Kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayevin Kənd Təsərrüfatı Naziri nazirinə MÜRACİƏTİ

27-04-2018, 00:44           
Kənd təsərrüfatı elmləri  doktoru, professor Amin Babayevin Kənd Təsərrüfatı  Naziri nazirinə MÜRACİƏTİ
Hörmətli Redaktorlar!
Azərbaycanın gələcək taleyini və xalqımızın sosial-rifah tərzini təyin edən strateji məsələlərdən ən vacibi ölkəmizdə kənd təsərrüfatının inkişaf səviyyəsidir. Mən bu sahədə 50 ildən artıqdır ki, çalışıram və bu gün ölkəmizdə aqrar sektorun bugünki durumunda həssaslıqla qəbul etdiyim çoxlu problemlər var. Fikirləşdim ki, ən vacib məqamları Yeni Nazirin diqqətinə çatdırmağın ən qısa yolu saytlardır.

Ona görə Sizdən xahiş edirəm ki, mənim Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova olan müraciətimi saytınızda işıqlandırasınız.



Hörmətlə!



Professor Amin Babayev
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Naziri Cənab İnam Kərimova kənd təsərrüfatı elmləri
doktoru, professor Amin Babayevin


M Ü R A C İ Ə T İ

Hörmətli cənab Nazir!
İlk növbədə Sizi çox şərəfli vəzifəyə təyin olunmağınız münasibəti ilə ürəkdən təbrik edirəm, Sizə can sağlılığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram!
Ola bilsin media vasitəsilə Sizə müraciətim bir qədər təəccüblü və “qaydasız” görünə bilər. Mən bu haqda düşünərək ən qısa yolu seçdim.
Məni kənd təsərrüfatı sahəsində 50 illik təcrübəm, vətəndaşlıq mövqeyim və peşə məsuliyyətim fəaliyyətinizin başlanğıc dövründə Sizə aqrar sektorun bugünki durumu haqda öz mülahizələrimi söyləməyə vadar edir.

