Ali Məhkəmə üçün sınaq - əlilin haqqı bərpa olunacaq?

28-12-2015, 11:52           
Ali Məhkəmə üçün sınaq - əlilin haqqı bərpa olunacaq?
“Haqqımı istəyirəm, mənə kəsilən və verilməyən təqaüdümü versinlər” - Gədəbəyin Arıxdam kənd sakini Məhərrəm Məmmədov belə deyir. Qarabağ müharibəsi zamanı silah-sursat daşıyan M.Məmmədov həmin illərdə qəzaya düşüb, sağlamlığının 60 faizini itirib.

“Yeni Müsavat” qəzetinin redaksiyasına gələn M.Məmmədov deyir ki, ona qarşı haqsızlıqlardan bezib. Şikayətçi M.Məmmədovun sözlərinə görə Gəncə şəhər 2 nömrəli körpü-tikinti sahəsinin onun üçün ayrılmış müavinəti ödəməkdən imtina edir:
“1990-cı ildə “Azəravtoyol” istehsalat birliyinin nəzdində olan Gədəbəy rayon 5 nömrəli körpü-tikinti sahəsində “KamAZ” 55111 markalı maşına sürücü kimi işə götürülmüşəm. 12.08.1992-ci ildə 085296 nömrəli yol vərəqəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy bölgəsinə və Gədəbəy rayon icra hakimiyyətinin sərəncamı ilə Ağdam şəhərindən xüsusi yük gətirməyə göndərilmişəm. Geri qayıdarkən idarə etdiyim “KamAZ” markalı maşınla Gədəbəy rayonu ərazisində qəzaya uğramışam. Qəza nəticəsində sol bud sümüyünün aşağı ətrafının 1/3-nin qapalı sınığı, hər iki diz qapağının qapalı yerini dəyişmiş sınığı ilə Şəmkir rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə göndərilmişəm. Dörd ay Şəmkir rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsində müalicə olunmuşam. Vəziyyətim ağır olduğundan Şəmkir rayon Kür qəsəbə xəstəxanasının travmatologiya şöbəsinə göndərilmişəm. İki ay orada müalicə aldıqdan sonra ambulator müalicəyə buraxılmışam. 29 nömrəli zona tibbi sosial ekspert komissiyasının ekspertləri tərəfindən 60 faiz sağlamlığımı itirdiyimə dair sənəd təsdiq olunub. 5 nömrəli körpü-tikinti sahəsi tərəfindən mənə “İstehsalatda bədbəxt hadisə aktı” tərtib edilib. Həmin akt əsasında mənə 1993-cü ilin aprel ayında 3-cü qrup əlillik dərəcəsi verilib və əmək pensiyası təyin edilib. Əmək pensiyasından əlavə Gədəbəy rayon 5 nömrəli körpü-tikinti idarəsi tərəfindən 1993-cü ilin aprel ayından 1996-cı ilin dekabr ayına kimi əmək xəsarəti və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar orta əmək haqqının 60 faizi məbləğində aylıq ödənc ödənilib. 1997-ci ilin yanvar ayında Gədəbəy rayon 5 nömrəli KTİ Gəncə şəhər 2 nömrəli KTİ-yə bütün avadanlığı ilə birlikdə təhvil verilərək birləşdirilib. Həmin tarixdən sonra hüquqi varis olan Gəncə şəhər 2 nömrəli KTS mənə veriləsi olan 60 faiz ödənişi həmin vaxtdan ödəməkdən imtina edir. Mən həmin idarəyə dəfələrlə müraciət etdikdə onlar mənə deyiblər ki, sənin haqda bizə heç bir sənəd verilməyib və yoxdur. Mən ondan sonra məcbur olub məhkəməyə müraciət etdim”.

M.Məmmədov deyir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsində bədbəxt hadisəyə görə müavinət ödənilməsinə dair iddia verib. Bütün sübut edən faktların olmasına, sənədlərin məhkəməyə təqdim edilməsinə baxmayaraq hakimi Emin Əliyev öz maraqları xətrinə Əmək və Mülki Məcəllələrinə zidd qərar çıxarıb: “Hakim qanunsuz qətnamə çıxardaraq iddianı rədd etdi. Hakim Əmək Məcəlləsinin 296-cı maddəsini 4-cü hissəsini nəzərə almayıb. Həmin qətnamədən verdiyim şikayət Gəncə Apelyasiya Məhkəməsinin hakimi Rəhman Muradov tərəfindən təmin edilməyib. Gəncə Apelyasiya Məhkəməsinin hakimi Rəhman Muradovun qərarından Ali Məhkəməyə kasasiya şikayəti vermişəm. Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev Gəncə Apelyasiya Məhkəməsinin hakimi Rəhman Muradovun qərarını dəyişmədən qüvvədə saxlayıb. Ali Məhkəmənin qərarından noyabrın 20-də Ali Məhkəmənin Plenumuna əlavə şikayət vermişəm”.
Məhərrəm Məmmədov Ali Məhkəmənin Plenumundan ədalətli qərar gözlədiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.