Ombudsman Tərtərdə

17-10-2015, 21:04           

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova cəbhə bölgəsi olan Tərtərdə olmuşdur. E.Süleymanova əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Sonra o, rayon rəhbərliyi ilə birlikdə təmas xəttində yerləşən Qapanlı kəndində olmuş, kənd sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanmışdır. Kənd ağsaqqalı Əli Əliyev, sakinlərdən Natiq Quluyev, Bahadur Süleymanov, Elbrus Tanrıverdiyev, Gülnarə Qarayeva, Züleyxa Məmmədova çıxış edərək cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyeva öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, artıq onların qaz, su, işıq, telefon sarıdan problemləri yoxdur. Kəndin yolu təmir olunmuş, küçələr gecə işıqlandırılması ilə təhciz olunmuşdur. Hazırda Qapanlı kəndində yeni tibb məntəqəsi tikilir. Təmas xətti olduğu üçün kəndə təcili tibbi yardım maşını, həkim briqadası ayrılmışdır.

Sakinləri diqqətlə dinləyən Ombudsman sonra toy mağarının ermənilər tərəfindən atəşə tutulması nəticəsində yaralanan Müşgünaz, Mədinə Əliyevalar və balaca Zəhra ilə görüşmüş, onlara hədiyyələr vermişdir.


Sonra Elmira xanım rayon ərazisində yerləşən hərbi hissələrdə olmuşdur.
Zabit və əsgərlər qarşısında çıxış edən müvəkkil, respublikamızda aparılan ardıcıl dövlət siyasəti nəticəsində müasir tələblərə cavab verən Silahlı Qüvvələrin yaradıldığını, ordu quruculuğunda mühüm nailiyyətlərin əldə olunduğunu söyləmiş, şəxsi heyəti vətənin müdafiəsinə daim hazır olmağa, hərbi biliklərə mükəmməl yiyələnməyə, ideoloji hazırlığı və döyüş ruhunu, nizam-intizamı daha da yüksəltməyə çağırmışdır.

Ombudsman həmçinin əsgərlərin məişət şəraiti, qidalanması, hərbi hissədə qanunlara riayət olunması, gənc əsgərlərlə rəftarın vəziyyəti ilə maraqlanmışdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova sonra Gənclər Mərkəzində rayon sakinləri ilə ictimai dinləmə keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq, Elmira xanımı salamlamış, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu, bu sahədə ictimai dinləmələrin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, müvəkkilin təşəbbüsü ilə həyata keçirilən, insan hüquqlarının təbliğinə dəyərli tövhələr verən fəaliyyətin səmərəsindən, eyni zamanda rayonda aparılan işlər, əhalinin qəbulu, müraciətlərin təmini və bu məqsədlə yaradılan imkanlar, eləcə də həll edilməkdə olan problemlərdən danışmışdır.
Sonra söz Elmira Xanım Süleymanovaya verilmişdir. E.Süleymanova müstəqillik günü ərəfəsində keçirilən tədbirdə əvvəlcə tərtərliləri bayram münasibəti ilə təbrik etmiş və insan hüquqları sahəsindəki çoxşaxəli fəaliyyəti və səlahiyyətləri barədə danışmışdır.
İctimai dinləmədə rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Nizami Heydərov, Səhləbad kənd tam orta məktəbinin direktoru Validə Mahmudova, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, rayon icra hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi Tunarə Məmmədzadə çıxış edərək görülən işlər və problemlər barədə söhbət açmış, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Müvəkkil ona müraciət edən şəxsləri qəbul edib, bir sıra müraciətlər araşdırma aparılması üçün icraata götürülüb, bəzi şikayətçilərə isə hüquqları izah olunub.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.