Samir Əliyev: “Neft nə qədər ki, 40 dollarlıq psixoloji həddə düşməyib, dollara olan tələbatın ödənilməsində problem olmayacaq”

14-04-2018, 09:30           
Samir Əliyev: “Neft nə qədər ki, 40 dollarlıq psixoloji həddə düşməyib, dollara olan tələbatın ödənilməsində problem olmayacaq”
Rövşən Ağayev: “Azərbaycanda iqtisadi sabitlik, o cümlədən milli valyutanın sabitliyi üçün həlledici şərt kapital axınının miqyası olacaq”

Azərbaycanla qonşu olan ölkələrin hamısında milli valyuta dəyərdən düşür. Rusiya rublu, Türkiyə lirəsi, İran rialı, hətta Qazaxıstan təngəsi də dollar və avro qarşısında məzənnə itkilərinə məruz qalıb. Bu vəziyyət Azərbaycanda da dolların bahalaşacağı rəyinin yaranmasına, əhali arasında isə təşvişə səbəb olub. Baxmayaraq ki, Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov manatın məzənnəsinin dəyişməyəcəyini bəyan edib, insanlar arasında həyəcan getdikcə artmaqdadır. Bu isə əhalinin dollar almaq üçün kütləvi şəkildə banklara üz tutmasına səbəb olub. Hazırda bank şöbələrində dollar və avro alanların ciddi fəallaşması müşahidə olunmaqdadır.

Region ölkələrində müşahidə olunan proseslər Azərbaycan manatı üçün hansı təhlükələri yaradır? Hökumət dolların bahalaşmasına gedə bilərmi?

İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, Rusiya və Türkiyə iqtisadiyyatında baş verən proseslərə Azərbaycanın yüksək həssaslığı təkcə bu 2 ölkə ilə eyni regionu paylaşmamızla bağlı deyil: “Bu, həm də Azərbaycan iqtisadiyyatının hər 2 ölkədən yüksək asılılığından irəli gəlir. Mümkün təsirləri obyektiv və hərtərəfli qiymətləndirmək üçün mövcud asılılıq kanallarına (bunlara təsir kanalları da demək olar) diqqətlə baxmaq lazımdır. Şübhəsiz ki, əsas kanallardan biri əmtəə və xidmət ticarətidir. 2017-ci ilin nəticələrinə görə, Azərbaycanın ümumi ixracının 16 faizi, idxalının isə 30 faizi Rusiya və Türkiyənin payına düşüb. Göründüyü kimi, idxaldan asılılıq xeyli yüksək olsa da, ümumi ixracda pay elə də yüksək deyil. Azərbaycan üçün qeyri-neft ixracının coğrafi şaxələnmə əmsalının yüksək olması daha önəmlidir. Bu sektorun isə Rusiya və Türkiyədən asılılıq əmsalı həddən artıq yüksəkdir və 2017-ci ildə təxminən 1.5 milyard dollarlıq qeyri-neft ixracının 53 faizi (810 milyon dollar) məhz 2 qonşu ölkənin payına düşüb”.

Bu şəraitdə Azərbaycan üçün hansı təsirləri gözləmək olar?

Ekspertə görə, əvvəla, qeyri-neft ixrac gəlirləri azala bilər: “Çünki neft ticarətindən fərqli olaraq qeyri-neft ticarətində idxal-ixrac müqavilələri üzrə hesablaşmalar xarici valyuta ilə həyata keçirilsə də, ixrac məhsulları daxili bazarda yerli valyuta ilə realizə olunur. İlk baxışdan belə görünə bilər ki, Qərblə münasibətlərin pisləşməsi fonunda bu ölkələrdən Rusiyaya gələn kənd təsərrfatı məhsullarının azalması Azərbaycanın Rusiya bazarlarında payını artıra bilər. Lakin son 3 ilin təcrübəsi göstərdi ki, əvvəla, Azərbaycanın ərzaq istehsalı potensialı zəifdir, daha çox daxili tələbatı ödəməyə yönəlir. Digər tərəfdən isə bu boşluğu daha çox Latın Amerikası və Asiya ölkələri doldurur, çünki həmin ölkələrin kənd təsərrüfatı potensialı böyük, ucuz məhsul təklif etmək imkanı genişdir. Lakin idxalda vəziyyət fərqlidir - yerli valyutaları dəyər itirən ölkələrdə xarici tərəfdaşlarla müqayisədə real effektiv məzənnə daha sürətlə ucuzlaşdığı üçün onlarda idxal da ucuzlaşır. Nəzərə alaq ki, Rusiyadan Azərbaycana idxalın ən azı üçdə biri, Türkiyədən idxalın isə 20 faizə qədəri qida sənayesi və kənd təsərrüfatı ilə bağlıdır. Halbuki bu sahələr Azərbaycan üçün prioritet inkişaf sahələri sırasında öndə gedir”.

R.Ağayevin sözlərinə görə, ikinci təsir kanalı ilkin və təkrar gəlirlər formasında əldə olunan gəlirlərdir: “Bura Türkiyə və Rusiyada işləyən Azərbaycan vətəndaşlarının əmək haqqı və sahibkarlıq gəlirləri formasında əldə etdikləri gəlirlərdən burada yaşayan ailə üzvlərinə və yaxınlarına göndərdikləri pul baratları (remiatanslar), Azərbaycanın biznes sektoru və ev təsərrüfatları, həmçinin hökuməti vasitəsilə qoyulan birbaşa və portfel investisiyalara, bank depozitlərinə görə dividendlər, faizlər və digər sərmayə gəlirləri, repatriasiya olunan mənfəət və s. daxilidir.

