Bu qurumlarda yoxlama aparıldı - İcra Hakimiyyətində, universitetdə yeyintilər aşkarlandı

3-08-2018, 12:52           
Bu qurumlarda yoxlama aparıldı - İcra Hakimiyyətində, universitetdə yeyintilər aşkarlandı
Hesablama Palatası Azərbaycan Tibb Universitetinin fəaliyyətində nöqsanlar aşkarlayıb.

Hesablama Palatasının kollegiyası Azərbaycan Tibb Universiteti üzrə 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Məlum olub ki, "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 2015-ci və 2016-cı ilin sonuna istifadə edilməyən vəsaitin, eləcə də müxtəlif səbəblərdən Universitetin tələbələri sırasından xaric edilmiş dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ödənilmiş təhsil haqqının dövlət büdcəsinə qaytarılması, müxtəlif illərdə Universiteti və hazırlıq fakultəsini bitirərək təhsil haqqında sənədini almış əcnəbi dinləyici, aspirant və klinik ordinatorlardan təhsil haqqının, akademik borca görə təkrar dinlənmə təşkil edilmiş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin 2016/2017-ci tədris ilinin payız və yaz semestrlərinin nəticələri üzrə müvafiq olaraq 4,1%-nin və 4,3%-nin akademik borcu yaranıb, akademik məzuniyyətə getmiş tələbələrə düzgün olmayaraq təhsil haqqı hesablanıb.

Hesabatda deyilir ik, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə uyğun olmayaraq rezidenturada təhsil alanlara əmək haqqı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında”, "Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə uyğun olmayaraq hərbi tibb fakultəsinin hərbçi müəllimlərinə əmək haqqına əlavələr, təqaüd dövlət büdcəsinin vəsaiti hesabına deyil, Universitetin təsərrüfat hesablı gəlirləri hesabına ödənilib.

Universitetin funksional fəaliyyəti üçün zəruri olmayan ştatlar saxlanıb, bir sıra hallarda professor-müəllim heyəti üçün normadan aşağı dərs yükü və auditoriya saatları müəyyən edilib, orta aylıq əmək haqqının düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilib.

Hesablama Palatasının kollegiyası Azərbaycan Tibb Universiteti tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının Səhiyyə Nazirliyinə və Azərbaycan Tibb Universitetinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.

***

Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən 2016-2017-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.

Audit nəticəsində bəzi hallarda layihə-smeta sənədləri hazırlanmadan, satın alınacaq malların ehtimal olunan qiyməti müəyyən edilmədən satınalma müqavilələrin bağlanılması, vəsaitlərin satınalma keçirilmədən və məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə ayrı-ayrı müqavilələrə bölünməklə icra olunması halları müəyyən edilib. Bəzi müqavilələrin icrası zamanı tərtib olunmuş müvafiq sənədlərdə müəyyən edilməyən bir sıra işlər üzrə vəsait nəzərdə tutularaq istifadə olunub, işlər yerinə yetirilmədiyi halda podratçıya vəsait ödənilməsi hallarına yol verilib, çəkilən xərclər müvafiq qaydada uçota alınmayıb.

Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Nazirlər Kabinetinin və Tarif Şurasının müvafiq qərarlarının tələblərinin gözlənilməməsi səbəbindən mənzil fondu üzrə gəlir az hesablanmış və bir sıra hallarda isə artıq vəsait xərcinə yol verilib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyət ilə əlaqədar manevr və marşrut xətti müəyyənləşdirilməməsi və tullantıların daşınması məqsədi ilə xidmət müqavilələrinin bağlanılmaması nəticəsində vəsaitlərin səmərəli istifadəsi təmin olunmayıb.

Qeyd edək ki, audit 2016-2017-ci illərdə Gədəbəy şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq işlərinin və çoxmənzilli binaların təmiri işlərinin, həmçinin İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən mənzil fondunun əsaslı təmiri və abadlıq işlərinin, şəhərin işıqlandırılması, yolların əsaslı təmiri, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi və abadlıq işlərinin aparılması üçün istifadə olunan ümumilikdə 6445,1 min manat vəsaiti əhatə edib.

Hesablama Palatasının Kollegiyası Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən auditlə müəyyən edilmiş nöqsanları aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya Qərarının surəti Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.