Son 7 ayın acı eko-statistikası - 700 hektar meşə ərazi yanıb

4-08-2018, 08:51           
Son 7 ayın acı eko-statistikası - 700 hektar meşə ərazi yanıb
Hikmət Əlizadə: “Qanunvericilikdə qəsdən yanğın törədilməsi ictimai təhlükəli terrorçuluq əməlinin tərkib hissəsi sayılır”; Umayra Tağıyeva: “Son dövrlərdə Azərbaycanda müşahidə olunan toz dumanı lokal xarakter daşıyır”
“Cinayət qanunvericiliyində meşə və çöl yanğınlarına səbəb olan şəxsləri hadisənin ağırlıq dərəcəsindən asılı olaraq 1 ildən 7 ilə qədər həbs cəzası gözləyir”.

Musavat. com xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə və çöl yanğınları ilə bağlı keçirdiyi mətbuat konfransında nazir müavini Firdovsi Əliyev səsləndirib.

O qeyd edib ki, Azərbaycan qanunvericiliyində meşə yanğınları ilə bağlı kifayət qədər cinayət tərkibli maddələr var: “Cinayət Məcəlləsinin 244-cü maddəsində bununla bağlı xüsusi cəzalar nəzərdə tutulub. Fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 6 min manata qədər cərimə olunur. 3 ay öncə Milli Məclisdə bu maddələrə bir daha baxıldı və müəyyən dəyişikliklər olundu. Bu cür yanğınlara səbəb olan şəxsləri hadisənin ağırlıq dərəcəsindən asılı olaraq 1 ildən 7 ilə qədər həbs cəzası gözləyir”.

Firdovsi Əliyev hüquq-mühafizə orqanlarına da səslənərək sərt tədbirlər görməyin vacibliyini vurğulayıb: “Bu cür sərt cəzalar nəzərdə tutan maddələr kifayət qədərdir. Ancaq təəssüf ki, hələ də insanlar bu məsələyə biganə münasibət bəsləyir. Mən buradan hüquq- mühafizə orqanlarına səslənirəm ki, bu məsələdə ciddi tədbirlər görməyin vaxtı çatıb. Kimliyindən asılı olmayaraq meşə yanğınına səbəb olan hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yoxsa biz sonsuza qədər bu yanğınlarla mübarizə aparmaq gücündə deyilik. Burada hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, biganə yanaşmamalıdır. Çünki bu sərvət hər birimizindir”.


“Keçən ilin statistikasına görə, 1098 hektar meşəlik ərazidə yanğın baş verib. Meşə deyərkən biz həm meşə fondu torpaqlarını, xüsusi mühafizə olunan təbiət ərazilərini, bağ və qoruq ərazilərini nəzərdə tuturuq. Bu hadisələr əsasən Qəbələ, Oğuz, Salyan, Şabran, Masallı, Ağstafa rayonlarında qeydə alınıb. Bu ilin 7 ayında isə artıq 700 hektar meşəlik ərazidə yanğın baş verib”.

Bunu isə mətbuat konfransında nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə səsləndirib.

O bildirib ki, yanğın çox böyük ictimai fəsad törədən bir hadisədir və burada insan gücünün xaricində olan hadisələr baş verir: “İnsanın ona müdaxilə etməsi, qarşısını alması mümkün deyil. Bu yanğınlar nəticəsində həm təbiətimizə, həm dövlətimizə böyük ziyan dəyir. Həm fauna və flora ehtiyatlarımıza, atmosferə zərər dəyir. Yəni bu, qlobal ictimai fəlakət törədən bir əməldir və biz bu baxımdan yanaşmalıyıq”.


