın illərdə ilk 25-liyə belə düşə bilməyəcək. Belə ki, ilk 25-də ildə orta hesabla 500 min ton pambıq istehsal edən ölkələr yer alır. Azərbaycanın isə hədəfi 300 min tondur. İstehsalın 500 min tona qaldırılması ilk beşillikdə mümkün görünmür. Çünki ölkədə əkinəyararlı torpaqların çox hissəsi pay torpaqları və bələdiyyələrin uzunmüddətli icarəyə verdiyi və satdığı torpaqlardan ibarətdir ki, onun da üzərində sərəncam vermək hüququ əsasən xüsusi mülkiyyətçilərə məxsusdur”.

Məhsuldarlıq problemi: səbəbi nədir

İqtisadçı-alim deyir ki, pambıqçılıq əmək tutumlu sahədir: “Bu sahədə istehsal zənciri həmçinin yeni iş yerlərinin yaradılmasına gətirib çıxarır. Odur ki, pambıqdan alınan müxtəlif məhsulların istehsalına yönələn sənaye siyasəti qurulmalıdır. Eyni zamanda vacib məsələlərdən biri əməyin dəyərinin layiqli ödənilməsi üçün qazanılan gəlirlərin ədalətli paylanmasıdır. 2015-cı illə müqayisədə pambıq istehsalı və emalı müəssisələri satınalma qiyməti artırılsa da, hazırda manatın devalvasiyası və mövcud inflyasıya şəraitində bu, yetərli deyil. Məlumat üçün qeyd edim ki, hazırda 1 ton pambığın dünya bazar qiyməti 1520 dollar və ya hazırkı məzənnə ilə 2585 manat təşkil edir. Bu isə o deməkdir ki, 1-ci növ pambıq yetişdirən fermerlərə satışdan əldə edilən gəlirlərin 22 faizi çatacaq ki, onun da çox hissəsi fermerin xərclərindən ibarətdir. Bu halda fermerlərin ciddi qazanc əldə edə bilməyəcəyi aydın olur.”

Hazırda Azərbaycan pambıq lifi və ipliyi ixrac edir. Ekspert deyir ki, pambıq lifi ixracatda 12-ci əsas məhsul sayılsa da, onun cəmi ixracatda xüsusi çəkisi 0,31 faizdir. İxracat məhsulları arasında 13-cü yerdə qərarlaşan pambıq ipliynin cəmi ixracatda payı isə 0,15 faiz olub: “Göründüyü kimi, 100 milyonlarla manat investisiya yatırılan pambıqdan hazırlanan aralıq məhsulların ixracatı cəmi ixracatda heç 0,5 faizlik paya belə malik deyil və onların ixracatında əldə edilən gəlirlər bu ilin 10 ayında 43,6 milyon dollar təşkil edib. Bu da meyvə-tərəvəz idxalından əldə edilən valyuta gəlirlərinin 12 faizi deməkdir.” Bütün bunları nəzərə alaraq, Q.İbadoğlu Azərbaycanda pambıqdan son məhsul istehsalının inkişafına nail olunmasını zəruri sayır.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, aqrar sektor üzrə mütəxəssis olan Vahid Məhərrəmlinin sözlərinə görə, pambıqçılığı ölkə iqtisadiyyatında yenidən aparıcı sıraya çıxarmaq mümkündür. Lakin bunun üçün qərarların inzibati yollarla deyil, istehsalçılar tərəfindən könüllü qəbul olunması lazımdır. Onun fikrincə, hazırda Azərbaycanda pambıq istehsalında məhsuldarlığın aşağı olmasının başlıca səbəbi məhz budur: “2005-ci ildə sentyabr və oktyabr aylarında 196 min ton pambıq tədarük olunmuşdu. Halbuki o vaxt indiki qədər texnika yox idi, prezident pambıq istehsalını iqtisadi cəhətdə prioritet hesab etmirdi və pambıqçılığın inkişafına yüz milyon dollarla vəsait xərclənmirdi. Ümumiyyətlə, istehsal vasitələrinə dövlət büdcəsindən hansısa formada vəsait ayrılmamışdı. Fermerlər və kəndlilər öz resursları hesabına 196 min ton keyfiyyətli pambıq istehsal etmişdilər.

İndiki şəraitdə isə pambıqçılıq üçün xeyli vəsait ayrılır, müxtəlif sənədlər imzalanır və xüsusən də hökümət bu sahəyə diqqəti artırdıqdan sonra ən aşağı göstərici keçən il oldu. Keçən il hər hektardan 1,73 sentiner məhsul əldə edilmişdi və bu qədər məhsul yalnız fermerlərin xərcini ödəmişdi. Bu il isə pambıq sahələrinin xeyli artmasına baxmayaraq, məhsuldarlıq iki dəfə aşağı düşüb. Əgər 2005-ci ildə kəndlilər öz hesabına bu qədər sahə əksəydilər, pambıq tədarükü yarım milyonu ötərdi".

