ABŞ-da tarixi döyüş: Floyd Meyuezer Konor Makqreqoru nokauta saldı
27-08-2017, 18:07
ABŞ-ın Las-Veqas şəhərində tarixi boks döyüşlərindən biri keçirilib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, 5 çəki dərəcəsində amerikalı keçmiş dünya çempionu kiçik Floyd Meyvezer MMA döyüşçüsü və UFC çempionu, irlandiyalı Konor Makqreqorla qarşılaşıb.
F.Meyuezer K.Makqreqoru 10-cu raundda nokautla məğlub edib.
K.Makqreqora qalib gəlmək üçün oyuna səbirlə başlayan və son üç raundda üstünlüyü tamamilə ələ alan F.Meyuezer qarşılaşmadan sonra seçdiyi taktika barədə danışarkən deyib: “İlk üç raundda rəqibin döyüş tərzini anlamağa çalışdım. UFC döyüşləri 25 dəqiqə davam etdiyi üçün həmin müddəti səbirlə gözlədim və o vaxtdan sonra Makqreqor yorulmağa başladı”.
Qeyd edək ki, bu, Konor Makqreqor üçün peşəkar rinqdə debüt qarşılaşması olub. Floyd Meyvezer isə karyerasında 50-ci qələbəsini qazanaraq, əfsanəvi Rokki Marçianonun rekordunu keçib. Makqreqor üzərində qələbədən sonra Meyvezer karyerasını bitdiyini elan edib.
Daha bir maraqlı məqam. Dünya Boks Şurasının bu mühüm qarşılaşmanın qalibi üçün hazırladığı kəmər də bokssevərlər və idman mətbuatı üçün uzun müddətdir diqqət mərkəzində idi. Çünki “Pul kəməri” (Money belt) adlandırılan kəmərin hazırlanmasında 3360 almaz, 600 sapfir, 300 zümrüd və 1,5 kiloqram ağırlığında qızıldan istifadə olunub.
Sonda onu da qeyd edək ki, qalib 300 milyon dollarlıq mükafat əldə edib. Konor Makqreqor isə məğlub olmasına baxmayaraq, 100 milyon dollar alıb.