“Zirə” “Sumqayıt”ı, “Qarabağ” “Sabah”ı qəbul edəcək

13-04-2019, 07:58           
“Zirə” “Sumqayıt”ı, “Qarabağ” “Sabah”ı qəbul edəcək
Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə iki matç baş tutacaq. Həftənin açılış görüşü Zirə İdman Kompleksinin stadionunda reallaşacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Qonaqlar ötən tur evdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub etməklə son pillədən qurtulsalar da, təhlükəli zonadadırlar. Eyni sözü elə meydan sahiblərinə də şamil etmək olar. Hazırda 22 xalla 6-cı pillədə qərarlaşan “Zirə” “Sumqayıt”ı 2, sonuncu yerdəki “Keşlə”ni isə 3 xal qabaqlayır. Yəni, bu qarşılaşmada uduzan kollektiv yenidən “zirzəmi”yə düşə bilər.
Zirədəki oyun baş məşqçilərin sabiq komandalarına qarşı dueli kimi də əlamətdar olacaq. Ayxan Abbasov “Zirə”də, Samir Abasov isə “Sumqayıt”da baş məşqçi karyerasına start verilib. Birinci cari mövsümdə uğursuzluqlardan sonra postunu tərk edibsə, digəri ötən çempionatın yekununda öz istəyi ilə vəzifəsindən ayrılıb.

“Zirə” və “Sumqayıt” indiyə qədər 15 çempionat matçında üz-üzə gəliblər. Bunların 8 də qalib gəlib gələn qəsəbə klubu, 4 görüşdə də uduzub. Zirəlilər sumqayıtlılarla son 4 ev oyununda qol vurub. Paytaxt klubunun meydanındakı son 3 matçda hər iki komanda rəqib qapısına yol tapıb. İlk 3 dövrədəki duellərdən 2-də “Zirə”, 1-də isə “Sumqayıt” qələbə qazanıb.


Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Neftçi” ilə 51 xalla liderliyi bölüşən “Qarabağ” burada debütant “Sabah”ı qəbul edəcək. Qonaqlar elitada ilk mövsümlərinə keçirsələr də, ağdamlılara problem yaratmağı bacarıblar.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk 3 dövrədə cəmi 1 dəfə rəqibindən üstün olub. Digar duellərdə heç-heçə qeydə alınıb. Bütün oyunlarda eyni sayda – iki qol vurulub. “Sabah” hazırda 26 xalla 5-ci yerdədir.

Qeyd edək ki, tura aprelin 14-də keçiriləcək “Keşlə” – “Qəbələ” və “Səbail” – “Neftçi” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXIV tur


13 aprel (şənbə)

16:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Zirə İdman Kompleksinin stadionu

İlk üç dövrə: 0:1, 3:1, 1:0



18:30. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk üç dövrə: 1:1, 1:1, 2:0












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.