"Romanın oğlu" və ya "Capitano Futuro" - "Ulduzlar"

15-01-2020, 07:16           
"Romanın oğlu" və ya "Capitano Futuro" - "Ulduzlar"
O, futbol karyerası boyu özünü əsl lider kimi göstərib. Yaradıcı, özünə güvənən, təzyiq göstərməyi xoşlayan özəlliklərə sahib olub. Bu günlərdə isə karyerasını başa vurduğunu açıqlayıb. Bu karyera çoxları, xüsusən də, romalılar üçün əlçatmaz olmalıdır. Çünki son bir ili nəzərə almasaq, futbolçu karyerasını bütünlüklə doğma komandası "Roma"ya həsr edib.

Apasport.az saytınnın "Ulduzlar" rubrikası bu dəfə "Roma"nın əfsanəvi futbolçusu Daniele De Rossiyə həsr olunub. Beləliklə...


Dünyaya 1:0 öndə gələn romalı
De Rossi 24 iyul 1983-cü ildə paytaxt Romada anadan olub. Ailənin tək övladı olan De Rossinin valideynləri o qədər də tanınmış simalar olmayıb. Atası Alberto de Rossi də keçmiş futbolçudur. Ancaq onun futbolçu karyerası zəif komandalarda keçib. Uzun müddətdir "Roma"da məşqçi kimi çalışan ata De Rossi hazırda klubun U-19 komandasına rəhbərlik edir.

Atasının futbol adamı olması Danielenin dünyaya 1:0 öndə gəlməsinə səbəb olub. O hələ balaca uşaq olanda - 9 yaşında atası futbol karyerasını bitirib. Ancaq 1997-ci ildən "Roma"nın aşağı yaş qrupunda məşqçi kimi fəaliyyətə başlayıb. Atasının komandasının qazandığı uğurlar, mükafatlar onun futbola ikiəlli yapışmasına, daha çox sevməsinə şərait yaradıb. Albertonun karyerasını bitirdiyi yerli "Ostia Mare" klubunda ilk addımlarını atan Daniele çox keçmədən "Roma"nın gənclər komandasına cəlb olunub.


Tottidən sonrakı kapitan
İlk vaxtlarında müdafiə xəttində çıxış edib. Daha sonra dayaq yarımmüdafiəçisi mövqeyində "qara iş" görməklə məşğul olub. Cəmi bir il U-19 komandasında oynayıb. Məşqçilərin diqqətini cəlb edən 18 yaşlı Daniele 2001-ci ildə əsas komandaya dəvət olunub. O vaxtdan "Roma"ya sadiq qalan yarımmüdafiəçi ölkəsində "Romanın oğlu" kimi tanınır. Liderlik bacarığı və meydanda canını ortaya qoyması səbəbindən azarkeşlər ona "Capitano Futuro" (gələcəyin kapitanı) ləqəbini qoyublar. Çünki əsas kapitan ünvanını heç kim Tottidən ala bilməzdi.


"Mafyoz" həyat yoldaşı
Şəxsi həyatında da işləri yolunda gedən Danielenin həyatını zənginləşdirən qadın ingiltərəli aktrisa Tamara Pisnoli olub. Pisnolinin atası amerikalı, anası isə ingiltərəli idi. Daniele ilə Tamara 2006-cı il mayın 18-də ailə həyatı qurub. Cütlüyün həmin vaxt artıq bir yaşlı qızı var idi. Ancaq ailə çox keçmədən - 2009-cu ildə dağılıb. Boşandıqdan bir neçə il sonra Tamara vaxtilə bardan iş adamını qaçırmaqda və ona işgəncə verməkdə ittiham olunub. Onun mafiya ilə birgə hərəkət etdiyi təsdiqlənincə, Tamara həbs edilib. Onun iş adamını öldürməsi atası ilə əlaqədar olubmuş. Belə ki, Tamaranın atası Massimo Pisnoli İtaliyanın güclü mafiya başçılarından biri olub. Massimo bir müddət sonra güllələnərək öldürülüb.



