İslam üstündür, yoxsa dövlət marağı? - Xomeyni ilə Kardinal Rişelyeni birləşdirən dəyər

8-04-2018, 11:40           
İslam üstündür, yoxsa dövlət marağı? -  Xomeyni ilə Kardinal Rişelyeni birləşdirən dəyər
İslam, yoxsa dövlət marağı? Hansı üstündür? İran İslam İnqilabının rəhbəri Ruhullah Musəvi Xomeyninin bu suala cavabına diqqət edəcəyik. O, 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvini devirdi və şiəliyi dövlət ideologiyası səviyyəsinə qaldırdı. Şəriət üsulu ilə idarə olunan ölkədə hüdudsuz hakimiyyətə sahib olan Ayətullah əl-üzma ilə hazırda Tehranın müvəqqəti imam cüməsi olan Ayəttullah Məhəmməd İmami Kaşani arasında 1988-ci ildə kiçik, ancaq tarix üçün son dərəcə önəmli bir söhbət olub. O vaxt cənab Xomeyninin 86 yaşı vardı və cəmi bir il sonra o, əbədiyyətə qovuşacaqdı. İki ayətullah arasındakı söhbət haqqında Behrooz Ghamari-Tabrizi (ingilisdilli variantda belədir) öz məqaləsində yazıb. Böyük ehtimalla o, Güneydən olan soydaşımızdır. İxtisasca tarixçidir, İllinoys Universitetinin professorudur və İranla bağlı Qərb mediasında mütəmadi çıxış edir. Öncə İran İslam İnqilabının alovlu müdafiəçisi olub, daha sonra isə hadisələrə daha praqmatik yanaşmağa çalışıb...
İmami Kaşaninin bir sıra fikirləri Qərb mediasında da müzakirə olunub. Bu mənada onun aşağıdakı fikrinə tez-tez istinad edilir: “ Siz (Qərb ölkələri nəzərdə tutulur. E.H) Əl-Qaidə haqqında danışırsız. Artıq Əl-Qaidəni əkib-doğanını kimliyini unutdunuzmu? Bu bic doğulmuş uşağı Amerika və İsrail yaratdı və ona İslam adı verdi. Bu vəhşətin İslama dəxli yoxdur. Əl-Qaidə sizin bətninizdən çıxıb və indi sizə təpik atır”....
Cənab Kəşani dini işlərlə məşğul olan Konstitusiya Məhkəməsində (The Guardian Council of the Constitution) və dövlət işləri ilə məşğul olan Nizamın Məsləhət Şurasının ( Expediency Discemment Council) üzv idi. Parlamentlə Konstitusiya Məhkəməsi arasındakı anlaşılmazlıqları nizama salanlardan biri kimi tanınırdı. Cənab Xomeyni isə hər iki quruma rəhbərlik edirdi.
İndi isə təbrizli professorun vurğuladığı məqama nəzər salaq. Cənab Kəşani üzünü rəhbərə tutaraq soruşur: ”Çaşqınlıq içindəyəm. Səhərlər Konstitusiya Məhkəməsinə gedirəm. Orada islamın maraqlarından çıxış edirəm. Axşamlar isə Nizamın Məsləhət Şurasınına qatılıram. Orada isə dövlətin maraqlarını müdafiə edirəm. Bunlardan hansı üstün tutulmalıdır”? İslam İnqilabını həyata keçirmiş şəxs sekulyar liderə xas ola biləcək inqilabi bir fikir səsləndirir: “Axşam gördüyünüz işin önəmi böyükdür. Səhər gördüyünüz işləri isə unudun”. Ağlasığmaz açıqlamadır. Cənab Xomeyni birmənalı şəkildə vurğulayır ki, dövlət maraqları dini maraqlardan qat-qat üstün bir dəyərdir.

Bəllidir ki, dövlət marağı ifadəsi Qərbə məxsusdur. Qədim Romada da, antik Yunanıstanda da din və əxlaq dövlət marağından üstün tutulurdu. Tarixdə ilk dəfə italyan filosof və yazıçı Nikkolo Makiavelli (1469-1527) dövlət marağı anlayışını önə çəkdi. Elə o vaxtdan da Qərb ölkələrində dövlət marağı xüsusi önəm kəsb edir...