Hörmətli Nazir!
1. Ölkənin müxtəlif regionlarında bizim apardığımız müşahidələr, araşdırmalar və təhlillər belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda kənd təsərrüfatı sektorunun ətalətdə olan mexanizminin tam potensialını hərəkətə gətirmək üçün bu sahədə elmi tətqiqatlar, təhsil, maarifləndirmə və innovasiyaların tətbiqi bütün bu prosesin lokomativi rolunu oynaya bilər. Fikrimi əsaslandırmaq üçün mövcud vəziyyəti xarakterizə edən cəhətləri aşağıdakı kimi səciyyələndirmək olar :
• kənd yerlərində aqrar istehsalla məşğul olanların böyük əksəriyyəti öz işlərini kortəbii aparmaqla texnoloji proseslər çox primitiv formada və hər kəsin bildiyi kimi yerinə yetirilir. Son nəticədə məhsuldarlıq aşağı olmaqla yanaşı, torpaqların münbitliyinin azalması və təbii resursların deqradasiyası kütləvi xarakter daşıyır;
• “Elm-təhsil-praktika” zəncirinin qırılması istehsal sahələrində çox mücərrəd və “tənha bir mühit” yaratmışdır;
• kadr və institutsional potensialın inkişafına olan biganəlik aktual kənd təsərrüfatı biliklərinin istehsalçılar arasında yayılmasına və praktikada tətbiqinə mane olan əsas faktorlardan biridir;
• ölkənin rayonlarında ixtisaslı kadrların çatışmazlığı, istər özəl və istərsə də dövlət yönümlü informasiya-məsləhət xidməti göstərən infrastrukturun inkişaf etməməsi bu gün praktika və elm arasında böyük qeyri-tarazlıq yaratmışdır;
• çox təəssüflər olsun ki, yerlərdə dünya təcrübəsinə uyğun yeni texnologiyaların tətbiqi yox dərəcəsindədir;
• yerli inzibati-idarəetmə orqanları, təhsil və elm müəssisələri arasında qarşılıqlı və sabit koordinasiya əlaqələrinin olmaması aqrar sektorda vəziyyətin tezliklə dəyişəcəyindən xəbər vermir.
2. Azərbaycanda 1996-cı ildən aparılmağa başlayan aqrar islahatlar nəticəsində aqrar sektorun siyasi və iqtisadi strukturunda əsaslı dəyişikliklər baş versə də bu islahatların aqrar elmin təşkilində və planlaşdırılması istiqamətində gecikdirilməsi bu gün praktika və elmin arasında böyük qeyri-tarazlıq yaratmışdır. Bunun nəticəsi olaraq bazar iqtisadiyyatına keçid şəraitində ölkədə aqrar sahə üzrə fəaliyyət göstərən çoxsaylı Elmi-Tətqiqat İnstitutları, Aqrar Elmi Mərkəzi, Təcrübə stansiyaları və digər strukturlar kənd təsərrüfatında ortaya çıxan çoxsaylı elmi problemlərin mahiyyətinə sirayət edə bilməmiş və aparılan tətqiqat nəticəsində əsaslı nəticələr əldə olunmamışdır.
Aqrar elmin islahatları yönümündə aparılan bəzi kosmetik struktur dəyişiklikləri mövcud problemlərin həllinə kifayət qədər yardım edə bilmir. Bu sahədə olan pərakəndəlik, paralelizm, analitik təhlillərin aparılmaması, sahələrarası koordinasiya işinin zəifliyi hələ də davam etməkdədir. Eyni zamanda aqrar elm və onun təhsili arasında olan əlaqələrin zəifliyi, bu sahədə görülən işlərin ölkəmizin qoşulduğu bir sıra konvensiyalarla uyğunsuzluğu və digər səbəblər belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda aqrar elmin strukturunda, onun təşkili və planlaşdırma mexanizmində təxirəsalınmaz islahatlara başlanılmalıdır.
Son 30 ildə elmi tətqiqatların maddi-texniki bazasının fiziki və mənəvi cəhətdən köhnəlməsi elm, təhsil və istehsalatın zəif inteqrasiyası bu gün kadr çatışmazlığına səbəb olmuş, kadr hazırlığının düzgün planlaşdırılmaması, elmdə qocalma tendesiyasının güclənməsi, elmi tədqiqtaların formal xarakter alması, elmi işlərin düzgün koordinasiya edilməməsi, elmi işlərə zəruri həcmdə maliyyə ayrılmaması, elmi tədqiqatlarda beynəlxalq əlaqələrin və əməkdaşlığın yox dərəcəsində olması, habelə elmi pedaqoji kadrların sosial müdafiəsinin zəif olması, elmi işin müsbət nəticələrinin istehsalata tətbiqi üçün səmərəli mexanizmlərin olamaması və bu sahədə müvafiq qurumların fəaliyyətsizliyi və s. aqrar elmin nailiyyətlərinin rəqabətə davamlılığını təmin etməmişdir.
3. 2003-cü ilin 22-24 sentyabrında Ukraynanın paytaxtı Kiyev şəhərində dünyanın 130 ölkəsindən 146 Universitetinin iştirak etdiyi Sammitdə müasir dünyada aqrar təhsilin və tədqiqatların problem məsələləri müzakirə olunmuşdur. Dünyanın bütün ölkələrində bu sammitin qərarları aqrar təhsilin və onun elminin yeni modelinin işlənilməsi üçün baza sənədi kimi əsas götürülür.
Bu sammitdə dünayada baş verən qlobal dəyişikliklər şəraitində aqrar təhsilin və elmi tətqiqatların yeni modelinin zəruriliyinin əsas səbəbləri kimi ərzaq təhlükəsizliyi və ətraf mühitin deqradasiyası problemləri qeyd olunmuşdur.
Əgər Azərbaycanın aqrar təhsil sistemində köklü institusional dəyişikliklər həyata keçirilərsə, Azərbaycan Dövlət Aqrar Universitetində aqrar təhsilin inkişafının yeni konsepsiyası, onun modeli və təhsilin inkişaf planları işlənərkən aşağıdakı prinsipləri (Dünya Sammitinin sənədlərinə əsasən) baza prinsipləri kimi qəbul etmək lazımdır:
• ali kənd təsərrüfatı təhsilində və tədqiqatlar sahəsində milli prioritetləri aşkara çıxarmaq və onların həyata keçirilməsi planlarını inkişaf etdirmək;
• aqrar təhsilin müasir dövrün tələbatına və dünya standartlarına uyğun maddi-texniki bazasını yaratmaq;
• təhsildə, tədqiqtada və məsləhət xidmətində gender-sensitiv yanaşma barəsində milli tövsiyyələri inkişaf etdirmək;
• bütün səviyyələrdə, xüsusilə də kənd təsərrüfatı treninqləri sahəsində proqramları və kursları inkişaf etdirmək üçün beynəlxalq əməkdaşlığı genişləndirmək;
• kənd təsərrüfatı təhsilinə cəlb edilən insanlar, müəllimlər, qərar verən insanlar, hökumət rəsmiləri arasında davamlı inkişaf problemlərini yaxşı anlatmaq və kənd təsərrüfatı təhsili sistemində peşəkar kompetentliyi (səlahiyyətliyi) inkişaf etdirmək;
• davamlı kənd təsərrüfatı üçün müvafiq olan idaretmə sistemini inkişaf etdirmək;
• ali kənd təsərrüfatı təhsilində davamlı inkişafa dair tədris materialını və davamlı inkişafın tədrisini asanlaşdırmaq üçün çap və online-internet nəşrlərini yaxşılaşdırmaq;
• kənd təsərrüfatı sektorunda davamlı inkişafın mexanizminə əsaslanan tədqiqatları genişləndirmək, onların təhsilə, tədqiqata və məsləhət xidmətinə inteqrə olunmasını təmin etmək;
