Hacı Sabir Həsənlidən Məleykə Abbaszadəyə qarşı İTTİHAM
30-09-2015, 16:08
“Azərbaycanda 1600 məscid var ki, onların heç birində xanım imam və axund yoxdur. Buna da səbəb Azərbaycan İslam Universitetini bitirən tələbə xanımların imam və axundluq etmək statusundan məhrum olmasıdır”.
Bu açıqlamanı Cebhe.info-ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin rektoru, “Heydər” Məscid Kompleksi İdarəsinin rəhbəri Hacı Sabir Həsənli verib.
Onun sözlərinə görə, hər il universitetə müraciət edən xanım abituriyentlərin sayı kişilərdən çox olur. Lakin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı əngəllər səbəbindən bu gün məscidlərdə qadın imam və axundlara rast gəlmək mümkün deyil: “Tarixən imamlar və axundlar kişilərdən olub. Azan vermək üçün minbərə də kişilər çıxıb. Ancaq indi məscidlərdə qadınların namaz qıldığı zallarda qadın imam yoxdur. Onlar kişi imamların və ya axundların əzanı ilə namaza gəlir, özləri qılıb çıxıb gedir. Məsələn, mənim rəhbərlik etdiyim Heydər Məscidində 3-cü mərtəbədə xanımların namaz qılması üçün gözəl şərait yaradılıb, xalça döşənmiş böyük salon var. Ancaq onlar imamsız namaz qılırlar. Yəni, kişilərin namaz qıldığı salondan fərqli olaraq, qadın salonunda namazı fakitiki olaraq idarə edən olmur. Biz bu problemi həll etmək üçün neçə illərdir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə razılığa gələ bilmirik. Halbuki xanımların sayı kişilərdən çoxdur. Xanımlar da bu statusdan məhrum ediləndə yaranmış boşluğu vəhabilər, terrorçu qruplarla əlaqəsi olan digər qeyri-ənənəvi məzhəblərin nümayəndələri tutur”.