YENİ “BÖYÜK OYUN”DA KİM QALİB GƏLƏCƏK? – “Rusiya və Çin məğlub ola bilərlər”

29-04-2018, 12:50           

Bizim yeni soyuq müharibəyə qədəm qoyduğumuzu söyləmək – bu həm baş verənlərin səviyyəsini azaltmaq, həm də yanaşmada böyük səhv olardı. Əgər ideologiyanı nəzərə almasaq, 20-ci əsrdə kommunist Şərqi ilə kapitalist Qərbi arasındakı qarşıdurmanın məğzi iki böyük dövlətin bir-birinin qarşısını almaqdan ibarət olub. Hal-hazırda bizim qarşılaşdığımız qlobal münaqişə daha az statikdir.

Bu gün biz yeni “Böyük oyunu” müşahidə edirik, yəni iki böyük dövlət bir-birlərinin təsir sferasını azaltmağa çalışır. Əfqanıstanda hökmranlıq uğrunda Böyük Britaniya və Rusiya imperiyası arasında 19-cu əsrdə gedən Böyük oyundan fərqli olaraq, indiki “Böyük oyun” qlobal xarakter daşıyır və həmçinin daha mürəkkəb və daha təhlükəlidir.

Gəlin onları “üçlərin oyunu” adlandıraq. Həmin oyunun üç əsas iştirakçısı var – Rusiya, Çin və Qərb. Onlar bir-birləriylə üç istiqamətdə rəqabət aparırlar: coğrafi, intellektual və iqtisadi. Bu güclərin təsir uğrunda iddialarının toqquşduğu üç məkan var: Suriya, Ukrayna və Sakit okean. Bizim zəmanənin mühüm əhəmiyyət kəsb edən əksər münaqişələrinə bu üç şəbəkənin müxtəlif kombinasiyalarının təzahürü kimi baxmaq lazımdır.

Son dövrlər, Qahirədən tutmuş Kopenhagenə kimi – hökumətlər və sadə vətəndaşlar liberal demokratiyaya və İkinci Dünya Müharibəsindən sonrakı internasionalizmin onlar üçün düzgün seçim olduğuna və olacağına şübhə ilə yanaşırlar. Bütün bu ölkələr üçün Çin və Rusiya alternativ olaraq ikitərəfli və çoxtərəfli alyanslar modeli təklif etməyə və eyni zamanda da müdafiəçi rolunda çıxış etməyə hazırdırlar.

Əgər siz beynəlxalq hüquq normaları, Avropaya inteqrasiya və korrupsiyaya qarşı mübarizə sxemini əldə rəhbər tutmaq istəmirsinizsə, onda onların arxasınca gedə bilərsiniz! Məsələn, ölkədə daha bir üsyan qalxması halında Misir hökuməti üçün təkidlə insan haqlarına hörmətlə yanaşılmasını tələb edən Avropa ilə ittifaq və ya gözünü represiya faktlarına qapayan Rusiya ilə ittifaq, hansı daha cəlbedici olar?

Rusiya məsələlərin həlli variantı kimi hərbi qəddarlığı təklif edir, Çin isə merkantil yanaşmaya üstünlük verir. Qərbdən fərqli olaraq, Çin, insan haqlarının və qanunun diktaturasının innovasiyanın yolunda əngəl olmasına imkan vermir. 2017-ci ilin sonunda Pekin Ukraynaya etdiyi investisiyanın həcmini artıraraq, bu addımını Avropaya gedən yeni ipək yolunun mühüm elementi adlandırıb. Korrupsiya girdabına girmiş Kiyev hakimiyyəti sevinclə elan edib ki, Ukraynada 2019-cu il Çin ili olacaq.

Və ya götürək Balkanları. Özünüzü hər hansı bir Balkan dövlətinin baş nazirinin yerinə qoyun. Ola bilər ki, siz 80 min səhifəlik qanunları həyata keçirib, bütün sərt tələbləri yerinə yetirərək əbədi olaraq Avropa Birliyinin sizi öz klubunun üzvü edəcəyini gözləyəcəksiniz. Amma bunun əvəzinə sizdən buna bənzər heç nə tələb etməyən çinli investorlara da müraciət edə bilərsiniz. 2016-cı ildə Çin prezidenti Si Çzinpin Serbiyaya üç günlük rəsmi səfər etmişdi. Bundan bir il əvvəl isə Angela Merkel Serbiyada yalnız bir neçə saatlığa olmuşdu. Həmin səfərdən sonra Çinin dövlət şirkəti Serbiyanın böyük polad tökmə zavodunu, Albaniyadakı Tirana beynəlxalq aeroportu, Rumıniyadakı kömürlə işləyən iri elektrik stansiyasını almaqla yanaşı, Yunanıstanın Pirey şəhərindəki buxtanı da icarəyə götürüb.