• ekoloji məzmunu kənd təsərrüfatı təhsilinə və tətqiqatına inteqrə etmək üçün elmi yanaşmaları və konsepsiyaları inkişaf etdirmək;
• inzibati və elmi idarəetmədə, eləcə də kənd təsərrüfatı təhsili sistemində yenilikləri üzə çıxarmaq üçün tədqiqat aparmaq;
• inkişaf proqramları arasında təhsilin keyfiyyətinin indikatoru sayılan davamlı inkişaf təhsili sahəsində tədqiqatları gücləndirmək.
4. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyada əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1983-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə 2030-cu ilədək bu göstərici 9 milyon səviyyəsində olacaqdır.
Baş verən bu neqativ prosesin əsas səbəbi insan cəmiyyətinin ətraf mühitə, xüsusilə də torpağa olan xor münasibətindən irəli gəlir.
Azərbaycan dünya ölkələri arasında məhdud torpaq ehtiyatlarına malik ölkələrdən biridir.
Belə ki, ölkənin kənd təsərrüfatı təyinatlı torpaqlarının ümumi sahəsi 4756 min ha təşkil etsə də onun yalnız 1808 min ha-ı əkinə yararlı sahələrdir.
Bu gün ölkədə eroziyaya məruz qalmış torpaqların həcmi 3,7 mln ha təşkil edir. Bununda 3 milyon ha-ı su eroziyasına, 0,3 mln ha-ı isə küək eroziyasına məruz qalmış sahələrdir. İlkin hesablamalara görə bu torpaqların 0,7 mln ha-ı şiddətli eroziyaya məruz qalmış sahələrdir ki, onun da pulla normativ dəyəri təxminən 1 mld ABŞ dolları civarındadır.
Azərbaycanda həyata keçirilən aqrar islahatlardan sonra ölkədə üstünlük təşkil edən təsərrüfat forması ailə fermer təsərrüfatıdır və hal-hazırda mövcud olan xırda və pərakəndə torpaq istifadəçiliyi şəraitində torpaqların münbitliyinin qorunması bizim ən böyük problemimizdir.
Ailə fermer təsərrüfatlarının böyük əksəriyyəti ilk növbədə öz ailə ehtiyaclarını ödəmək məqsədilə hər il dənli bitkilərin əkilib becərilməsi ilə məşğul olurlar. Əkin sahələrinin məhdudluğu ucbatından onlar əkin rotasiyasına əməl edə bilmirlər. Gəlirinin azlığı onlara mineral və üzvi gübrələrdən istifadə etməyə imkan vermir. Digər tərəfdən isə aqrar sahədə çalışan bu insanların böyük əksəriyyəti kolxoz-sovxoz dövründə “ara işləri” ilə məşğul olduğundan onlar müəyyən elmi biliklərə və peşə vərdişlərinə malik deyildirlər. Son nəticədə isə belə alınır ki, hər kəs torpaqdan özü bildiyi kimi istifadə edir və faktiki olaraq onların bu sahədəki fəaliyyətinə isə heç bir nəzarət yoxdur. Torpaqlarımızdan hər il məhsulla aparılan qida elementlərinin miqdarı “kompensasiya” olunmadığından münbitlik sürətlə aşağı düşür. Tədqiqat məlumat¬larına görə son 20-25 ildə torpaqlarımızın 1 metrlik profilində humusun miqdarı 15-25% azalaraq qida rejimində asan mənimsənilən elementlərin böyük çatışmazlığı yaranmışdır.
Bu gün respublikamızın rayon və kəndlərində dövlət və yaxud özəl təmayüllü İnformasiya-Məsləhət Mərkəzlərinin və peşəkar məsləhətçilərin kifayət qədər olmaması torpaq istifadəçilərinin pay torpaqlarından özləri bildikləri kimi, kortəbii istifadə etmək praktikası mövcuddur. Nəticədə isə torpaqlarımızın bioloji fəallığı azalır və onlar “kasıblaşır”.
5. Müasir dünyada davamlı inkişafa nail olmaq üçün zəruri olan modellərdən biri ekoloji təsərrüfatçılıqdır. Bu ideyanı Azərbaycanda da reallaşdırmaq üçün, ilk növbədə, ictimai şüurun və yeni ekoloji təfəkkürün inkişaf etdirilməsi ümdə məsələdir.
Dünya üzrə hər il Almaniyanın Nürnberg şəhərində keçirilən ekoloji məhsulların sərgisinin təşkilatçıları olan İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) və Beynəlxalq Ticarət Təşkilatının (İTC) verdiyi son məlumatlara görə artıq dünyanın 179 ölkəsində ekoloji kənd təsərrüfatı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal ekoloji məhsulların dəyəri 81,6 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. (2015-ci ildə 75 milyar Avro). Ekoloji məhsul istehsalı ilə məşğul olan ölkələr arasındsa aparıcı rol ABŞ-a məxsusdur. (35,9 milyard Avro). Sonrakı cərgədə Almaniya 8,6 milyar avro, Fransa (5,5 milyard Avro) və Çin (4,7 milyard Avro).
2015-ci ilin məlumatlarına görə dünyada 2,4 milyon ekoloji məhsul istehsalçısı mövcuddur. Onların sayına görə Hindistan 1-ci yeri (585200 istehsalçı), 2-ci yerdə Efiopiya (203602 istehsalçı), 3-cü yerdə isə Meksika dayanır. (201039)
Dünyada 50,9 milyon hektar torpaq sahəsi ekoloji məhsul istehsalı üçün istifadə olunur. Torpaq sahəsinə görə Avstaliya 1-ci yerdədir. (22,7 milyon hektar) 2-ci yerdə Argentina (3,1 milyon hektar). 3-cü yerdə ABŞ (2 milyon hektar) dayanır. Ümumiyyətlə ekoiloji istehsalda istifadə olunan torpaqlaırn 22,8 milyon hektarı Okeaniyada , 12,7 milyon hektarı Avropada və 6,7 hektarı Latın Amerikasındadır.
Ekoloji Kənd Təsərrüfatı Hərəkatını (ETKT) bir proses kimi qiymətləndirsək, görərik ki, inkişafın bütün mərhələlərində əhalinin müxtəlif təbəqələrinin maariflənədirilməsi və təhsili bu posesin əsas tərkib hissələrindən biri olmuşdur və indi də həmin səviyyədə qalmaqdadır. Bu iş Avropa Birliyi ölkələrində orta təhsil məktəbləri, kolleclər və müxtəlif kurslardan başlayaraq ali təhsil ocaqlarına qədər təlim və təhsillə məşğul olan böyük bir şəbəkəni əhatə edir. Eyni zamanda insanların bu məsələ ətrafında maarifləndirilməsinə nail olmaq üçün Milli və Regional proqramlar həyata keçirilir, onların vasitəsi ilə də insanlara ekoloji təmiz məhsul istehsalının yolları və qaydaları təlqin olunur.
Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının əsası keçən əsrin 90-cı illərinin sonunda qoyularaq ölkədə 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında Qanun” qəbul olunmuşdur. Ölkəmizdə bu istiqamətin inkişaf etdirilməsi üçün ötən qısa vaxt ərzində hüquqi-normativ və informasiya-məlumat bazaları formalaşmışdır, o cümlədən Prezident İ.Əliyevin bu məsələ ilə əlaqədar 3 fərmanı və AR Nazirlər Kabinetinin müvafiq qərarları mövcuddur. Lakin, təəssüflər olsun ki, bu sahənin real həyatda irəliləyişi istiqamətində çox zəif addımlar atılır ki, bunun da əsas səbəbləri aşağıdakılardır:

