“Allah haqqı, dava olmayıb, iki şagird bir-birini sillələyib” - Məktəb direktorundan əcaib açıqlama

7-04-2018, 12:40           
“Allah haqqı, dava olmayıb, iki şagird bir-birini sillələyib” - Məktəb direktorundan əcaib açıqlama
Bir neçə gün bundan əvvəl saytımızda “Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub” sərlövhəli yazı dərc olunub. Yazıda adıçəkilən Mingəçevir 11 saylı məktəbin direktoru Sevil Əlişova bununla bağlı redaksiyamıza məktub göndərib.

Xatırladaq ki, saytda gedən xəbərdə Mingəçevir şəhərindəki 11 saylı məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi davadan bəhs olunub. Bildirilib ki, dava zamanı 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub.

Yazıda adıçəkilən məktəbin direktoru S.Əlişova isə Hurriyyet.org-a məktub göndərərək, materialın təkzib olunmasını istəyib. O məktubunda bildirib ki, şagird dava zamanı yox, tənəffüsdə yıxılıb: “Biz məktəb rəhbərliyi olaraq sizə bildiririk ki, bu məlumat tamamilə yalnışdır. Sözü gedən şagird tənəffüs zamanı ehtiyatsızlıq üzündən yıxılaraq azacıq zədə almışdır və tamamilə sağlamdır”.

Amma faktın təkzib olunmasını istəyən direktor xanım əməkdaşımıza verdiyi açıqlamada dolayı da olsa məktəbdə hadisənin baş verdiyini təsdiqləyib. Daha doğrusu, öncə uşağın yıxılıb xəsarət aldığını, daha sonra isə şagirdlər arasında qarşıdurma olduğunu deyib: “Məktəbdə kütləvi dava olmayıb. Sadəcə, tənəffüsdə uşaqlar biri-birini itələyib. Bir başqa uşaq da bunu çəkib”.

Direktorun deməsindən belə anlaşılır ki, 9-cu sinif şagirdləri arasında kütləvi dava yox, iki nəfərin qarşıdurması olub: “İki nəfər 9-cu A sinfinin şagirdləri Əli ilə Vasifin arasında mübahisə yaranıb. Deyəsən, Əli söyüş işlədib. Vasifin də bacısı o sinifdə oxuyur. O da həmin məqamda orda olub. Vasif bundan əsəbiləşib deyə durub Əliyə bir sillə vurub ki, mənim bacımın yanında niyə pis söz danışırsan. Vəssalam. Olan ancaq budur. Yəni yazıda deyildiyi kimi vintaçanla vurulub, filan, belə söhbətlərin hamısı yalandır. O söhbətlər hardan çıxıb, mən də bilmirəm”.

Direktor iddia edir ki, nə Vasif, nə də Əli bir-birinə xəsarət yetirməyib: “Onların bir-birini vurması, xəstəxanaya düşmələri söhbəti də yalandır. O uşaqların valideynləri qohumdur. Onlar da məəttəl qalıblar ki, bu söhbət necə baş verib”.

“Bəs redaksiyamıza göndərdiyiniz məktubda uşağın yıxılaraq xəsarət aldığını yazmısız” sualınasa S.Əlişova qeyri-müəyyən cavab verib: “Demək istəmişəm ki, vurmaq, döymək olmayıb. Əgər zədə alıbsa, uşaq özü bunu eləyib. Mən həmin fikri o mənada yazmışam. Biz təhsil şöbəsinə getdik, həmin məktubu orda tələsik yazdıq. Yəni demək istəyirdik ki, o yazıda göstərildiyi kimi, heç kim xəsarət almayıb, nə də xəstəxanaya aparılmayıb.”

Söhbət əsnasında direktor yazıdakı şəkilə də etirazını bildirdi: “O şəkil iki il bundan qabaq Mingəçevirdə 13 saylı məktəbdə baş verən davanın şəklidir. O şəklin bu davaya heç bir aidiyyatı yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.