Kəmaləddin Heydərov baş nazir olarsa… (TƏHLİL)

13-04-2018, 11:31           
Kəmaləddin Heydərov baş nazir olarsa… (TƏHLİL)
Prezident seçkilərində böyük səs fərqi ilə qalib gəlmiş İlham Əliyevin ciddi struktur və kadr dəyişiklikləri edəcəyi gözlənilir.

GunAz.org-a daxil olan məlumata görə, korrupsiya, rüşvət, qeyri-peşəkarlıq və dərin ictimai inamsızlıq mühitinin hökm sürdüyü hökümətə Prezidentin yenidən etimad göstərəcəyi inandırıcı deyil və İlham Əliyev gələcək 7 ildə yeni baş nazirlə davam etməlidir. Eyni zamanda baş nazirlə yanaşı hökümət üzvlərinin əksəriyyətinin yeniləcəyi proqnozlaşdırılır.

Müşahidəçilərin fikrincə hökumətin tərkibində ciddi dəyişikliklərinin olacağı və Prezident İlham Əliyevin komandasını yeniləyəcəyi, kadr və struktut islahatları həyata keçirəcəyi şübhə doğurmur. Hökümətdə kimlərin qalacağı, kimlərin gedəcəyinə, əlbəttə, Prezident qərar verəcək. Bu barədə qəti fikir bildirmək mümkün deyil. Lakin keçmişin və bu günün təhlili, qarşıya qoyulan yeni hədəflər, yeni çağırışlar əsasında müəyyən proqnozlar, ehtimallar irəli sürülür. Bu ehtimallardan biri də budur ki, seçkidən sonra hakim komandaya yeni baş nazir daxil olacaq.

Ekspertlərin fikrincə, Artur Rasizadənin indiyədək baş nazir postunda qalmasının əsas səbəbi bu vəzifəyə eynilə onun kimi iddiasız, klanı olmayan, əmrə müntəzir olan başqa birinin tapılmamasıdır. Həmçinin bildirilir ki, yeni baş nazir təyinatı hakimiyyətdaxili qruplaşmaların savaşının güclənməsinə gətirib çıxara bilər, bu üzdən indiyədək Rasizadə özü də istefaya getmək niyyətində olsa belə, həmin postda saxlanılıb. 2016-cı ildə keçirilən referendumdan sonra Baş nazir postu Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət quruluşunda artıq ikinci mühüm post sayılmır və hər hansı səbəblərdən fəaliyyətdə olan prezident vəzifəsini icra edə bilməyəndə onun səlahiyyətləri baş nazirə deyil, vitse-prezidentlərin birinə keçir. Bu səbəbdən, baş nazir postu tutacaq şəxsin göstəriciləri və siyasi iddiaları artıq əvvəlki kimi o qədər də böyük əhəmiyyət kəsb etmir.

Başqa tərəfdən isə görünən budur ki, 83 yaşlı Artur Rasizadənin sağlıq durumu Nazirlər Kabinetinin rəhbəri vəzifəsində qalmağa imkan vermir və məsələ artıq konkretləşib. Sonuncu dəfə Artur Rasizadənin Milli Məclisdə etdiyi çıxış da bu iddiaları təsdiqləyir:

Məhz bu səbəbdən iqtidar daxilində baş nazir postuna iddialıların hərəkətliliyi başlayıb.

Bu posta iddialılar sırasında vergilər naziri Mikayıl Cabbarovun, ədliyyə naziri Fikrət Məmmədovun, maliyyə naziri Samir Şərifovun, baş nazirin birinci müavini Yaqub Eyyubovun, baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icraçı direktoru Əli Əhmədovun, Standartlaşma və Patent Agentliyinin rəhbəri Ramiz Həsənovun, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, hətta spiker Oqtay Əsədovun da adları hallanır.

Hakimiyyət daxilindən sızan məlumatlarda bildirilir ki, baş nazir postuna ən real namizəd Mikayıl Cabbarov hesab olunur. Belə ki, Mikayıl Cabbarovun gözlənilmədən 2017-ci ilin dekabrın 5-də vergilər naziri təyin olunması onun baş nazirliyə hazırlaşdırılması kimi qiymətləndilir. Ən başlıcası isə Mikayıl Cabbarovun hakim ailəyə yaxın olması, qərb təhsilli və islahatlara meyilli olması onun baş nazir olmaq şansını artırır. Bununla belə dünyanın geo-politik durumunun və regionda baş verən siyasi proseslərin təhlili göstərir ki, Azərbaycanda baş nazir postuna Rusiya meyilli hökümət üzvlərindən biri təyin edilə bilər. Belə ki, hakimiyyət indiki məqamda heç bir vəhclə şimal qonşumuzla münasibətlərin gərginləşməsini istəmir. Bu baxımdan baş nazir postuna Kremlə yaxın şəxslərdən birinin gətiriləcəyi ehtimalı yüksəkdir. Hətta mümkündür ki, indiki baş nazir Artur Rasizadə də postunda saxlanılsın.



