“Sələmçi”likdə ittiham olunan deputatla vəkil arasında - Qalmaqal

25-08-2016, 22:34           
“Sələmçi”likdə ittiham olunan deputatla vəkil arasında - Qalmaqal
Hazırda Səbail rayon Məhkəməsində deputat Rüfət Quliyevin vətəndaş Nuranə Səfərovaya qarşı iddiası əsasında gedən məhkəmə prosesi davam edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sələmçilikdə ittiham olunan deputat R.Quliyev 2015-ci ilin martında dünyasını dəyişmiş Namiq Səfərovun ailəsini məhkəməyə verib. Deputat iddia ərizəsində bildirib ki, 2011-ci ildə N.Səfərovla aralarında öhdəlik müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, aylıq 8-10 faiz olmaqla, N.Səfərova ümumilikdə 81 min 850 dollar verib. R.Quliyev 2014-cü ildə verdiyi pulu və faizləri tələb edərək, N.Səfərovun həyat yoldaşı Nuranə Səfərovadan pulunu tələb edib. Deputat mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edir.

Nuranə Səfərovanın vəkili Ceyhun Yusifov bir neçə gün öncə millət vəkili Rüfət Quliyevin sələmçilik fəaliyyəti və öhdəlik müqaviləsi ilə Milli Məclisin sədri Oqtay Əsədova və İntizam Komissiyasının sədri Ağacan Əbiyevə müraciət edib.

Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu müraciətdən sonra ona qarşı təzyiqlər başlayıb: “Rüfət Quliyev tanımadığım şəxslərə yüksək imtiyaz söz verərək, məndən Vəkillər Kollegiyasına şikayətlər göndərir. Ondan faizə pul götürən şəxsləri çağırıb mənim haqda Vəkillər Kollegiyasına şikayət yazacaqları təqdirdə həmin borclarının silinəcəyini bildirib. Bu formada bir neçə şəxsin adından mənim əleyhimə kollegiyaya müraciət ediblər. Rüfət Quliyev fikirləşir ki, bu yolla məni cəzalandıra bilər”.

Qeyd edək ki, sözügedən məlumat sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olmuşdu. Deputat isə modern.az-a açıqlamasında haqqında yazılanları şər-böhtan adlandırmışdı: "Səsləndirilən fikirlərin hamısı şər, böhtan və iftiradır. Onların hamısı əsassız fikirlərdir. Mənə şər və böhtan atanlar məhkəmə qarşısında cavab verəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.