Cahangir Hacıyevin “Bandotdel”-də saxlanılması gizlədilir

3-06-2015, 10:24           

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin 10 gündən çoxdur ki, Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) saxlanılır. Ancaq hələlik onun haqqında həbs qəti imkan tədbiri seçilməyib. Bu barədə istiqlal.az-a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
Mənbənin sözlərinə görə, bankir “Bandotdel”-də Beynəlxalq Banka borcu olan iş adamları ilə üzləşdirilir, bir növ ondan şahid kimi faydalanırlar: “Ona hələ ki, rəsmi ittiham edilməyib. Borclu iş adamlarının dindirilməsi başa çatandan sonra ona qarşı rəsmi ittiham irəli sürüləcək. Burada məqsəd kreditlərdən nə qədər “şapka” alınmasını müyyənləşdirmək və C.Hacıyevin dövlətə vurduğu real zərəri hesablamaqdır. Proses başa çatandan sonra onun haqqında cinayət işi açılacaq. Dövlət bankından 6,5 milyard dollar kreditin mənimsənilməsinə şərait yaradan bir şəxsin azadlıqda qalması qeyri-mümkündür. Üstəlik də bu məsələ ilə bağlı prezident İlham Əliyevin konkret tapşırığı var ki, günahkarlara heç bir güzəşt edilməsin. Bu məsələdə də əsas günahkar C.Hacıyevdir. Onun başının üstündən belə əməliyyatların aparılması nəzəri və praktiki baxımdan mümkün deyil”.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun “C.Hacıyev Azərbaycandan qaçmayıb və həbs olunmayib” açıqlamasına toxunan mənbə deyir ki, hüquq müdafiəçisi əslində bu sözləri ilə özünü gülünc vəziyyətinə salıb: “Birinci, E.Behbudov nə onun vəkili, nə də ailə üzvüdür ki, belə açıqlama ilə çıxış etsin. İkinci, bu məsələni araşdırmaq E.Behbudovdan xahiş də olunmamışdı. Üçüncü və ən əsası odur ki, E.Behbudov mandatına uyğun olaraq “Bandotdel”-in təcridxanasında olub, orada saxlanılanlarla, o cümlədən də C.Hacıyev ilə görüşüb. C.Hacıyev ondan öz adından bu bəyanatı səsləndirməyi xahiş edib. O da bu bəyanatı verib.”
Redaksiya xatırladır ki, məşhur iş adamı Hacı İbrahim Nehrəmli ilə də anoloji hal baş vermişdi. O 14 gün “Bandotdel”-də saxlanılsa da yaxınları azadlıqda olduğunu deyirdi. Azadlığa çıxandan sonra saxlanıldığını özü etiraf etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.