Qeyd edək ki, Azərbaycanda pambıq yığımının ən səmərəli dövrü sentyabr ayı hesab olunur. Sovet dövründə bir qayda olaraq noyabrın 5-6-a qədər pambıq yığımına yekun vurulurdu. Son 2 ildə isə pambıq yığımı bəzən dekabrın sonuna qədər davam edir. Bu da təbii ki, tədarük olunan pambığın keyfiyyətinə ciddi təsir göstərir. Bir qayda olaraq, avqustun son 10 günlüyündə və sentyabr ayında yağışlar düşənə qədər tədarük olunan pambıq keyfiyyətinə görə birinci sinif pambıq hesab olunur. Oktyabrın birinci yarısında tədarük olunan pambıq ikinci sinif, daha sonra tədarük olunan pambıq isə, 3-cü və 4-cü sinif hesab olunur.

V.Məhərrəmli bildirir ki, yağış yağandan sonra yığılan pambığın keyfiyyəti çox aşağı düşür və orada çiyidin çürüməsi prosesi gedir: “Həmin çiyiddən nə heyvandarlıqda, nə də toxumçuluqda istifadə etmək mümkün olmur. Biz bu vəziyyəti keçən il də yaşadıq.”

Kənd Təsərrüfatı Nazirliyinin siyasəti yanlışdır

Maraqlıdır ki, bəzi rayonlarda pambıq əkinlərinin sahəsi azalıb. Məsələn, ötən il Samux rayonunda 300 hektar sahədə pambıq əkilmişdisə, bu il bu göstərici 53 hektara düşüb. Ekspert deyir ki, bu, inzibatçılığın nəticəsidir: “Artıq fermerlər də bu sahədən yayınır. Buna görə də pambıq əkini üçün artıq bələdiyyə fəallarına, yerli icra nümayəndələrinə, məktəb direktorlarına tapşırıq verilir. Bu da inzibati-amirlik sistemini yaradır. Bir sözlə, bu sahə üzrə Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasət yanlışdır. Ümumiyyətlə, dövlət bu sahəyə müdaxilə etməməlidir. Dövlət bizneslə məşğul olmamalıdır və bu işin təşkilatçısına çevrilməməlidir. Dövlət sadəcə olaraq, maraq yaratmalı və ədalətsizliyi aradan qaldırmağa çalışmalıdır.”

V.Məhərrəmlinin sözlərinə görə, bu gün pambıqçılıq sahəsindən gəlir əldə edənlər emalçılar və ixracla məşğul olan inhisarçılardır: “Əkin və yığımla məşğul olan fermerlər bu sahədən gəlir əldə edə bilmir. Halbuki ən ağır işləri fermerlər və yığımı həyata keçirən kəndlilər görür. Birmənalı olaraq deyə bilərəm ki, hökumət bu işə əl qoyduğuna görə pambıqçılıq sahəsi geriləyir və nəticədə dövlət büdcəsinə də maliyyə vəsaiti daxil olmayacaq. Yəni dövlətin ayırdığı pullar yerlərdə havaya sovrulur”.

Mütəxəssisin fikrincə, pambıqçılığı istehsalçılar üçün gəlirli sahəyə çevirməyin tək yolu onların könüllü olaraq bu bitkinin əkininə başlamasına nail olmaqdır: “Kəndlilərə və fermerlərə müstəqillik verilməlidir. Rəqabət qabiliyyəti üçün hansı məhsulun istehsalı ilə məşğul olmağı onların özü seçməlidir. Ən əsası seçdikləri istehsal sahələri onlara fayda verməlidir. Əgər belə olarsa, fermerlər əldə etdikləri gəlir hesabına daha çox vergi ödəyicisi olarlar, özləri və ölkənin təminatını ödəyə bilərlər. Sahibkarlara şərait yaradılmalıdır ki, seçimlərini sərbəst etsinlər. Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərin işlərinə müdaxilə etmək əvəzinə, hər rayondan bir neçə fermeri İsrailə, ABŞ-a yollasın və onlar da orda yeni texnologoya ilə bağlı bilgilər və təcrübələr əldə eləsinlər. Ordakı bazarlarda pambığın alışı və satışı formalarını, pambığın keyfiyyəti və aqrotexniki qaydalarla bağlı məlumatları öyrənsinlər. Eyni zamanda Azərbaycanda bu sahə üzrə bilikli aqronomların hazırlanmasına şərait yaradılmalıdır. Bu aqronomların da təcrübələri təbii ki, xaricdə olmalıdır.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.