“Azəriqaz”ın idarə rəisinə həbs cəzası verildi - TƏFƏRRÜAT

25-04-2023, 10:15           
“Azəriqaz”ın idarə rəisinə həbs cəzası verildi - TƏFƏRRÜAT
Gəncə Şəhər Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Teref.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, Azər Xəlilovun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

Qeyd: Hadisə 2021-ci ilin oktyabrın 2-də Gəncə şəhəri, Cavadxan qəsəbəsi adlanan ünvanda yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Bəbişov Elmir Azər oğlu vanna otağında olarkən qaz partlayıb. Ağır yanıq xəsarəti alan gənc dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

İş üzrə zərərçəkmiş qismində Elmir Bəbişov və onun atası Azər Bəbişov tanınır.

İttihamda qeyd olunub ki, partlayış nəticəsində Azər Bəbişova ümumilikdə 18 125 manat məbləğində əhəmiyyətli zərər dəyib.

Hadisədən sonra “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli srülüb.

Qeyd: Azər Xəlilov 2015-ci ildən 11 oktyabr 2021-ci il tarixədək “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru