Təbrizdə yazar və jurnalist Zöhrə Vəfayi vəfat edib

23-09-2024, 11:14           
Təbrizdə yazar və jurnalist Zöhrə Vəfayi vəfat edib
Yazar, naşir, jurnalist və 1990-cı illərdə Təbrizdə nəşr edilən populyar türkcə-farsca Çuvalduz satirik dərgisinin sahibi Zöhrə Vəfayi vəfat edib.

Təbrizdə fəaliyyət göstərən Yazeco xəbər saytı, eləcə də Sancaq dərgisi, Bayram dərgisi və El Bilimi dərnəyinin Telegram kanalları bazar günü bu barədə məlumat yayıblar.

Zöhrə Vəfayi Təbrizdə fəaliyyət göstərən Zeynəb Paşa nəşriyyatı, habelə 1990-cı illərdə türk və fars dillərində nəşr edilən ictimai-tənqidi Çuvalduz satirik jurnalının sahibi olub.

O, türk dili, folkloru və ədəbiyyatı, eləcə də İran Azərbaycanında tarix, mədəniyyət və sosial həyat sahələrində onlarla kitabın müəllifi olub.

Mərhum Vəfayinin əsərlərindən “Uşaq məktəbi”, “Azərbaycanın məşhurları” (5 cildlik), “Alqışlar və qarğışlar”, “El bayatıları”, “Oyunlar”, “Azərbaycanın məşhur yeməkləri”, “Peşələr”, “Laylalar”, “Qablar”, “Adlar və adlandırılanlar”, “Geyimlər”, “Ana”, “Ölçülər”, “Heydər Əmioğlu”, “Qarınqulu cücə”, “Axtar-tap” və “Məsəllər” kimi kitablar İran Azərbaycanında türk və fars dillərində işıq üzü görüb.

Vəfayi həmçinin türk dil hüquqları və siyasi məhbusları müdafiə sahəsində fəaliyyət göstərib. O, keçmiş illərdə göstərdiyi mədəni və siyasi fəaliyyətlərinə görə İranın təhlükəsizlik orqanlarının təhdid və təzyiqlərinə məruz qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.