Musa Quliyev ağ elədi - Cavab
2-06-2015, 22:26
Böhtana, yalana, ”necəsən qanmayım, atan yansın” hikkəsi ilə, qəsdən deyilən qərəzli sözə cavab vermək üzücü işdir. Əvəzində, ayrı, daha vacib bir yazı yaza bilərsən. Ancaq, nə etməli, cəmiyyətdə belə hallarla da üzləşirsən və abrına qısılıb qalsan, elə biləcəklər cavab verməyə sözün yoxdur.
Milli Məclisin sonuncu yığıncağında Məclisin sədri Oqtay Əsədovla mübahisəmiz oldu. Normal bir olaydır. İllər uzunu belə fikir ayrılıqlarına öyrəşmişik. Məclis elə bundan ötrüdür ki, cəmiyyəti rahatsız edən məsələləri qaldırsın, müzakirələr getsin. Salonlarda söz atışmaları olmalıdır ki, küçələrimizdə qəzəbini cilovlaya bilməyənlərin zor atışması olmasın.
Bakıdakı son yanğın hadisəsi, bu qədər günahsız insanın qurban getməsi, körpələrin qırılan ömürləri, hamı kimi, mənə də ağır təsir etmişdi. Bunun dalınca, belə darmacalda küçələrin qaralmasını, gözəl binaların lütlənməsini görəndə söz tükənir, nə deyəcəyini bilmirsən. Ölkənin üzünü ağartmaq, millətə şöhrət, hörmət qazandırmaq üçün həvəslə bu qədər zəhmət çəkilsin, bu qədər dövlət vəsaiti xərclənsin, sonra birdən-birə bəlli olsun ki, bu gözəllik etibarsız imiş, camati barit çəlləyinə soxurmuş.
Bu işi yaxşı niyyətlə başlayan, Bakının gözəllşməsindən qürur duyan adamların nə boyda sarsıntı keçirtdiyini deməyə ehtiyac yoxdur. Sifarişi başdansovdu görüb pul qazanmaqdan başqa arzuları olmayan adamların xəyanəti adamı üzür.
Milli Məclisin yaşadığımız bu faciənin üstündən sakit ötməsini şəxsən mən düzgün saymıram və bunu dilə gətirdim. Sığallı danışmağı xoşlamıram, hər şeyi öz adıyla deməyə öyrəşmişəm. Bəlkə də hörmətli Məclis sədri Oqtay Əsədovun guya hər iclasda belə təpki göstərməyim haqqında iradına etirazım sərt oldu, heç cavab verməmək də olardı; ancaq baş verən faciədən sonra sakit danışmaq çətindir. Məclis sədri səbirsizdir, millət vəkillərinin çıxışları onu tez-tez əsəbiləşdirir, lakin təbiəti etibarilə ədalətli adamdır və inanıram ki, mənim həmin çıxışımın düzgünlüyünü, yalnız xoş niyyət daşıdığını və həm də Milli Məclisin xeyrinə olduğunu o da bilir. Məclis xalqın həyatında baş verən hadisələrdən kənarda qalmamalıdır.
Ancaq bu sətirləri yazmağımın əsas səbəbi həmkarım Musa Quliyevin mən iclas salonunda olmayanda, çıxışımdan bir neçə saat sonra aldığı təlimat əsasında püskürdüyü iftira və öz dediyi kimi, mənim “daş”ıma “kəsək” lə cavab vermək cəhdidir. Musa Quliyev Milli Məclisdə varlığı-yoxluğu o qədər də gözə çarpmayan, başıaşağı adamlardan biridir. Ucdan-qulaqdan qələm adamı olduğunu, hətta Zəngəzur toponomikası haqqında bir kitab yazdığını eşitmişəm. Hər halda belələrini Məclisdə bir köynək yaxın hesab edirsən. Səmimiyyətlə salamlaşıb hal-əhval tutursan və içində belə bir inam olur ki, başqalarından fərqli olaraq, bu adam yazı-pozuyla məşğul olursa, haqqı nahaqqa verməz. Təbii ki, bu mənim öz saflığıma uyğun qənaətimdir. Həyatda bunun belə olmadığını dəfələrlə görmüşük, bu dəfə də gördük...
