Ermənilər Rusiyaya qarşı - Rusiya diplomtları çıxarılsın
27-03-2018, 10:48

Ermənistandan Rusiya əleyhinə sanksiyalara dəstək çağırışı səsləndi; işğalçı ölkədə anti-Rusiya isteriyası güclənir; Moskvanın reaksiyası nə olacaq?..
BMT-nin Əhali Fondunun sonuncu hesabatına görə, Ermənistan əhalisi qocalan toplumlar həddinə yaxınlaşıb. “Yeni Müsavat” həmin sənədə istinadən xəbər verir ki, artıq 2050-ci il üçün erməni əhalisinin 1/4-ni 65 yaşından yuxarı qocalar təşkil edəcək ki, bu da doğumun azalması və yüksək emiqrasiya tempi ilə əlaqələndirilir. Statistik məlumatlara görə, təkcə son 10 ildə Ermənistan yarım milyon adam itirib.
Şübhəsiz ki, belə vəziyyətə Ermənistan rəhbərlərinin apardığı ağılsız siyasət gətirib. O siyasət ki, nəinki Ermənistanı monoetnik ölkəyə çevirməklə, üstəlik, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə aparmaqla erməni xalqını qonşu xalqlarla vəhdətdə normal inkişafdan məhrum edib. Artıq aydındır ki, İrəvan işğalçı siyasətə son qoymayınca, Dağlıq Qarabağı öz hüquqi sahibinə qaytarmayınca, erməni xalqının durumu da yaxşıya dəyişməyəcək; Ermənistan dünya erməniləri üçün cəzbedici məkana çevrilməyəcək. Əksinə, blokada rejimi daha da sərtləşəcək və bundan da ağır fəsadlar verəcək.
Fəsadlardan biri odur ki, bu gün milyonlarla erməni indiki Ermənistanın sərhədləri xaricində yaşayır. Onların böyük hissəsi assimilyasiya olub və çətin ki, Ermənistana geri qayıtsın. Qafqazın bugünkü çoxmillətli və rəngarəng xəritəsində isə Ermənistan ərazisi olduqca solğun, ləkə kimi görünür. Ekspertlərə görə, bunun tək səbəbi başqa xalqların zorla sıxışdırılaraq çıxarılması və yerində yüz faizlik monoetnik erməni əhalisinin qalmasıdır.
*****
Yerdə qalan əhalinin də kütləvi köçü ilbəil güclənir - ən əvvəl bitməyən Qarabağ ixtilafına görə. 2016-cı ilin 4 günlük aprel müharibəsindən sonra emiqrasiya xüsusilə böyük miqyas alıb və artıq Ermənistanda işğalçı orduya çağırışçı problemi yaşanır. Yeri gəlmişkən, təxminən iki il öncə Rusiya prezidenti Vladimir Putin Moskvadakı tədbirlərin birində bu ölkədəki erməni diasporunun rəhbəri Ara Abramyandan Rusiyada nə qədər erməninin yaşadığını soruşmuşdu. Abramyan isə hansısa rəqəm haqda danışanda Putin onun sözünü kəsərək demişdi ki, “Rusiyada Ermənistandakından da çox erməni yaşayır”.
Yəni Putin bununla ermənilərə xatırlatmışdı ki, nəinki Ermənistanı, bütövlükdə erməni xalqını ayaqda saxlayan, acından ölməyə qoymayan məhz Rusiyadır. Rusiyanın hərtərəfli himayəsi olmasa, Ermənistan heç quberniya statusuna da iddia edə bilməz və Azərbaycan qarşısında kağız üstündəki suverenliyini belə itirər. Dağlıq Qarabağ və ərafındakı ərazilərin qısa zamanda erməni işğalından azad olunacağı da öz yerində. Bu gün həmin ərazilərin işğalda qalmasının yeganə səbəbkarı, şübhəsiz ki, erməni deyil, Kremldir.