Nazirlik rəsmisi “Altıağac” milli parkında baş verən yanğın üzərində xüsusi dayanıb: “Yanğın hadisəsinin baş verdiyi ilk gündən biz oradaydıq. Özümüz də araşdırma apardıq və yanğının yaxınlıqda olan Köhnə Quşçu kəndinin biçənək ərazisində baş verdiyini öyrəndik. Hətta həmin ərazidə müşahidə etdik ki, orada ocaq qalanıb. Kənarlara iki daş qoyulmuşdu, ortasında kiçik bir dəmir parçası var idi. Çox güman ki, orada otluqda çay qaynadıblar, dincəliblər və alov ota sıçrayıb. Yanğın da idarəolunmaz bir hadisədir. Sürətlə biçənəyə yayılıb və oradan yaxınlıqdakı dağlıq əraziyə keçib. Biz artıq həmin insanlarla bağlı faktlar toplamışıq, Siyəzən Rayon Polis Şöbəsinə müraciət etmişik. Düşünürük ki, həmin insanlar tapılacaq, məsuliyyətə cəlb olunacaq. Bu çox vacibdir. Təsəvvür edin ki, 3 gün o ərzində dövlətin külli miqdarda vəsaiti xərcləndi. FHN-in helikopterləri və şəxsi heyəti işlədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri öz xidməti vəzifələrini qoyub, 3 gün səhər-axşam bu ərazidə çalışdılar. Flora və faunaya dəyən ziyan ölçüyə gəlməz. Bütün bunlar hansısa bir məsuliyyətsiz şəxsin əməli üstündə baş verdi”.

Hikmət Əlizadə onu da vurğuladı ki, artıq bu hadisələrə son qoymaq üçün məsuliyyət məsələsi gündəmə gəlməlidir: “Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində olan cəzalar tətbiq edilməlidir. Qanunvericilikdə qəsdən yanğın törədilməsi ictimai təhlükəli terrorçuluq əməlinin tərkib hissəsi sayılır. Düzdür, son hadisənin qəsdən törədildiyini iddia etmirəm. Ancaq elə hallar da olur. Kimsə qonşusu ilə yola getmirsə onun taxıl zəmisini yandırır və sair. Bu sahədə jurnalistlərin də köməyinə ehtiyac var. Çünki cəmiyyətdə maarifləndirmə işi aparılmalıdır. Həmçinin hüquq- mühafizə orqanları istər ehtiyatsızlıq üzündən, istərsə də qəsdən yanğın törədən təqsirkarları məsuliyyətə cəlb etməlidirlər. Bu kimi faktlar artdıqca insanlarda məsuliyyət hissi də artacaq”.


Nazirlik rəsmisi vətəndaşların bu məsələdə həssas olmamasından da narazılığını ifadə etdi: “Çox vacib bir məqam da vətəndaş məsuliyyətidir. Düşünün ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə idarələrində işləyən əməkdaşları, FHN-in Bakıda əsgər və şəxsi heyəti yanğının söndürülməsinə cəlb edildi, ancaq Siyəzən rayonunun əhalisindən bir nəfər gəlib bizə kömək eləmədi. Hətta yanğın baş verən kəndin sakinlərindən də bir nəfər yox idi. Ən azı öz evlərinin, balalarının mühafizəsi üçün, onlara oksigen verən meşənin xilası üçün heç kim köməyə gəlmədi. Bunun üçün də mətbuatın köməyinə ehtiyacımız var ki, maarifləndirmə işi aparılsın”.

Son dövrlərdə Azərbaycan ərazisində müşahidə olunan toz dumanı əsasən antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır.

Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir: “Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir. Ətraf mühitə atılan və axıdılan tullantılar yol verilən normadan artıq olduqda vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq 2500-4000, hüquqi şəxslər isə 10,500-12,500 manat cərimə olunacaq”.

U.Tağıyeva qeyd edib ki, tozlu hava şəraiti Azərbaycanda daha çox Abşeron yarımadasında qeyd olunur: “Toz dumanları müşahidə olunanda eyni zamanda atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şərait yaranır. Buna görə də həmin vaxtlar toz-dumanı ilə yanaşı, digər zərərli maddələrin də havada artması insan orqanizmində əlavə risklər yaradır, əsasən də tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.