Boşandıqdan sonra iki il heç bir qıza yaxınlıq etməyən Daniele 2011-ci ildə İngiltərədə anadan olmuş italiyalı aktrisa və model olan Sarah Felberbaumla eşq həyatı yaşamağa başlayıb. Londonda anadan olan Sarahın ailəsi bir il sonra İtaliyaya köçüb. 15 yaşında modelliyə başlayan Sarah reklam və kliplərdə də çəkilib. Daniele ilə Sarahın 26 dekabr 2015-ci ildə Maldiv adalarında toyu olub. Onların 2014-cü ildə anadan olan Olivia Roza adında qızları, 2016-cı il təvəllüdlü isə Noah De Rossi adında oğlanları var.


Roy Kinə görə "16"nı seçib
De Rossinin həm "Roma"da, həm də İtaliya millisində 16 nömrəli formanı seçməsinin səbəbkarı olub. O, gənclik illərində "Mançester Yunayted"in əfsanəvi kapitanı Roy Kinin fanatı olub, onu özünə ideal seçib.
Futbolçu ailəsində doğulmasına və futbolun içində böyüməsinə baxmayaraq, Daniele tipik futbolçulardan deyil. Məsələn, musiqi dinləməyi, roman kitabları oxumağı çox sevir, klassik filmlərə tez-tez baxır.


Uşaqlıq arzusuna son ilində çatdı
Müasir dövrdə yaşı keçmiş futbolçular pul qazanmaq üçün son illərində ABŞ, Çin və ya Qətərdə oynamağa can atırlar. Ancaq De Rossi ötən il hələ də həyəcan axtarırdı. Bu üzdən uşaqlıq arzusunun dalınca getməyi üstün tutub. "Roma"nın heyətində 600-dən çox oyun keçirərək, "canavarlar"ın tarixinin ikinci oyunçusu olan Daniele uşaqlıqdan La Bombonera tribunalarına ayaq basmağı xəyal edirmiş. Bunu reallaşdırmaq üçün də son ilini "Boka Xuniors"un heyətində keçirib. Onun Argentinaya yollanması çoxlarına sürpriz ola bilərdi. Amma De Rossi çoxdandır bunun siqnalını verirdi. Hələ "Roma"da olarkən "Boka Xuniors"un "River Pleyt"lə oyunlarının disklərinə böyük zövqlə baxan yarımmüdafiəçi sonda özü də bu həyəcanı yaşaya bilib.
Zövqləri:
Futboldankənar qəhrəmanları: Aleks Zanardi, Canmarko Potsekko, Maykl Cordan
Ən sevdiyi şəhərlər: Nyu-York, Qlazqo, İstanbul
"Roma"da oynamayan sevimli futbolçuları: Roy Kin, Roberto Bacco, Erik Kantona
Tanış olmaq istədiyi şəxslər: Aleks Zanardi, Ennio Morrikone, Nikko Urtado

Xüsusiyyətləri:
Güclü tərəfləri: Yaradıcı, coşğulu, mərd, istiqanlı, pozitiv, zarafatcıl.
Zəif tərəfləri: Səbirli, inadkar.
Xoşuna gələnlər: teatr, tətilə çıxmaq, bahalı əşyalar almaq, parlaq rənglər, dostlarla əylənmək.
Xoşuna gəlməyənlər: gözardı edilmək, acı həqiqətlə üzləşmək, kral kimi münasibət görməmək.

Karyerası haqda düşüncələri:
"Karyera seçimimin peşəkar baxımından yanlış olduğunu həmişə hiss etmişəm. Əgər bu seçimi etmişdimsə, ancaq "Roma" üçün oynamalıydım. Əynimdə "Roma" forması olanda hər şeydən zövq alırdım. Çünki bilirdim ki, ayrılanda göz yaşları ilə meydana daxil olacağam. Olimpiya stadionundakı son oyunumu hər zaman xəyal edirdim. Bunun ideal olması üçün əsl "Roma"lı olmalı idim. "Real"da, "Barselona"da, İngiltərənin ən gözəl stadionlarından oynamaq variantından imtina etmək məni hər zaman incidib. Bu illər ərzində o qədər də çox titul qazanmadım, çoxlu səyahətlər etmədim. Amma əvəzində sakit həyat sürdüm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.