Getdikcə yayılır: Kişilərdə “səssiz xəstəlik” peyda olub
Bu gün, 10:14

ABŞ-də təxminən 2 milyon kişi, sümükləri zəif və sınan vəziyyətə gətirən, “səssiz xəstəlik” kimi tanınan osteoporozdan əziyyət çəkir.
Sherg.az “ntv.com.tr”yə istinadən xəbər verir ki, ABŞ Milli Onurğa Sağlamlığı Fondunun məlumatına görə, 16 milyon kişidə sümük əriməsinin ilkin mərhələsi sayılan osteopeniya mövcuddur. Buna baxmayaraq, Ohio Dövlət Universitetinin Vexner Tibb Mərkəzinin apardığı yeni sorğuya əsasən, kişilərin yalnız 1%-i sümük sıxlığının az olması barədə narahatlıq keçirir.
Ekspertlərin fikrincə, bu vəziyyət ciddi nəticələr doğura bilər. ABŞ-də 65 yaşdan yuxarı böyüklərdə yıxılmalar həm xəsarətlərin, həm də xəsarətə bağlı ölüm hallarının əsas səbəbidir. Aşağı sümük sıxlığı kiçik yıxılma zamanı belə ciddi sınıqlara səbəb ola bilər. Üstəlik, osteoporoz adətən sınıq baş verənədək heç bir əlamət göstərmir.
Kişilər nə etməlidir?
Radiologiya mütəxəssisi Dr. Pol Lüis bildirir ki, kişilər bu riski azaltmaq üçün müəyyən tədbirlər görə bilərlər:
Testosteron Nəzarəti: Kişilərə 30 yaşdan sonra həkimlərlə testosteron səviyyələrini müzakirə etmələri tövsiyə olunur. Çünki yaşla azalmaqda olan testosteron sümüklərin zəifləməsinə təsir edir.
Çəki daşıyan məşqlər: Gəzinti, pilləkən çıxma, müqavimət məşqləri, yoqa və balans məşqləri sümük sıxlığını artırır. Lüisə görə tennis, qolf, piklbol kimi idman növləri həm ürək sağlamlığına, həm də sümüklərin güclənməsinə kömək edir.
Aktiv həyat tərzi: Avtomobil yerinə gəzmək, lift yerinə pilləkən istifadə etmək, uşaqlarla və ya ev heyvanları ilə oynamaq kimi sadə fəaliyyətlər belə sümük sağlamlığı üçün faydalıdır.
Sağlam vərdişlər: Siqaret çəkmək, artıq spirt istehlakı, hərəkətsiz həyat tərzi və pis qidalanma sümük əriməsi riskini artırır. Yıxılmaya səbəb ola biləcək təhlükələrdən də qorunmaq vacibdir.
Sümük sıxlığının ölçülməsi: DEXA skaneri kimi testlərlə sümük sıxlığı ölçülərək osteoporozun erkən diaqnozu qoyulur.
Osteoporoz və ona bağlı onurğa sınıqları zamanı cərrahiyyə olmayan iki üsul geniş tətbiq olunur: kifoplastika və vertebroplastika. Bu prosedurlar zamanı sınıq onurğa sütununa xüsusi sümük sementi vurularaq ağrı azaldılır, onurğa balansı qorunur və xəstələr qısa müddətdə normal həyata qayıda bilirlər.