*****
Maraqlıdır ki, Rusiyadan bunca asılı olan, obrazlı desək, onun “çörəyini yeyib suyunu içən” Ermənistanda nə qədər əcaib görünsə də, Kremlə qarşı sanksiyalara dəstək ifadə olunur, Qərb ölkələrinə, Britaniyaya həmrəylik çağırışları səslənir. Balanslı siyasət aparan Azərbaycanda yox, vassal Ermənistanda!
Belə ki, Ermənistan parlamentinin sabiq deputatı, qloballaşdırma və regional əməkdaşlıq üzrə analitik mərkəzin rəhbəri Stepan Qriqoryan NATO və Avropa Birliyi (AB) ölkələrini Britaniyanı dəstəkləməyə və rusiyalı diplomatları ölkələrindən qovmağa çağırıb. Qriqoryan Çexiyanın “Avropa dəyərləri” qeyri-hökumət siyasi institutunun saytında dərc edilmiş açıq məktubu dəstəklədiyini bildirib.
“Biz NATO və AB-dəki müttəfiqlərimizi britaniyalı dostlarımıza qoşulmağa və rusiyalı kəşfiyyatçıları ölkələrindən çıxarmağa səsləyirik. Bu cür təşəbbüs Kremlə nümayiş etdirəcək ki, bir ölkəyə hücum hamıya hücumdur və bu imkan verəcək ki, müttəfiqlər öz ərazilərində Rusiya kəşfiyyatının imkanlarını zəiflətsinlər” - məktubda deyilir. Məktubda həmçinin qeyd olunub ki, Vladimir Putinin rəhbərliyi altında beynəlxalq təcavüz soyuq müharibə illərindən bəri misli görünməmiş hal alıb.
*****
Doğrudur, Rusiya öz maraqlarını regionda və dünyada qorumaq üçün bütün məqbul və qeyri-məqbul üsullara, yeri gələndə hərbi təcavüzə əl atır. Ancaq bu reallığa başqa bir təcavüzkar ölkədən - Ermənistandan, özü də bu şəkildə etiraz gəlməsi, yumşaq desək, siyasi riyakarlığın zirvəsidir. Çünki ən azı, ermənilər Rusiya məsələsində susmalıdırlar - hansı ölkənin hesabına ki, Azərbaycan torpaqlarının işğalını davam etdirirlər, Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə siyasəti aparıblar. Paralel surətdə Rusiyanın Güney Qafqazda əsas hərbi qalası, onun geosiyasi maraqlarının dayağıdırlar.
Ayrı sözlə, bu kimi açıqlamalar hətta hansısa keçmiş deputatın və ya politoloqun dilindən səslənsə belə, Ermənistanda “iki stulda” oturmaq siyasətinin və Qərbə reveransların təkcə hakim qüvvədən qaynaqlanmadığını təsdiqləyir və xarici sərhədlərini belə rusların qoruduğu marionet Ermənistanın Rusiyaya qarşı nankorluğunun, istənilən an Qərbə satılmaq istəyinin növbəti bariz sübutudur. Yəni Qriqoryan tək özünü yox, əslində erməni ictimai-siyasi kəsiminin ovqatını ifadə edib. Adama deyərlər, sən öncə öz ərazindəki - Ermənistandakı Rusiya hərbi bazalarının çıxarılmasına çağırış elə, buna çalış, gör mümkünmü?
Moskvada yəqin ki, belə açıqlamaları, bütövlükdə son vaxtlar Ermənistanda güclənən anti-Rusiya isteriyasını diqqətlə izləyirlər. Yəqin ki, lazımi anda “düymə”yə basılacaq. Necə? Bunu görəcəyik. Əlavə edək ki, dünən Skripal olayına görə bir sıra Avropa ölkələrindən rusiyalı diplomatların kütləvi qovulması gözlənilirdi...
“Yeni Müsavat”ın analitik xidməti