Çin, Rusiyanın aqressiv anti-Qərb nöqteyi-nəzərini bölüşməsə də, Pekin və Moskva qarşılarında vahid strateji hədəf qoyublar. Onlar Qərbin dünyadakı təsir imkanlarının azaldılmasına nail olmaq istəyirlər. Çin yeni alyansı möhkəmləndirmək üçün vəsait ayırır, Rusiya isə “siyasi zəhər ifraz edir”. Necə də ideal cütlükdür!


Bu gün 19-cu əsrdəki “Böyük oyun”dakı kimi, Kreml üstünlüyə malikdir. Çünki onlar bilirlər ki, nə qədər Kreml ölkə xaricində özünün qeyri-liberal proqramını irəliyə aparırsa, Rusiya daxilində ictimaiyyət tərəfindən hakimiyyətin açıq tənqid olunacağı ilə əlaqədar narahatlıq keçirməyə dəyməz. Əksinə, hələ ki, hərbi gücün tətbiqi Qərb hökumətlərində destablizasiya yaradırsa, bu yalnız Rusiyada Vladimir Putin rejiminin mövqeyini möhkəmləndirir. İstənilir ki, rus xalqı keçmişin qəddar liderlərinə və onları hal-hazırda idarə edənlərə fəxrlə yanaşsın.

Müstəqil “Levada-mərkəz”-in 2017-ci ildə keçirdiyi rəy sorğusunun nəticələri göstərib ki, rusiyalıların 38 faizi kütləvi qırğın törədən İosif Stalini dünya tarixinin “ən görkəmli siyasi xadimi” hesab edirlər. Stalindən sonra ikinci yeri 34%-lə Putin tutur.

Belə bir vəziyyətdə “Böyük oyun”un intellektual ölçüsü kimi sosial özünütənqid ön plana çıxır ki, bu da əksər Qərb ölkələrinin özünəməxsus xüsusiyyətidir. Ancaq bu xüsusiyyət Rusiya cəmiyyətinin çox hissəsi üçün yad məfhumdur. Açıq şəkildə ifadə edilən və dövlət ilə xalq arasındakı fikir ayrılıqlarının cəmiyyətin müxtəlif qrupları tərəfindən müzakirə olunması liberal cəmiyyətin işləməsinə təkan verir.

Amma Qərbin zəif yerindən istifadə edərək əsl həqiqət anlayışı məhv edilməyə çalışılır. İntellektual güc kimi Avropa üçün Rusiya, təxminən Faust üçün Mefistofel kimidir. Mefistofel deyirdi: ”Mən həmişə inkar etməyə vərdiş etmiş ruham”. Yəni Götenin sözlərini obrazlı şəkildə yenidən ifadə etsək, bu o deməkdir ki, Qərbin yaratdığı hər şey çökməlidir.

Məhz elə buna görə Rusiyanın yaydığı dezinformasiya və onun faktları eybəcər hala salaraq təhrif etməsi effektli alınır ki, Qərb alyansı İraqdakı müharibə kampaniyasına bəraət qazandırmaq üçün təhrif edilmiş məlumatlara söykənirdi və bundan sonra avropalılar müharibə məsələsində öz hökumətlərinə inanmırlar.

Keçmiş Rus agenti Sergey Skripal və onun qızı Yuliyaya qarşı tətbiq olunmuş zəhər, həmçinin də suriyalı uşaqların başına yağdırılan kimyəvi silah həm insanları, həm də London, Paris və Berlindəki seçilmiş məmurlara olan etibarı öldürür.

Kosovoda, İraqda və Suriyada şübhəli və ya hətta açıq şəkildə qanunsuz əməliyyatlar aparmaqla, beynəlxalq birliyin zaman-zaman öz standartlarını pozduğuna heç bir şübhə yoxdur. Rusiya və Çin başqa cür edir. Onlar ədalətə nail olmaq cəhdlərini əngəlləmək və Qərbi zəiflətmək üçün BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərindən istifadə edirlər.


Kim bu uzun oyunda qalib gələcək? Bu təhlükəyə qarşı Qərbin vahid cəbhəylə çıxış etməyə hazır olmasını söyləmək, hələ çox tezdir. Lakin yaxşı xəbər ondan ibarətdir ki, Rusiya və Çin yeni “Böyük oyun”da məğlub ola bilərlər.

Bu oyunda oynamaq üçün xeyli vasitə tələb edilir. Hadisələrə daha geniş və qlobal baxışın çatışmaması bəllidir ki, uğursuzluqla nəticələnir, çünki ölkə xaricində sərf edilmiş resurslar ölkə daxilində sülh və tərəqqini təmin edə bilmir.

Alman şairi Teodor Fontane Britaniya ordusunun 1842-ci ildə Hindiquşu Rusiyadan almaq üçün göstərdiyi cəhd barəsində yazırdı: “Yürüşə 13 min nəfər yola düşdü və yalnız bir nəfər Əfqanıstandan evə qayıda bildi”. Hər halda tamamilə buna bənzər vəziyyət çox tezliklə Rusiya və Çin ilə də baş verə bilər.

(“The New York Times”)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.