Milli avtobus işbazlarımızın kondisioner fırıldağı

30-07-2015, 22:45           
Milli avtobus işbazlarımızın kondisioner fırıldağı
Uzun illər Bakı sakinlərinin yayın isti günlərində şəhərdaxili marşrut avtobuslarında hərəkət zamanı əziyyət çəkdiklərini söyləmələrinə baxmayaraq, Nəqliyyat Nazirliyi konkret addımlar atmadı. Nazirliyin mətbuat xidmətinin bu yöndə ona ünvanlanmış suallara isə cavabı çox unikal idi: "Əgər avtobuslarda kondisioner işləyərsə, vətəndaşlar avtobusdan düşərkən günəşin istisindən zərər çəkə bilərlər."

Amma buna baxmayaraq, I Avropa Oyunları ərəfəsində Bakıya sakinlərin arzuladığı kondisionerli avtobuslar gətirildi. İlk günlər həmin avtobuslarda kondisionerlər də işlədildi və sakinlər çox razılıq etdilər.

FaktXəbər-ə müraciət edən və daim 88 saylı marşrutda hərəkət edən avtobuslardan istifadə edən Məhəmməd Nəbiyev adlı Bakı sakini isə son günlər üzləşdikləri fırıldaqdan danışır: "Mən daim 88 saylı avtobusdan istifadə edirəm. Əvvəl günlər yaxşı idi, avtobusun kondisioneri işləyirdi və rahat nəfəs almaq olurdu. Amma indi metronun gününə düşüb. Avtobusun içində nəfəs almaq olmur. Sürücü özünü elə göstərir ki, guya kondisioneri qoşub və kondisionerin işlədiyi də səsindən hiss olunur. Amma əslində işləyən kondisioner yox, ventilyatordur. Ay başına dönüm, kondisioner işləyən avtobusda da temperatur 29.9 dərəcə göstərər? Niyə Avropa Oyunları zamanı 24 dərəcə göstərirdi, indi 29? Əlini tutursan hava vuran yerə, görürsən ki, soyuq hava vurmur, elə bil pəncərəni açmısan, çöldən hava vurur. Bunun da sadəcə bir adı var, fırıldaqçılıq. Sürücülərdə də bir günah yoxdur. Əgər sahibkarlar canları çıxıb gündəlik plandan 5 manat aşağı salsalar, sürücülər də o kondisionerləri qoşarlar."

Qeyd edək ki, bu Bakı şəhərində fəaliyyət göstərən marşrutların yeganə problemi bu deyil və əlaqədar orqanlar problemlərin hər birindən xəbərdardırlar. Problemin niyə həll edilməməsinin səbəbi isə naməlumdur. Görünür Prezident İlham Əliyev Nazirlər Kabinetinin növbəti toplantısında bu dəfə də Bakı şəhərinin nəqliyyat strukturunun yarıtmaz problemindən danışmalıdır. Olmazmı ki, prezident danışmamışdan qabaq, əlaqədar orqanlar boyunlarının vəzifəsi olan işlərlə doğru-dürüst məşğul olsunlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.