Dünya futbolunun canlı əfsanəsi sayılan Dieqo Maradona tarixdə həm də müxtəlif qalmaqalları ilə qalıb. Argentinalı ulduzun futbolçu karyerasının son dövrləri daha çox narkotik maddələrə aludə olmasına görə lazımınca alınmadı.
Maradonanın qızı Cannina atasının həmin günləri haqda “The Sun” qəzetinə danışıb: “Bir dəfə bacım Dalma vanna otağına daxil olanda atamın narkotikdən istifadə etdiyini görmüşdü. Mən buna görə onu heç vaxt bağışlamayacağam”.
Cannina həm də 15 yaşı tamam olan gün narkotik maddələrdən asılılıqdan müalicə alan atasına xəstəxanada baş çəkməyə getməsini xatırlayıb: “Məni ora buraxmadılar. Mən gedirdim, o isə palatada qalmışdı. Dəhşət idi”.
Qeyd edək ki, Maradona qızı Cannina ilə yola getmir. Hətta iki il əvvəl onu məhkəməyə də vermişdi. Maradona qızını 80 milyon peso (təxminən 4,3 milyon dollar) oğurlamaqda ittiham edir. (Bizimyol.info)