Bakıya qarşı qisas və revanşa hazırlaşırlar – Xəbərdarlıq

29-04-2018, 12:25           

2013-cü ildə iflasa uğramış bədnam “Ştrasser layihəsi”nin şokunu yaşayanlar AŞPA-dakı “korrupsiya hesabatından” sonra yenidən “siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşırlar. Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur. Necə düşünürsünüz, dövlət öz mənafeyini qorumalı deyilmi?

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov AŞPA-da Azərbaycan əleyhinə kampaniyaya münasibətində qeyd edib.

“Biz xarici anti-Azərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik. Həmişə erməni lobbisinin fəaliyyətini nümunə göstərərək Azərbaycanı öz gücünə iqtisadi lobbi, siyasi dəstək qrupları formalşdırmamaqda ittiham edənlərin bugünkü əks-mövqeyini məntiqlə izah etmək mümkün deyil.

Biz ölkə daxilindəki opponentlərdən “niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, “niyə bu və ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur. İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər sadəcə xəyanət yolu tutmuşlar. Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞPA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda “qürurla” danışır. Çox mühüm səbəb budur - lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə almışlar.

Lobbi quruculuğuna yardım edəcək bəzi diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı “iaşə müxalifəti”nə çevrilib və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar. Həmin “iaşə müxalifəti” AŞPA-da ermənipərəst “People in Need” təşkilatının dinləmələrində canfəşanlıq edir.

Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar. Avropanın bəlli çevrələrindən bəhrələnən radikal müxalifətin xalqın heysiyyatına hesablanmış və XIX əsrə xas “vaveyla şəriət əldən getdi” tərzdə şüarı, hətta hansısa oteldə baş verən hadisəyə görə hakimiyyəti ittiham etməsi onların populizminin və primitivliyinin göstəricisidir. Əvvəla, Pedro Aqramuntun məlum açıqlaması bu iddialara çox tutarlı cavab oldu. Digər tərəfdən isə, bir müddət əvvəl “niyə otellərdə cütlüklərdən sənəd tələb olunur” deyənlərin bu gün tam əks fikir səsləndirməsi onların sadəcə manipulyasiya həvəskarı olduğunu təsdiq edir.

İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.