«Azərenerji» himayəsindəki «Şahdağ»ın işığını kəsdi - Etibar Pirverdiyevdən şok addım
24-02-2016, 12:56
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev ya başını itirib, ya da… O, himayəsində olan Qusarın "Şahdağ" futboluna qarşı qəribə addım atıb.
Yayılan məlumata görə, Pirverdiyev 5 aya yaxındı komandaya bir qəpik vermədiyi halda, bazanın işğını kəsib.
1000 manat borca görə qusarlılar günlərdir rayonun aidiyyatı orqanlarına ayaq döyür, amma şikayətlərini dinləyən yoxdur. Ən ilginc olanı isə odur ki, Etibar Pirverdiyev Bakıda qəbuluna gələn klub rəsmilərini də qəbul etməyib.
«Unikal»ın araşdırmasına görə, 2004-cü ildən "Azərenerji" ASC prezidentinin himayəsinə keçən "Şahdağ"da maliyyə vəziyyəti gündən-günə pisləşir. Hələ 2015-ci ilin yanvarında belə məlumatlar yayılmışdı ki, "Şahdağ"ı himayə edən Etibar Pirverdiyev qardaşı Vüqar Pirverdiyevi klubun idarəçiliyindən kənarlaşdırıb. Onun nəzarətindəki "Atlant" şirkəti də Qusar klubunu məliyyələşdirməkdən məhrum edilib.
Etibar Pirverdiyev qardaşını və onun şirkətini "Şahdağ"dan qovsa da, klubu əldən verməyib. Məlumata görə, "Azərenerji" rəhbəri özünün "Azenco" şirkətini kluba sponsor təyin edib.
Vüqar Pirverdiyevin gedişindən sonra kluba nəzarət Ərəstun Niftiyevə tapşırılıb. Elə bütün problemlər də bundan sonra başlayıb. "Atlant"ın dövründə komandanın maaşları vaxtlı-vaxtında verilsə də, indi futbolçular normal məvacib də ala bilmir. Ərəstun Niftiyevin başı öz biznesinə qarışıb, kafe işlədir, başqa sahələrdən pul qazanır, "Azenco" isə maliyyəni vaxtında ödəmir. Futbolçular və məşqçilər isə dərdlərini deməyə adam tapmırlar.
Bunun üstündən aylar keçdikdən sonra, bir az da konkretləşdirsək,
ötən ilin payızında Qusar klubunun yaydığı bəyanatda son durum üstüörtülü şəkildə də olsa, təsvirini tapıb "Təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırda "Şahdağ" tarixinin ən ağır günlərini yaşamaqdadı. Etiraf etməliyik ki, klubda ciddi maliyyə problemləri mövcuddu. Klubun iclasında rəhbərliyin qərarına əsasən, baş məşqçinin vəzifələrinin müvəqqəti icrası Şərəfəddin Məmmədova həvalə olunub.
Bununla yanaşı, bütün yerli oyunçular vəd ediblər ki, komandanı bu çətin günlərdə tərk etməyəcək və son nəfəsə qədər qalacaqlar. İclasda iştirak edən veteran futbolçular - Fair Əmirquliyev, Zahid Tayyibov və digərləri komandaya qayıdıb təmənnasız yardım edəcəklərini bildiriblər. Dəyərli azarkeşlər, bizi yaşadan və bizə stimul verən sizin dəstəyinizdi. Bu arada dəstəyinizə çox ehtiyacımız var. Gücümüzü birləşdirərək, Qusar futbolunu yaşadaq!
Əziz media nümayəndələri, "Şahdağ" həmişə mətbuata böyük hörmətlə yanaşıb və bu yoldan dönməyəcək. Bu günlərdə sizin dəstəyiniz də bizim üçün çox önəmlidir. "Şahdağ" zəngin tarixə malik olan bir klubdu. Bu il "Şahdağ" 65 illiyini qeyd edir. Biz inanırıq ki, hamımız bir yerdə "Şahdağ"ı dəstəkləyərkən, komanda öz 100 illiyini qeyd edəcək".
Amma bu müraciətdən sonra da Pirverdiyevin nəzarətindəki klubun maddi durumunda heç bir yaxşılaşma qeydə alınmayıb. Üstəlik, «Şahdağ»ın maliyyə vəziyyəti daha da pisləşib.
İş hətta o yerə çatıb ki, Pirverdiyev «Şahdağ»a maliyyə ayırmaq bir yana, onun elektrik enerjisi borcuna görə işığını kəsməkdən belə çəkinmir. Belə görünür, səlahiyyətlərinin önəmli hissəsini itirən, eyni zamanda biznes imperiyası həddən artıq zəifləyən «işıq şefi», adıçəkilən klubun himayəçiliyindən rəsmi olaraq, tamamilə imtina etmək fikrindədir və bunun üçün Qusar təmsilçisi ilə arasındakı «körpüləri yandırmağa» qərar verib.
Baş verənlər «Azərenerji» prezidentinin əvvəlki maliyyə qüdrətini demək olar, itirdiyinə dair uzun müddətdən bəri qəzetimizin yazdıqlarını bir daha təsdiqləyir.