Xəzəri çirkləndirənlərə qarşı mübarizə gücləndirilir

4-08-2018, 08:14           
Xəzəri çirkləndirənlərə qarşı mübarizə gücləndirilir
“Reydlər dənizin Azərbaycan sahil zolağı boyunca davam edəcək”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi ətraf mühitə zərər vuranların aşkarlanması məqsədilə Xəzər dənizi sahili boyunca reydlər keçirir. Bu reydlər həm monitorinq xarakterlidir, həm də yerlərdən daxil olan şikayətlərin araşdırılması məqsədi daşıyır.

ETSN-in yaydığı məlumata görə, qurumun “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub. Şikayətlə bağlı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində monitorinq və araşdırma aparılıb.

Sözügedən ərazidən çirkab su axan hissədən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə suyun tərkibində çirkləndirici maddələrinin normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh olan Bakı Su kanal İdarəsinin rəisi Habil Quliyev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.


Bundan əvvəlsə ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Lənkəranda pozuntu aşkarlayıblar. Onların həyata keçirdikləri reydlər zamanı Lənkəran rayonu Xəzər dənizi sahili zonasında fəaliyyət göstərən “Delfin” ictimai-iaşə obyektində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı, “Meduza”, “Su pərisi”, “Panarama”, “Məşədi”, “Gəl arada bir” ictimai iaşə obyektlərində isə əmələ gələn məişət tullantılarının qalaqlandığı və yandırıldığı müəyyən olunub.

Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 3100 manat məbləğində cərimə olunublar. Nöqsanların aradan qaldırılması üçün obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Bu günlərdə redaksiyamıza daxil olan məlumatda Qum adasında da çirkab suların təmizlənmədən Xəzərə axıdıldığı bildirilir.

ETSN mətbuat xidmətindən məsələ ilə bağlı “Yeni Müsavat”a verilən məlumata görə, hazırda qurumun əməkdaşları Xəzər dənizinin cənub sahilləri və Sumqayıt ərazisində monitorinq aparırlar: “Bundan əvvəl analoji monitorinqlər şimal sahilləri boyu həyata keçirilib. İstirahət mərkəzlərində qanun pozuntuları ilə bağlı pozuculara qarşı protokollar tərtib olunub, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq edilib. Bundan başqa, obyekt sahiblərinə pozuntuları aradan qaldırmaq üçün müddət müəyyənləşdirilərək, icrası məcburi olan göstərişlər verilib”.


Xidmətdən onu da bildiriblər ki, bu reydlər Xəzər dənizinin Azərbaycan sahil zolağı boyunca davam edəcək: “Bu, yalnız bir və ya iki nazirliyin işi deyil. Lazımdır ki, bütün vətəndaşlar, sahibkarlar, obyekt sahibləri ətraf mühitin qeydinə qalsınlar. Çirkab suların axıdıldığı suda hamının yaxınları çimir, o sularda yetişən balığı hamı yeyir. Buna görə də vətəndaşlara və sahibkarlara müraciət edirik. Vətəndaşlar gördükləri qanunsuzluqlar barədə 168 saylı ”Qaynar xətt"ə məlumat versinlər. Sahibkarlar isə öz fəaliyətlərində qanunvericiliyin tələblərinə əməl etsinlər. Xəzər hamımızındır, onu qorumaq hər birimizin borcudur".

Qum adasında çirkab suların dənizə axıdılması faktı ilə bağlı məsələyə gəlincə, xidmətdən tezliklə həmin əraziyə baxış keçiriləcəyini qeyd etdilər: “Hazırda əməkdaşlarımız Sumqayıt və Lənkəran ərazisindədirlər. Ondan sonra Bakının inzibati rayonlarının sahilboyu ərazilərində, o cümlədən Qum adasında reydlər keçiriləcək, dediyiniz fakt yerindəcə araşdırılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.