Azərbaycan 20 il sonra yoluna neftsiz davam edəcək - iqtisadiyyatı nə gözləyir…

12-04-2018, 09:05           
Azərbaycan 20 il sonra yoluna neftsiz davam edəcək - iqtisadiyyatı nə gözləyir…
Elnur Soltanov: “Neft gəlirləri o qədər çoxdur ki, onu hansısa başqa bir sahənin inkişafı ilə kompensasiya etmək çox çətindir”

Artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatını neftdən asılılıqdan xilas etmək istiqamətində müzakirələr gedir. Hökumətin iqtisadi sahədə qəbul etdiyi son qərarlar, yol xəritələri və proqramlar da məhz buna yönəlib. Lakin hələ də ölkə ixracatının 85-90 faizini enerji məhsulları təşkil edir və iqtisadiyyatda aparıcı rol neft gəlirlərinə aiddir. Maliyyə naziri Samir Şərifov açıqlamasında bildirib ki, iqtisadi siyasəti neftin qiymətindən asılı saxlamamağa çalışırlar: “Biz çalışırıq ki, öz iqtisadi siyasətimizi neftin qiyməti ilə o qədər də sıx bağlamayaq. Cari ilin büdcəsində neftin qiyməti hazırda mövcud olan qiymətlərdən xeyli aşağı götürülüb. Hesab edirəm ki, biz, yəqin ki, bu ehtiyatlı siyasəti bundan sonra da davam etdirəcəyik”.

Qeyd edək ki, ölkəyə qeyri-neft sektorundan daxil olan gəlirlərin artırılması istiqamətində tədricən müəyyən işlər görülür. Bəs görəsən, Azərbaycan neçə il sonra neft gəlirlərindən tamamilə məhrum olacaq? Hasilatın azalması prosesinin davam etdiyi bir şəraitdə ölkəyə gələn neft pulları neçə il sonra kəsiləcək və bu zaman onu əvəz edəcək hansı sahələr mövcuddur?

“Yeni Müsavat”ın suallarını cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, neftdən və qazdan gələn gəlirlərin artıb-azalması yalnız bu strateji məhsulların ixrac həcminin artıb-azalması ilə bağlı deyil, həm də onların dünya bazarındakı qiymətinə bağlıdır: “Hər iki hadisənin baş verməsi mümkündür, yəni həm qiymətlərin enməsi, həm də hasilatın azalması halları yaşana bilər. Bu proseslərin toplam cəmi Azərbaycanın gəlirlərinə təsir edəcək. Məsələn, əgər 50 ildən sonra neftin dünya bazarındakı qiyməti bir barel üçün 5 dollara enibsə, əlinizdə nə qədər neft olursa-olsun, gəlirlər az olacaq.

Azərbaycanda bundan sonra böyük neft yataqlarının kəşfi gözlənilmir. Var olan neft ehtiyatlarımız böyük ehtimalla 20-30 ildən sonra daha çox daxili tələbatı ödəməyə hesablanacaq. Ancaq bu proses çox asta sürətlə gedəcək. Ölkənin neft ehtiyatlarının həcmində ciddi bir artım gözlənilməsə də, bizim çoxlu kiçik yataqlarımız var. Onlardan effektiv şəkildə istifadə etsək, indiki neft istehsalı səviyyəsini asanlıqla 15-20 il bu səviyyədə saxlaya bilərik. Bu, yeni kiçik quyuların qazılması hesabına baş verə bilər.


Qaz hasilatında isə məsələ bir qədər fərqlidir. Biz yeni qaz tapıntıları gözləntisindəyik, qazın ixrac miqdarı artacaq və bundan gələn gəlirlərin də artması gözlənilir. Qaz ixracının yüksəlməsi səbəbindən artan gəlirlər, neft hasilatının azalması səbəbindən ölkə gəlirlərində yaşanan əskiklikləri bağlamaq üçün kifayət deyil. Amma yenə də müəyyən qədər kompensasiya edəcək".