Aydın olsun deyə qısaca bildirim ki, Milli Məclisin yığıncaqlarında bir neçə dəfə Gəncədə Məmməd Əmin Rəsulzadənin büstünə sayğısız münasibət səsləndirilsə də, buna əhəmiyyət verən olmamışdı. Elə bil quyuya daş atılır. Axı Rəsulzadə sıradan bir adam deyil ki, onun haqqında deyilən belə bir fikir unudulsun, heç yerdən cavab gəlməsin. Bu barədə MM-də dediklərimi təkrar etmək istəmirəm. Ancaq mətbuatda bir məqam diqqətdən qaçıb: mən öz çıxışımda Respublika günü münasibətilə bir gün əvvəl verilən ziyafətdə ölkə prezidenti, hörmətli İlham Əliyevin dediyi sözləri örnək gətirmişıdim. O, son dərəcə mühüm bir məsələyə - ictimai rəyin güclənməsinə və bu rəyə diqqətin artırılmasına toxunaraq xalqın ürəyindən xəbər vermişdi. Mən də bu fikrə söykənərək, “nədən Milli Məclisdə deyilənlərə əhəmiyyət verilmir, nədən bu respublikanı bizə qazandıran kişilərdən birinə həqarətli münasibət dəfələrlə dilə gətirilsə də Gəncədən heç bir cavab gəlmir?” deyərək gəncəlilərin rəyini çatdırmışdım. Nəhayət ki, bu dəfə Gəncədən cavab gəldi. Ancaq Musa Quliyevin ağzıyla və millət vəkilinə yaraşmayan bir səviyyədə...
Müstəqillik, Rəsulzadə, yanğın, evini itirən insanlar... Yüz belə məsələ olsun, Musanın səsi çıxmaz; amma elə ki, Gəncə icra başçısı sözü dilə gəldi, onun müdafiə arsenalı işə düşdü. Sən demə, Milli Məclisə elə buna görə seçilibmiş: “get, otur orda, nə iş görürsən gör, aylarla sus, ancaq əsas odur ki, bizim adımız çəkilən kimi, yalan-doğru, səsini qaldır”. Bu adam bilmir ki, mənim niyyətim Gəncə icra başçısını tənqid etmək deyil. Yaxşı işləyir, pis işləyir, bunu gəncəlilər bilir. Əksinə, hələ Yevlaxda işlədiyi vaxtda mən onun quruculuq işlərini görəndə, tanımaza-bilməzə, zəng vurub təəssüratımı bildirmiş, təşəkkür eləmişdim. İndi həmin işləri Gəncədə davam etdirir. Amma kim olursan ol, nə qədər yaxşı işləyirsən işlə, dörd il ərzində başçılıq etdiyin şəhərdə böyük tarixi şəxsiyyətlərimizdən birinin başına çuval keçirilməsinə biganə qalmalı deyilsən. Həm də bunun bir neçə dəfə Milli Məclisdə səsləndirldiyini də nəzərə almalısan.
Musa Quliyev çıxışında mənim fikrimin əsassızlığını “sübuta” çalışıb: “Ümumiyyətlə Gəncədə Rəsulzadənin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir”. Sonrakı cümlədə özü-öz sözünün doğru olmadığını göstərib: “Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də o abidənin təmir işləri ilə bağlı üstü örtülüb”.
Bərəkalla! Bəs biz nə deyirik? Biz də elə bunu deyirik. Deyirik, çıxarın o örtüyü büstün başından. Dörd il qapalı qalan büst əlbəttə keyfiyyətini dəyişəcək. Amma onu bərpa etmək o qədər çətin iş deyil.