Azərbaycanın biznes sektoru və ev təsərrüfatlarının istər Türkiyə, istərsə də Rusiyaya qoyduğu sərmayələr (həm əsaslı kapital və daşınmaz əmlak, həm də maliyyə investisiyası formasında) barədə məlumat çox qıtdır. Amma xüsusilə də Türkiyədə azərbaycanlılara məxsus, fond birjası vasitəsilə İPO həyata keçirmiş xeyli sayda şirkət var, Azərbaycan sərmayəsinin fond bazarından kənar kanallarla Türkiyəyə daxil olması ilə bağlı zaman-zaman müəyyən faktlar səsləndirilir, soydaşlarımızın Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında ön sırada olmasına dair Türkiyə mediasında dəfələrlə məlumatlar gedib. Nəzər alaq ki, həmin şirkətlərin qazanclarından, daşınmaz əmlakın icarəsindən əldə olunan gəirlərin müəyyən bir hissəsi ölkəyə repatriasiya olunur. Şübhəsiz ki, lirənin dəyər itirməsi yerli valyuta ilə əsasən yerli bazar üçün məhsul və xidmət istehsalı ilə məşğul olan biznes üçün itkilər gətirir" .

Daha bir təsir kanalı qarşılıqlı kapital axınlarıdır. Ekspert bildirir ki, bu axınlara birbaşa və portfel investisiyalar, digər maliyyə axınları (məsələn, əmanət qoyuluşları) daxildir: “Bu məsələdə Rusiya ilə bağlı çox spesifik məqam var: bir tərəfdən orda yaşayan və bizneslə məşğul olan azərbaycanlılar Rusiyada iqtisadi imkanlar daraldığı hallarda vəziyyətdən çıxmaq üçün Azərbaycanda olan əmlaklarını və ailələri vasitəsilə saxladıqları digər sərvətləri Rusiyaya aparmağa məcbur qalırlar və bu, ölkədən kapital axınına səbəb olur. Digər bir məqam odur ki, Azərbaycanda böyük sərvətə malik oliqarxiyanın müəyyən hissəsi Türkiyə və Rusiyaya ilə sıx bağlıdır və hər 2 ölkədə, yekunda isə bütövlükdə regionda uzunmüddətli konfliktli şəraitin yaranması həmin qruplara məxsus kapitalın regiondan daha təhlükəsiz coğrafiyaya qaçmasına təkan verə bilər. Bu baxımdan, bütün hallarda yaxın zamanlarda Azərbaycanda iqtisadi sabitlik, o cümlədən milli valyutanın sabitliyi üçün həlledici şərt kapital axınının miqyası olacaq. Əgər geosiyasi faktorlar ölkədən kapital qaçışına təkan verməsə, ölkənin cari hesablar balansının irihəcmli profisiti manatın xilaskarı rolunu qoruyub saxlaya biləcək”.

R.Ağayevin sözlərinə görə, Türkiyədə uzunmüddətli iqtisadi qeyri-sabitikdən iqtisadi baxımdan ən böyük zərər SOCAR-a dəyə bilər: “Çünki SOCAR bu ölkəyə böyük həcmdə xarici valyutada borc hesabına sərmayə qoyub. Həmin borcları qaytarmaq üçün daha sabit lirə lazımdır ki, xarici borcların qaytarlımasında böyük ziyanla üzləşməsin, bütövlükdə isə sərmayələrin daha tez özünü ödəməsi və mənfəətə çıxması planlaşdırılan zamanda baş versin”.

İqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, neft nə qədər ki, 40 dollarlıq psixoloji həddə düşməyib, ölkənin valyuta bazarlarında dollara olan tələbatın ödənilməsində problem olmayacaq: “Belə baxanda hökumət 2015-ci ildəki devalvasiya səhvlərindən tam olmasa da, müəyyən dərslər götürüb. Manata əsas təzyiq yaradan rəsmi və qeyri-rəsmi kapital axını kanallarını əhəmiyyətli dərəcədə daraldıb. Digər tərəfdən, ərəb turistləri və xarici kreditlər hesabına ölkəyə dollar axınını artırıb. Eyni zamanda neftin dünya bazar qiymətlərinin 30 faiz artması tədiyyə balansının vəziyyətini yaxşılaşdırıb. Digər tərəfdən, Mərkəzi Bank üzən məzənnə siyasətini keçid elan etsə də, manatı əvvəlki qaydada tənzimləyir. Bir müddət əvvəl manatın bahalaşması riski olsa da, Mərkəzi Bank buna imkan vermədi. Bundan sonra manatın ucuzlaşmasına da imkan daxilində yol verməyəcək. Çünki hökumət 2015-ci il ssenarisini təkrarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Ölkə iqtisadiyyatının neftdən asılılığı manatın sabitliyi üçün təhlükə yaradır. Deməli, uzun müddət manat inzibati yolla tənzimlənəcək və Mərkəzi Bank onun məzənnəsinin sabit qalmasına çalışacaq”.

S.Əliyevə görə, dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşmazsa, ölkədə siyasi bir gərginlik olmazsa, dolların manata olan məzənnəsi təxminən indiki səviyyədə qalacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.