Müxalifət nə mitinq etmək, nə də cərimələnmək istəyir

27-04-2018, 09:48           
Müxalifət nə mitinq etmək, nə də cərimələnmək istəyir
Bəs cəza tədbirləri nədən artırılır?
Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaları pozanların cəzasını artıran qanun layihəsi hazırlanıb. Layihədə İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi və sözügedən pozuntuya görə həm cərimələrin, həm də həbs müddətinin artırılması nəzərdə tutulur. Layihəyə əsasən, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilməli və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs cəzası almalıdırlar.

Layihədə eyni əmələ görə vəzifəli şəxslərin 600 manatdan 900 manata, hüquqi şəxslərin isə 4000 manatdan 6000 manata qədər cərimələnməsi təklif edilir.

Layihənin may ayının əvvəllərində Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənir.

İnzibati Xətalar Məcəlləsinə yuxarıda qeyd olunan dəyişiklik və əlavənin həyata keçirilməsi cərimələrin 10 dəfəyə yaxın, həbs müddətinin iki dəfə artırılması deməkdir.

Müxalifətin onsuz da son illərdə razılaşdırılmamış aksiyalar keçirməməsi bəllidr. O zaman cəzanın sərtləşdirilməsi hansı zərurətdən meydana gəldiyi maraqlıdır.


Müxalifət düşərgəsi qanunun sərtləşdirilməsini necə qarşılayır?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, qanunvericilikdə belə sərtləşdirmə siyasəti ilk hal deyil. Əgər diqqət etsək görərik ki, bu siyasət YAP hakimiyyəti dönəmində artan istiqamətdə davam edib. Bu gün də bu davam edir. Cəmi bir neçə il bundan öncə də İnzibati Xətalar Məcəlləsində dəyişiklik edərək cərimə və həbs müddətlərini 10 dəfəyə qədər artırmışdılar. Bu dəyişikliklərin ictimai asayişi və stabilliyi qorumaq üçün deyil, məhz öz iqtidarlarını qorumaq üçün edildiyinin sübutu dəyişiklik olan maddələrdə özünü açıq şəkildə göstərir: “Analiz etsək görərik ki, sərtləşdirmə ancaq insanların konstitusion hüquqları olan sərbəst toplaşmaq azadlığını və bunun müxtəlif formalarını əks etdirən maddələrdə edilib. Bu bir daha dəyişiklikdə niyyətin nə olduğunu ortalığa qoyur. Hazırda Azərbaycanda istər müxalifətin təşkilatçılığı ilə, istərsə də əhalinin özü tərəfindən kortəbii şəkildə təşkil olunan razılaşdırılmamış etiraz aksiyaları keçirilmir. Ancaq regionda daxili stabillik çox kövrəkdir. Hakimiyyət düşərgəsi də dediyim bu halları görür və analiz edir və qanunda bu istiqamətdə, belə demək mümkündürsə, preventiv, önləyici addımlar atır. Bu qanunun müzakirəyə çıxarılması vaxtını da qətiyyən təsadüfi hesab etmək olmaz. Hökumət qonşuda baş vermiş hadisələrin daxildə dəyişiklik istəyən siyasi qüvvələrdə və ən əsası narazı elektoratda yarada biləcəyi inam və ruh yüksəkliyindən sığortalanmağa çalışır”.

T.Abbaslının fikrincə, cəzaları sərtləşdirməklə ciddi etirazların qarşısını almaq taktikası həmişə müsbət effekt vermir. Daha möhkəm və uzunmüddətli stabillik təcili olaraq genişmiqyaslı islahatlara başlanmasından keçir: “Bu islahatlar siyasi arenanı, idarəçilik institutunu, iqtisadi sahəni, təhsili, səhiyyəni və s. əhatə etməlidir. Əks təqdirdə heç bir sərt qanunlarla həqiqi dayanıqlı stabilliyə və inkişafa nail olmaq olmaz. İnsanların etiraz vasitə və imkanlarını məhdudlaşdırmaqdan və cəzaları sərtləşdirməkdənsə, etiraza səbəb olan problemlərin həllinə başlamaq lazımdır”.


AMİP katibi Əli Orucov isə bildirdi ki, kütləvi aksiyalarla bağlı qanunvericiliyin pozulmasına görə cəzaların sərtləşdirilməsi haqqında qanun layihəsi antidemokratik mahiyyətli dəyişiklikdir.

İnsanların sərbəst toplaşmaq haqqı onun konstitusion haqqıdır və bunun məhdudlaşdırılması beynəlxalq hüquq normalarına da ziddir: “Nazirlər Kabinetinin müəyyən qədər yeniləşdirilməsinin və yeni gənc kadrların yüksək postlara gətirilməsinin ardınca kütləvi aksiyalarla bağlı pozuntulara görə hüquqi məsuliyyətin sərtləşdirilməsi islahatlara və yeniləşməyə olan inamı zərbə altına qoyur. Bundan belə nəticəyə gəlmək olur ki, fundamental və əsaslı islahatlara gedilməyəcək. Sadəcə, kosmetik dəyişikliklər etməklə əslində köhnəlik qorunub saxlanacaq. Əks halda qanunda bu cür dəyişikliyə gedilməzdi. Ümid edirəm ki, hakimiyyət bu layihəni dayandıracaq. Partiya olaraq bu dəyişikliyin qəti əleyhinəyik və iqtidarı bu cür neqativ addımlardan çəkindirməyə çağırırıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.