Dövlət marağının dini maraqdan üstün tutulmasına ilk dəfə Fransa tarixində rast gəlirik. Kardinal Rişelye (1585-1642) faktiki 1624-cü ildən həyatının son gününə qədər Fransaya rəhbərlik edib. O vaxtlar Avropa qan içində idi. Düz 30 il ərzində (1618-1648) Avropanın 13 ölkəsi bir-birinə qarşı məzhəb savaşına qalxdı. Bu savaşda baş rolun ifaçısı olan alman xalqı əhalisinin 60 faizindən çoxunu itirdi. Bu itkinin təsirindən qurtulmaq və öz əzəmətinə dönmək üçün almanlara 2 əsr vaxt lazım gəldi...
Bəzi məlumatlara görə, katolik-protestant müharibəsində 8 milyondan çox insan qırılıb. Düşünün ki, Osmanlı imperiyası da bu savaşda 60 minlik süvari ilə protestant alman kralı V Fridrixə dəstək verib...
Maraqlıdır ki, 30 illik müharibə zamanı “Qırmızı Kardinal” kimi tanınan Rişelye heç kəsin gözləmədiyi halda protestantların tərəfini tutdu. Halbuki o, katolik idi və Müqəddəs Roma İmperiyasına xidmət edirdi.
Zatən aşağıda sadalayacağımız faktlar da dünyanın siyasi müstəvisində dövlət maraqlarının real təzahüri kimi qəbul olunmalıdır...
Məlumdur ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlər mövcud deyil. Əl-Riad 1967-ci ildən bəri tələb edir ki, İsrail işğal etdiyi Fələstin torpaqlarından çıxsın. Üstəlik, Səudiyyə Fələstinin müstəqil dövlət kimi tanınmasına hərtərfli dəstək verir. Ancaq orası da var ki, Səudiyyə Ərəbistanı heç vaxt İsrailə qarşı hərbi əməliyyatlarda yer almayıb. Bu ölkələr arasənda Çin səddinin mövcud olduğunu düşünənlər çoxdur. Ancaq yeraltı çaylar da var, yəni bu ölkələr arasında gizli münasibətlərin olması barədə dəfələrlə məlumat yayılıb. Məsələn, 2011-ci ildə Almaniyanın Səudiyyə Ərəbistanına 200 ədəd Leopard tankı satmasına İsrail açıq şəkildə dəstək verib. “Ərəb Baharı” başlayanda isə İsrail Səudiyyə Ərəbistanındakı rejimi müdafiə etdi. O vaxt Nyu-York Times yazırdı ki, İsrail hesab edir ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə “stabilliyin qarantıdır”. The Times isə yazmışdı ki, Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı hərbi əməliyyat keçirməsi üçün öz hava məkanında yoxlama uçuşlarına icazə verib. Düzdür, bu xəbəri hər iki tərəf təkidlə təkzib etdi. Ancaq bilənlər bilir ki, bu ölkələr arasında məxfi ilişkilər kifayət qədər stabildir...
Belə bir təsəvvür yaranmasın ki, yalnız İsrail dolayısı ilə Səudiyyə Ərəbistanına dəstək verir. Yeri gəldikdə, Səudiyyə Ərəbistanı da İsrailin mövqeyindən çıxış edir. Elə bu yaxınlarda Münxendə keçirilən Beynəlxalq Təhlükəsizlik Müşavirəsində bu iki ölkə İrana qarşı eyni yanaşma sərgilədi. Həmin toplantıda ABŞ-ın 48-ci vitse-prezidenti Mayk Pens İran haqqında belə dedi: “İran terroru maliyyələşdirmək üzrə dünyada lider ölkədir”. Ona dəstək verənlərin arasında Səudiyyə Ərəbistanı və İsrail də vardı. İsrailin müdafiə naziri Aviqdor Liberman dedi ki, İranın əsas məqsədi Səudiyyə Ərəbistanını yer üzündən silməkdir...
Münxendə Türkiyə də İrana qarşı çıxdı. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu İranı Bəhreyn və Səudiyyə Ərəbistanında təriqət savaşına dəstək verməkdə suçladı. Halbuki az öncə Rusiya, Türkiyə və İran Suriya məsələsi ilə bağlı anlaşma əldə etmişdi...
İranın xarici siyasətində də bu kimi məqamlar az deyil. Məsələn, ABŞ mətbuatı açıq şəkildə yazır ki, İran müəslman Azərbaycnala müharibə vəziyyətində olan xristian Ermənistana daha çox simpatiya sərgiləyir. İran Pakistanla müqayisədə Hindistana daha çox üstünlük verir. Hindistanın Kəşmir vilayətində isə müsəlmanlar daim təqib və təzyiqlər altında yaşamasına rəsmi Tehran biganə yanaşır. Çinlə də münasibət İran üçün önəmlidir. İran Çində müsəlmanlara, xüsusən uyğurlara divan tutulması faktının üstündən həmişə sükutla keçib.