Siyasi müşahidəçilərin fikrincə Azərbaycanda baş nazir postuna ən real namizəd Yaqub Eyyubovdur. Belə ki, 73 yaşlı Yaqub Eyyubov Kremlə yaxın şəxs hesab olunmaqla yanaşı Azərbaycan hakimiyyətində iddiasız bir şəxs kimi tanınır. Bununla belə Yaqub Eyyubovun baş nazir olması o demək olacaq ki, hökümət hər hansı islahata getməyəcək və iqtisadiyyatın indiki status-kvosu saxlanılacaq. Çünki Yaqub Eyyubovun avtoriteti və kommunist düşüncə tərzi hər hansı yeniliyin həyata keçiriləcəyinə olan ümidləri azaldır. Azərbaycan isə iqtisadi böhran vəziyyətindədir. 2015-ci ildən açıq müşahidə olunan iqtisadi krizis nisbətən səngisə də ölkə iqtisadiyyatında mənfi tendensiyalar davam etməkdədir. Təkcə neftin dünya bazarında bahalaşması fonunda ölkədə iqtisadi böhranın təsirləri minimuma endirilib. Başqa tərəfdən son 2 ildə hökümətin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü tədbirlər də effektli olmayıb. Ölkənin aqrar sahə başda olmaq digər iqtisadi sektorlarda əhəmiyyətli inkişaf trendləri əldə olunmayıb. Bunun ən başlıca səbəbləri iş adamlarının Azərbaycana sərmayə qoymaq istəməmələri və ölkə iqtisadiyyatının dayanıqlılığına inanmamalıdır. Yalnız hökümət üzvlərinin gördüyü inzibati və iqtisadi addımlarla ölkənin qeyri-neft sektorunda ciddi iqtisadi artıma nail olmaq mümkün deyil. Bu baxımdan ölkə iqtisadiyyatının böhrandan çıxarmağın yolu ləngimədən həyata keçiriləcək iqtisadi və siyasi islahatlardadır. İqtisadi və siyasi islahatlar Azərbaycanı investorlar üçün maraqlı edə bilər və ölkədən xaricə kapital axınının qarşısını əhəmiyyətli şəkildə ala bilər. Bu baxımdan da iqtisadi və siyasi islahatları Yaqub Eyyubovun başçılıq edəcəyi edəcəyi hökümətlə həyata keçirmək mümkün görünmür.

Analitiklər hesab edir ki, indiki geopolitik siyasi və iqtisadi durumda Azərbaycanda baş nazir postuna ən uğurlu seçim Kəmaləddin Heydərov ola bilər. Belə ki, Rusiyanın hakim elitası ilə çox yaxşı münasibətlər olan Kəmaləddin Heydərovun Azərbaycan hakimiyyətində də hələ də böyük nüfuzu var. Həmçinin ölkənin iqtisadi sektorunda və iş adamları arasında da Kəmaləddin Heydərov avtoritetlərdən biri hesab olunur. Ən başlıcası isə Kəmaləddin Heydərovun ərəb ölkələrindəki nüfuzundan istifadə edərək ərəb şeyxlərinin sərmayələrini Azərbaycana gətirmək imkanı da var. Eləcə də Kəmaləddin Heydərovun istər Gömrük Komitəsində, istərsə də Fövqəladə Hallar Nazirliyindəki fəaliyyəti onu deməyə əsas verir ki, “fövqəlnazir” ona tapşırılan istənilən işi qusursuz şəkildə həyata keçirə bilir və ortaya nəticə qoyur.

Başqa tərəfdən isə böyük kapitala malik Kəmaləddin Heydərov hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərlə müqayisədə tamahkar adam hesab olunmur. İstər xarici, istərsə də yerli müşahidəçilər Kəmaləddin Heydərovu Azərbaycanın ən nüfuzlu şəxslərindən kimi xarakterizə edir. Bu baxımdan Kəmaləddin Heydərovun daha yüksək vəzifəyə gətirilməsi ciddi dəyişikliklərin anonsunu verə bilər…

GunAz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.