Deputat qayda pozdu – Yol polisinə «paqonunu sökdürəcəm» dedi
19-09-2016, 17:21
Sentyabrın 16-da, günün ikinci yarısında Bakıda yol polisi ilə millət vəkili arasında mübahisə yaranıb. Deputat insanların arasında polisi acılayaraq onu işdən qovduracağı ilə hədələyib.
Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, Hüseyn Cavid prospektindəki «Mothercare» mağazasının qarşısında - avtobus dayanacağında «Prado» markalı avtomobil park edilib. Bunu görən yol polisləri həmin avtomobilin fotolarını çəkərək protokol tərtib ediblər.
Protokol yazılarkən millət vəkili onlara yaxınlaşaraq «nə üçün maşınımın şəklini çəkirsiniz, bilmirsiniz ki, kimin maşınıdır?»-deyə, irad tutub.
Yol polisləri isə bildiriblər ki, avtobus dayanacağında avtomobillərin dayanması qayda pozuntusudur. Bundan hiddətlənən sürücü yaxasındakı bayrağı göstərərək «mən deputatam, gör sənin başına nə oyun açacam, paqonlarını sökdürəcəm» deyib.
Ətrafdakı insanlar vəziyyəti belə gördükdə deputata yaxınlaşaraq ona etiraz ediblər və «nə üçün qayda pozursunuz, sonra da polisi acılayırsız» deyərək irad bildiriblər. Vəziyyəti belə görən millət vəkili avtomobilə minib və oradan uzaqlaşmaq istəyib. Lakin yol polisləri ona 40 manatlıq cərimə protokolu yazaraq yola salıblar. Bundan daha da hiddətlənən deputat yol polisinə "sənin başına oyun açacam" deyərək, yoluna davam edib.
Avtosfer.az-a həmin deputatın kimliyi məlumdur. O, elm sahəsində kifayət qədər tanınıb və həm də parlamentdə müxalifət partiyasını təmsil edir.