Ekspertin sözlərinə görə, əgər hazırkı neft qiymətləri sabit qalarsa, biz 20-30 il ərzində gəlirlərdə çox ciddi bir enmə müşahidə etməyəcəyik: “Gəlir səviyyəmiz indiki ilə təxminən eyni olacaq. İkinci faktor budur ki, neft və qaz qiymətlərində ciddi enmələr ola bilər. Çünki bərpa olunan enerji sahəsində inqilablar baş verir. Bu inqilablar artıq bəzi ölkələrdə ümumi enerji ehtiyatlarının 10 faizinin bərpa olunanan enerji hesabına, yəni günəş və külək enerjisi hesabına reallaşmasına gətirib çıxarıb. Bu sahədə çox ciddi inkişaf getməkdədir. Ona görə də bir neçə ildən sonra neftin və qazın qiyməti kifayət qədər aşağı düşə bilər. Belə olduğu təqdirdə isə gəlirlərdə daha sürətli azalma yaşana bilər. 2014-cü ildə də gördük ki, bunu 20 il sonraya gözləmək lazım deyil, bu cür hadisələr daha tez də baş verə bilər. 1 il sonra belə müxtəlif səbəblərdən baş verə bilər. Belə olan halda əlimizdəki neft və qaz rezervlərinin miqdarı əhəmiyyətsizdir. Çünki bir barel neftin və ya bir kubmetr qazın qiyməti aşağı olur və gəlirlərimiz kəskin azalır”.

Alternativlər nədir?
Elnur Soltanov bu suala cavab olaraq bildirdi ki, ölkəmizdə hazırda neft gəlirlərini tam şəkildə kompensasiya edəcək bir sahə yoxdur: “Təbiət bizə şans verir ki, kəskin böhran yaşamayaq. Tədrici azalma bizə iqtisadiyyatımızın digər sahələrinin şaxələrini inkişaf etdirmək üçün imkan verir. Ancaq neft gəlirlərini hansısa başqa bir sahənin inkişafı ilə kompensasiya etmək çox çətindir. Çünki neftdən qazanılan külli miqdarda vəsaitin başqa bir sahənin gəlirləri ilə müqayisəsi aparıla bilməz. Bəlkə də ən innovativ sahələrlə müqayisə etmək olar, məsələn, ”Apple" kimi bazara təzə girən və yeni məhsullar yaradan şirkətlərin gəlirləri ilə müqayisə etmək olar. Neft o dərəcədə gəlirli bir sahədir. Ancaq hasilatın uzun müddət ərzində azalması və gəlirlərin sabit qalması Azərbaycana imkan verəcək ki, bu fürsətdən istifadə edib digər sahələri inkişaf etdirsin. Digər sahələrin inkişafı isə artıq başqa bir mövzudur.


Bu sahədə Tayland təcrübəsi var, Cənubi Koreya və Sinqapur təcrübəsi var. Əsas məsələ marketinq qaydalarını əsas götürərək bazarda sərbəst rəqabətə imkan yaratmaqdır. İnkişafın tək yolu budur ki, dünya bazarına inteqrasiya edərək rəqabət sistemində bacarıqlı insanların önə çıxmasını təmin etməkdir. Burada önəmli olan yaxın insanların, qohumların deyil, qabiliyyətli insanların bazara çıxışını təmin etməkdir. Azərbaycan insanı çox qabiliyyətli, bacarıqlı insandır. Onlara verilən fürsət və bazar şərtləri dəqiq olarsa, insanlar riskləri dəqiq hesablaya bilərsə, o zaman onların yaradıcı gücü ortaya çıxır. İkinci bir məsələ odur ki, iqtisadi institutları inkişaf etdirmək lazımdır. Bunun da hazır modelləri var, yenidən nə isə kəşf etməyə ehtiyac yoxdur".

İqtisadçının fikrincə, dünyada Azərbaycanla eyni aqibəti gözləyən çox ölkələr də var: “Hətta Azərbaycan onların bəzilərindən fərli olaraq resurslarından daha yaxşı istifadə etməyi bacardı. İndoneziya təcrübəsi var ki, vaxtilə xeyli qaz istehsal ediblər, indi kəskin azalıb. Afrikada xeyli ölkə var ki, onların müxtəlif mədən sahələrində istehsalları azalıb. İstehsal azalanda ölkəyə gələn pulun miqdarı azalır və cəmiyyət, dövlət kasıblaşmağa başlayır. Bu prosesin yeganə nəticəsi ölkənin gəlirlərinin azalması, iqtisadi baxımdan zərbə almasıdır. Elə bir ölkənin təcrübəsi yoxdur ki, neft gəlirləri azalsın, ancaq ölkə inkişaf trayektoriyasını itirməsin, daha da sürətləndirsin. Çünki neft elə də köhnə sahə deyil, yeni sahədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.