Fransada güləş üzrə dünya çempionatına yekun vurulub
27-08-2017, 09:15
Fransanın paytaxtı Parisdəki güləş üzrə dünya çempionatına yekun vurulub.
"Report"un məlumatına görə, son yarış günündə 65 kq, 70 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb.
97 kq çəkidə mübarizə aparan Aslanbek Alborov ilk dəfə qatıldığı böyüklər arasında dünya çempionatını bürünc medalla başa vurub. Ardıcıl olaraq Türkiyə, Makedoniya və Koreya idmançılarını mübarizədən kənarlaşdıran Alborov yarımfinalda ABŞ təmsilçisi olan olimpiya çempionu Kayl Snayderə uduzub. Bürünc medal uğrunda görüşdə isə Qazaxıstan idmançısından üstün olan Azərbaycan pəhləvanı çempionatı üçüncü sırada tamamlayıb.
74 kq çəkidə yarışan Cəbrayıl Həsənov ilk görüşlərində Qazaxıstan və Hindistandan olan rəqiblərini üstələsə də, Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təcrübəli güləşçi təsəlliverici görüşə qatılıb. İsrail təmsilçisi ilə qarşılaşmada qalib gələn Həsənov bürünc medal görüşünə vəsiqə qazanıb. Lakin həlledici qarşılaşmada Türkiyə təmsilçisi Söner Demirtaşa uduzan Azərbaycan təmsilçisi çempionatı 5-ci sırada tamamlayıb.
Sərbəst güləş yarışlarının ilk günündə 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanıb.
Beləliklə, Azərbaycan güləşçiləri dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha bir bürünc medalı yunan-Roma güləşçisi Elvin Mürsəliyev (80 kq) qazanıb.