Azərbaycan kubokunda 580 min dollarlıq oyunu kim və necə satıb? – Gürcüstan və Tailandda yuyulan pullar
3-03-2016, 23:17
Dünən futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilirdi. Heç şübhəsiz ki, qeydə alınan nəticələr arasında zəif “Rəvan”ın çempionatın ilk üçlüyündə qərarlaşan “İnter”ə 2:1 hesabı ilə qalib gəlməsi daha çox maraq doğurdu. Əslində, “İnter”in “Rəvan”a uduzmasını adi qəbul etmək olardı. Ancaq sadalayacağımız faktlar olmasaydı…
Belə ki, bu oyuna Gürcüstan və Tailandın bukmeyker kontorlarından ümumilikdə 100 min dollar pul qoyulubmuş. Diqqət çəkən məqam isə bundan ibarətdir ki, bu məbləğin böyük hissəsi Azərbaycandan internet vasitəsilə qoyulub. Bu isə məlum olduğu kimi danışılmış oyuna eyhamdır. Dediklərimizi əsaslandırmağa çalışaq.
Əvvəla, bu oyunda “İnter”in məğlubiyyətinə daha çox pul qoyulub. “Rəvan”ın qələbə əmsalı 5.8, “İnter”də isə 1.9 olub. Yüz min dolları 5.8-ə vururuq, edir 580 min dollar. Üstəgəl, bu oyunda 2 və daha çox qol üçün də xeyli məbləğ qoyulmuşdu.
Oyunun videoyazısına baxanda vurulan qollarda müdafiəçilərin və qapıçının hərəkətlərinə diqqətlə baxsanız, daha ətraflı fikriniz formalaşa bilər. Eyni sözlər az sonra haqqında bəhs edəcəyim “Şərurspor” – “Göyəzən” oyununa da aiddir.
Maraqlıdır ki, AFFA da danışılmış oyunların qarşısında ya acizdir, ya da aciz kimi görünür. Hətta bəzi məlumatlara görə, qurum bu kimi oyunların keçirilməsinə özü də maraqlıdır. Bu, bir çox klubları özündən asılı duruma salmaq üçün əla fürsətdir.
Məsələn, birinci dəstənin oyunlarının tən yarısının qumara qoyulduğu bütün futbol ictimaiyyətinə bəllidir. Hətta “Topaz” da bu oyunlara mərc qoyuluşlarını qəbul edir. Bildirilir ki, klubların maliyyə dayaqları azaldıqca onlar çıxış yolunu məhz kontorlarla iş birliyi qurmaqda görürlər. Birinci dəstədə bu kimi “qara işlər”də daha çox “Bakılı” və “Şərurspor” klublarının adı çəkilir. Hətta “Şərurspor”un prezidentinin bukmeyker kontoru işlətdiyi də çoxlarına bəllidir.
Əbəs deyil ki, birinci dəstənin ötən həftə oynanılan “Şərurspor”-“Göyəzən” qarşılaşmasının nəticəsi UEFA rəsmilərinin də diqqətini çəkib. Məlumat üçün bildirək ki, bu oyuna Azərbaycan və 4 xarici ölkədən ümumilikdə 150 min dollar pul qoyulub. Maraqlıdır ki, oyun başlayan kimi “Göyəzən”in qələbəsinə olunan pul qoyuluşları dayandırılıb və ancaq şərurluların qələbəsinə pullar qəbul edilib. Ancaq “Göyəzən”in bir oyunçusu matçın əvvəlində meydandan qovulsa da, “Şərurspor” öz meydanında 3:0 məğlub olub…
Bunlar sadəcə jurnalist araşdırmasının nəticəsidir. Əgər biz kiçik araşdırma sayəsində oyunlara xarici ölkələrdə qoyulan pulların məbləğini də öyrənə biliriksə, deməli, AFFA istəsə, daha dəqiq faktlar ortaya qoya bilər.
Bu arada PFL prezidenti Ramin Musayevin də mövqeyi maraq doğurmaya bilməz. Əldə etdiyimiz məlumata görə, Musayevin oyun alqı-satqısına münasibəti təxminən belədir:
“Edirlər, edirlər də. Burda nə var ki? Sübut edin, ölçü götürüm”.
Adının çəkilməsini istəməyən futbol mütəxəssisi isə bildirir ki, bütün bunlar son səkkiz ildə Azərbaycan futboluna rəhbərlik edən Rövnəq Abdullayev-Elxan Məmmədov cütlüyünün “xidməti”nin nəticəsidir. Mütəxəssis ehtimal edir ki, vəziyyət belə davam edərsə, Azərbaycan çempionatının güclülər dəstəsinin oyunları da qumara qoyulacaq.
Əldə etdiyimiz məlumata görə, AFFA-da postlar uğrunda mübarizənin elə qızğın çağıdır ki, bu kimi faktlar məsul şəxslər üçün “xırda məsələ”dir.
Mövzunu davam etdirəcəyik.cumhuriyyet./