Ruslar və avropalılar gürcülərin Lahıcına niyə axışır? – Reportaj

4-08-2018, 00:00           
Ruslar və avropalılar gürcülərin Lahıcına niyə axışır? – Reportaj
Tiflisdən Msxetaya yarım saatlıq yoldur. Bu qədim ərazi Lahıca oxşayır. Amma tək oxşarlığı budur.

Gürcü bizimkilərdən fərqli olaraq, bu kiçik yeri o qədər təbliğ ediblər ki, turist axını yay-qış səngimək bilmir.

Halbuki, İsmayıllının Lahıc kəndinin potensialı daha böyükdür və istərsə ərəbləri, iranlıları, istərsə də avropalıları bu gözəl yerə cəlb etmək mümkündür. Əmma…

Əmması ondan ibarətdir ki, Msxetada turistlər üçün hər bir imkanlar var: çay kənarında kirayəlik otellər, xudmani ürəyəyatımlı evlər, kafe-restoranlar, evdə hazırlanmış mürəbbədən tutmuş bala, çaxıra qədər var.

Məsələn, siz evdə çəkilmiş “Saperavi” çaxırının bir litrini Msextadan 10 lariyə ala bilərsiniz. Eyni məbləğə səhəng, müxtəlif aksesuarlar, əl işi olan cürbəcür əşyalar, qolbaqlar, bilərziklər, sırğalar tapmaq olar.

Təbii ki, turistlərin çox olması Tiflisdən qiymətləri bahalığına görə fərqləndirir. Msxetada restoranda yeyib-içmək paytaxtdan 20-25 lari bahadır.

Siz Msxetada qəti darıxmayacaqsınız: çayda katerlə, mərkəzdə atla gəzinti, katoliklərin kilsəsinə giriş, 2 lariyə Qafqaz rəqs geyiminin maketi ilə şəkil çəkdirmək və s. ilaxır.

Bura gələn turistlərin əksəriyyəti rusiyalı və avropalılardır. Az sayda ərəb, hind, iranlı, azərbaycanlılar var.

Bəs, onları bura çəkən nədir? – sual ritorikdir. Bizim gördüklərimizdən çıxan nəticəyə görə, gürcülər sadəcə, turizm piarını yaxşı qurublar – başqa heç nə!

Lahıc barəsində kampaniya başladılsa, təkcə ərəb yox, rus və avropalı turistlərin də məskəninə çevrilər. Ancaq gərək kiçik sahibkarlığa müdaxilə olsun.

Gürcü hökumət kiçik və orta sahibkarlığa toxunmur, geniş imkanlar yaradıb. Xalq turizmdən qazanır: taksi, hostel, kafe, bazar…

Ona qalsa gürcülər də hökumətdən çox razı deyillər. Taksi şoferi David deyir ki, 140 lari pensiya ilə yaşamaq olmaz. O, Msxetaya turist daşıyır. Buna görə 50 lari alır.

Həmin turist Msxetadakı kafedə xingəl, çaxır, ocaxuri, xaçapuri və s. yeməklərin dadına baxır, burdan da kiçik sahibkarlıq qazanır. Və dövlət ağır vergilər, qeyri-rəsmi tələblər irəli sürmür.

Yəni, dövlətin pensiya və əmək haqlarını yüksək səviyyədə artırmaq imkanı olmasa da, pul qazanmağa şərait yaradıb ki, başlarını dolandırsınlar.

Odur ki, Msxetadan Siqnaki, Kazbekidən Kobuleti, Batumidən Borjomiyə qədər gürcü şəhərləri turistlərlə doludur.

Onu da deyək ki, Mtsxeti – Mtienati Gürcüstanın 9 diyarından biridir. Mtsxeta-Mtianetinin bir hissəsi separatçı Cənubi Osetiya qüvvələrinin işğalı altındadır.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.