Azərbaycanda həbs olunan yüksək rütbəli hərbçilərin kimliyi və nədə ittiham olunduqları açıqlanıb – SİYAHI

30-07-2015, 22:03           
Azərbaycanda həbs olunan yüksək rütbəli hərbçilərin kimliyi və nədə ittiham olunduqları açıqlanıb – SİYAHI
Azərbaycanda tutulan yüksək rütbəli hərbçilərin adı və nədə ittiham olunduqları məlum olub.

Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Mail oğlu Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər. Onların hər biri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır: “Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.