Bu yerdə Musa Quliyevin “kəsəyini” özünə qaytarmaq istəyirəm. Tərsinə, gərək o, bu məsələni ilk dəfə MM-də eşidəndən sonra Gəncəyə zəng vuraydı; maraqlanaydı, şəhər rəhbərliyi ilə danışaydı; özü gedib bu biabırçılığın aradan qaldırılmasına çalışaydı. İndi ayıbına kor olmaqdansa, mənə irad tutur ki, MM-də çıxış etməzdən öncə niyə cənab Musa Quliyevdən icazə almamışam, onunla məsləhətləşməmişəm... Bəs əvvəllər bu məsələ Məclisdə qaldırılanda hardaydı o? Azərbaycan Respublikasının Prezidenti 2014-cü ildə Rusulzadənin 130 illiyinin dövlət səviyyəsində keçirilməsi barədə çühüm bir sərəncam imzalamışdı. Gərək bu bir il müddətində o büstü yüksək səviyyədə təmir edilib, yanvarın 31-də açılışı ediləydi. Nə yaxşı ki, dünənki mübahisə oldu. Yoxsa mən Musanı tanımaq imkanından məhrum olacaq, bu adamın içindəki geriqalmışlığı görə bilməyəcəkdim. Gəncənin deputatı icra başçısını müdafiə etmək üçün büstün qoyulduğu bağın Dəmir Yoluna, dolayı yolla mənim qohumumun başçılıq etdiyi Nəqliyyat Nazirliyinə aid olduğunu ortaya atır. Başa düşmür ki, əgər bu, qohumumla bağlı iş olsa, mən yenə eyni mövqedən çıxış edərdim. Keçmişinə, dövlət atributlarına hörmət, milli məsələlər qohumçuluqdan yuxarıda dayanan məsələlərdir. Amma millət vəkili həmkarımı pərt eləməyə və əsil yalanı onun dediyini ortaya çıxarmağa məcburam. Cəmi bir gün sonra Azərbaycan Dəmir Yolu QSC məsələyə aydınlıq gətirdi. Bəlli oldu ki, həmin park 28 noyabr 2014-cü ildən İcra Hakimiyyətinin balansına keçib və artıq ətrafında ticarət obyekti tikilir. Əslində isə bu sahənin QSC-nin balansından çıxarılması məsələsi 2000-ci ildən qaldırılıbmış. Milli Məclisdə Rəsulzadə kimi bir dahinin balaca büstündən söhbət gedərkən kimim kimlə qohum olması məsələsinin ortaya atılması ibtidai düşüncənin, qəbilə-əşirət təfəkkürünün nəticəsidir. Amma sən demə, büst Kəpəz rayonu ərazisindəymiş və Gəncədən deyilənə görə, o rayonun icra başçısı da Musa Quliyevin yaxın qohumuymuş.
Mən ömrüm boyu yalanın, hiylənin çox üzünü görmüşəm. Birini də indi gördüm. Qohumu belə müdafiə eləməzlər, Musa Quliyev! Sən əgər qohumunu çox istəyirsənsə və Məclisdə qohumunun vəkilisənsə, Rəsulzadəni uzun müddət örtük atında saxlamağın millətə, Gəncəyə hörmətsizlik olduğunu ona başa salmalıydın.
Nəhayət, həmkarımın səlahiyyətini aşan bir ifadəsi – mənim nəqliyyat naziri ilə quda olmağım və “öz kölgəm olmadığından kiminsə kölgəsinə sığınmağım” haqqında. Yaşlı-başı bir adamın ağzından bu sözləri eşidəndə doğrudan da heyrətləndim. Əvvəla, biz Allahın yazısı olan qohumluq əlaqələrini hesabla qurmuruq, bu uşaqlarımızın taleyidir. Başqa cür düşünən varsa, ağlına dua yazdırmalıdır. Dəfələrlə demişəm, ona qalsa, Azərbaycanda az qala hamı bir-biriylə qohumdur. Yaxşı qohum baş ucalığıdır. Mən də, şükür, köklü, əsilli-nəsilli, milli adət-ənələrimizə, torpağa bağlı olan, ləyaqətli bir ailə ilə qohum olmuşam. İkincisi, yuxarıda dediyim kimi, işin mahiyyətini bir kənara qoyub, qohumluq söhbətini ortaya atmaq doğrudan da geriqalmışlığın, ibtidai düşüncənin əlamətidir. Mənim ailəm bütün Azərbaycandır və Azərbaycanın bütün qeyrətli, ağıllı, Vətən təəssübü çəkən, millət yolunda fədakarlıq edən adamlarının hamısını öz qohumum sayıram - ruh və əqidə qohumu. Tayfa düşüncəsiylə iyləşib kümələşənləri Azərbaycanda hər kəs yaxşı tanıyır, özəlliklə Musa Quliyevi... Və mən bu söhbətin dərinliyinə getməyi özümə rəva görmürəm!