İrandan fərqli olara Azərbaycan İsrail və Pakistanla qarşılıqlı anlaşma içindədir. Sünni ərəb ölkələri ilə də xoş münasibətdəyik. Qərb ölkələri ilə də Azərbaycanın elə bir problemi yoxdur. Düzdür, arada-sırada kənaraçıxmalar olur. Amma bu, epizodik xarakter daşıyır.
Sirr deyil ki, Azərbaycan silahlanmaya ağlasığmaz həddə vəsait xərcləyir. Əlbəttə, bu, zəruriyyətdən irəli gəlir. Dövlət maraqları tələb edir ki, Ermənistan kimi işğalçını geri oturtmaq üçün ölkənin güclü ordusu və ən önəmlisi isə müasir silahları olmalıdır. Bu silahların əhəmiyyətli hissəsini isə İsraildən alırıq. Pakistanın Azərbaycana hərbi dəstəyi isə xüsusi vurğulanan məsələlərdən biridir. Bu kimi amillər ötən ilin aprelində baş verən savaş zamanı Ermənistana qarşı Azərbaycana böyük üstünlüklər verdi...
Dövlət maraqları məsələsində Moskvanın da ciddi çətinlikləri var. Rusiya qanı-qanından olan Ukrayna ilə savaş içindədir. Çünki Ukrayna Qərbə can atır. Kreml NATO-ya qucaq açan Ukraynaya qarşı amansız şəkildə müharibə aparmağa məhkumdur. Rusiyanın Gürcüstana münasibəti Ermənistana münasibətindən kəskin şəkildə fərqlənir. Əlbəttə, mənfi işarə ilə. Gürcüstan isə dini baxımdan Rusiyaya daha yaxındır. Yəni, hər iki ölkə pravaslav dəyərlərə söykənir. Ancaq dövlət maraqları Rusiya üçün də milli və dini maraqlardan önəmlidir. Məhz bu maraqlara görə Rusiya Suriyada az qala bütün dünya ilə vuruşmaqdadır.
Dünyanın nəbzi Yaxın Şərqdə döynür. Son 4 ildə Yaxın Şərq öklərəi silah-sursata 2 dəfə çox vəsait xərcləyib. Bölgədə Qətər və Səudiyyə Ərəbistanı ən çox silah alan ölkələr siyahısında başda gəlir. Səudiyyə Ərəbistanı dövlət budcəsinin 25 faizini, yəni 85 milyard dollarını hərbə xərcləyir. Heç Rusiya kimi nəhəng də orduya bu qədər pul ayırmır. Səudiyyə ilə düşmən münasibətdə olan İran isə büdcəsinin yalnız 2.5 faizini hərbi xərclərə sərf edir. Yəni, cəmi 6 milyard dollar. Burada bir məqam da var. Kəskin maliyyə fərqinə baxmayaraq İran ordusu Səudiyyə ordusundan daha güclüdür. Rəsmi Tehran Qərbdən silah almaqdansa, yerli istehsala üstünlük verir. İranın hərbi-sənaye kompleksi hazırda sürətlə inkişaf edir. Ancaq Səudiyyənin arxasında Qərb dayanıb. Pakistan da Səudiyyəyə görə vuruşmağa hazırdır. Əlbəttə, İran bunu yaxşı bilir. Ona görə də Səudiyyə Ərbistanına qarşı təriqət savaşından istifadə edir. Bəllidir ki, Səudiyyə Ərəbistanında əhalinin 15-18 faizi şiədir. O da önəmlidir ki, Səudiyyənin əsas neft ehtiyatları yerli şiə əhalinin yaşadığı ərazilərdədir. İran bu amillərdən öz dövlət maraqlarının müdafiəsi üçün istifadə etməyə çalışır. İranın yeritdiyi bu siyasət əhalisinin böyük əksəriyyəti şiə olan Bəhreyndə də aydın görünür. Yeri gəlmişkən, Bəhreyn bir vaxtlar Səfəvi xanədanının bir parçası olub...
Bu arada isə ABŞ İsrailə 38 milyard dollarlıq hərbi yardım ayırıb. Həmin vəsiat yaxın 10 ildə hissə-hissə İsrailə veriləcək. Həmin yardımın altında “sülhsevər” Obama administrasiyasının imzası dayanır. Bu arada isə Donald Tramp və komandası İrana qarşı getdikcə daha sərt açıqlamalar verməkdədir...
Elbəyi Həsənli
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.