 Qanunvericilik bazasında olan boşluqlar;
 ETKT-nin ölkədə ümumi kənd təsərrüfatı siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməməsi;
 Milli standartların hələ də qəbul olunmaması;
 Sertifikatlaşdırma orqanlarının olmaması;
 Ekoloji təsərrüfatçılığa keçidlə əlaqədar dövlət təşəbbüslərinin zəifliyi;
 Ekoloji fermerçiliklə məşğul olanlara dövlət subsidiyalarının verilməməsi;
 Kənd əhalisi arasında və fermerlərdə peşəkar biliklərin çatışmazlığı;
 Regionlarda həm dövlət, həm də özəl təmayüllü Məsləhət-İnformasiya Xidməti Mərkəzlərinin olmaması;
 Daxili bazarda inhisarçılıq və ölkədə ekoloji marketlərin olmaması;
 ETKT-nin inkişafına strateji investorların cəlb olunmaması.

Əgər bu səbəblər ortadan qaldırılmasa Kənd Təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsində “Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi” prioritetinin yerinə yetirilməsi ilə əlaqədar görüləcək işlər öz nəticəsini verməyəcəkdir.

Hörmətli Nazir!
Ümidvaram ki, mənim bir mütəxəssis kimi Sizə təqdim etdiyim mülahizələr fəaliyyətinizdə Sizin üçün faydalı olacaqdır.

AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı
üzrə Regional Təcrübə və Resurs Mərkəzinin
direktoru, kənd təsərrüfatı elmləri doktoru,
professor Amin Babayev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.