Mənim qohum kölgəsinə sığınmağım məsələsində Musa lap ağ edib: “Bu gün özlərini yarımmüxalifət, müxalifət adların qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayıblar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə. Onların bu hərəkatı stəkanda fırtınaya bənzəyir”. Gör bu sözü kim kimin haqqında deyir! Görəsən mən qohumluqdan əvvəl kimin kölgəsinə sığınırmışam? Bəlkə Musa Quliyev SSRİ-nin əbədi göründüyü illərdə rəsmi qadağaları qıran yazılarımın, kitablarımın da qohum kölgəsində yazıldığını iddia edəcək? Bəlkə meydanları silkələyən çıxışlarımız da Musa Quliyevlərin qələmiylə silinib unudulacaq. Hörmətli həmkarım bilmirmi ki, mən heç o boyda SSRİ-nin kölgəsinə sığınmadım və bütün gəncliyimi Vətənimi o kölgədən çıxarmaq mücadiləsinə verdim. O vaxt Musa kimilər hansı sığınacaqdaydılar, bilmirəm...
Ömrüm boyu minlərlə adam mənim kölgəmdə boy atıb; kimsənin kölgəsinə ehtiyacım olmayıb. Mənim kölgəm də, ölkəm də Allahın mənə lütfüdür və Musa Quliyevin əlinin, sözünün, atdığı və ya arxasında gizləndiyi kəsəklərin yetməyəcəyi bir ucalıqdadır. Mənim müxalifətçiliyim və ya yarımmüxalifətçıiliyim ölkədə Vətəndaş Həmrəyliyinə, Milli Birliyə xidmət edən bir yoldur və bu yolla getməyimlə qürur duyuram. Vay onda ki, sənin heç yolun olmaya...
Deyə bilərlər, biz iqtidarın yoluyla gedirik. Deyə bilərlər! Ancaq bu da yalandır. İqtidara xidmət edən kəs ölkədə barış, milli birlik, həmrəylik yolunu tutan normal müxalifətə, ziyalıya dil uzatmaz. Dil uzadırsa, deməli, ölkəni daimi qarşıdurmalar və münaqişələr meydanına çevirmək istəyir. Stəkan isə daha çox həkimlərə lazım olur. Dərman üstündən su içməyə, protez dişlərini saxlamağa. Mənim firtınalarımı isə Musa yaxşı xatırlayır, çünki o meydan və qəzet fırtınalarından kənarda qalan yox idi...
Milli Məclisdə mənə cavab verərkən hörmətli Oqtay Əsədovun dediyi “hamı kimin kim oldugunu bilir” fikri burda yerinə düşür. Əslində heç bir əlavəyə ehtiyac qalmır. Musa Quliyevlər bu milləti unutqan saya bilərlər. Amma Azərbaycan türklərinin hafizəsi kifayət qədər möhkəmdir. Millət heç nəyi unutmur - xoşbəxtlikdən tarıxın başına çuval keçırmək mümkün deyil.
P.S. Bu yazını bitirdikdən sonra eşitdim ki, Gəncədə Məmməd Əmin Rəsulzadənin büstünün başından çuvalı çıxarıblar. Mübahisələrimiz nəticəsiz qalmadı. Gəncə Şəhər İcra hakımıyyətinə bu narazılığa son qoyduğuna görə təşəkkür edirəm.