"Necə razı ola bilərdik ki, əcnəbinin biri gəlib gözümüzün qabağında lüt soyunsun" - Polisdən Qız Qalasında lüt soyunana reaksiya

8-05-2015, 21:53           
"Necə razı ola bilərdik ki, əcnəbinin biri gəlib gözümüzün qabağında lüt soyunsun" - Polisdən Qız Qalasında lüt soyunana reaksiya
İnstagram-da “myassthetics”nikli bloqqerin Qız Qalasında lüt çəkilmiş fotosu ölkədə böyük ajotaj yaratdı. Xalqımızın milli sərvəti, mənəvi irsi, eyni zamanda Bakının rəmzi hesab edilən Qız Qalasının üstündə belə bir olayın yaşanması cəmiyyətimiz tərəfindən kəskin etirazla qarşılandı. Bəziləri bunun Avropaya bir mesaj olduğunu, bəziləri isə xalqımız üçün təhqir hesab etdilər.
Xarici vətəndaşın daim polis nəzarətində olan qədim Qız Qalasında bu vəziyyətdə şəkil çəkdirməsi isə ən çox müzakirə edilən məsələ oldu.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğundan mətbuata verilən açıqlamadan da məlum oldu ki, foto qurumun icazəsi olmadan çəkilib. Yəni, əcnəbinin bu cür foto çəkməsinə necə nail olduğu hələ də qaranlıq qalıb.
Məsələ ilə əlaqədar “Yeni Müsavat”ın əməkdaşı kimi Qız Qalasında olduq. Hər kəs kimi biz də bilet alıb muzeyi ziyarət etdik.
Məlum oldu ki, muzeydəki saxlanılan bəzi eksponatlar yığışdırılıb. Qoruğun xanım əməkdaşlarından biri ilə bu barədə maraqlandıq. Onun sözlərinə görə restavrasiyadan sonra qalanın iç tərəfi xeyli dəyişdirilib, bir çox eksponatlar Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi Memarlıq Qoruq muzeyinə aparılıb. Onların yerində isə muzeyi ziyarətə gələn turistlərə müasir formada bilgi verən monitorlar yerləşdirilib. Monitorlardakı maraqlı, zəngin materiallar bura gələnləri heyran edir. Qeyd edək ki, muzeydə daha çox xarici turistlər gözə dəyirdi.
Qalanın içinə diqqətlə nəzər salırıq, əvvəllər mərtəbələr qaranlıq olsa da, yeni təmirdən sonra içəri daha işıqlı olmuşdu.
Nəhayət ki, qalanın ən yüksək zirvəsinə doqquzuncu mərtəbəsinə qalxırıq. Qapıdaca bizi polsi qarşılayır. Hiss olunur ki, gələn hər kəs diqqətlə izlənilir.
Burdan Bakının gözəl mənzərəsini seyr edərək əcnəbinin şəkil şəkdirdiyi yerə yaxınlaşırıq. Qalanın üst hissəsinin yuxarı kənarları təhlükəsizlik üçün şüşələr ilə əhatə olunub.
Burda bir şey nəzərimizdən qaçmadı. Məlum fotoda şüşələr bir qədər qısa idi. Halbuki, indi şüşələr insan boyu qədər idi. Yuxarıda yalnız bir cütlük var idi. Onlar da yuxarını tərk etdikdən sonra bütün nəzarlər bizə yönəlir. Təxminən əcnəbini foto çəkdirdiyi yerdə biz də şəkil çəkdirirk. Bu zaman polislər gülümsəyir. Yaxınlaşıb olay barədə sorğu-sual edirik:
“Siz ki bu qədər nəzarət edirsiz, necə olub ki, əcnəbi kişi bura gəlib soyunur və foto çəkdirir, siz isə buna göz yumubsuz?”. Polislərin birinin cavabı belə oldu:
“Xanım, o şəkil fotoşopdur. Hər yerdə müşahidə kameraları olduğu halda, bizim də daimi nəzarətimiz altında belə bir şey baş verə bilməzdi. Bu barədə rəhbərlik hələ də araşdırma aparır”.
Söhbətə digər polis nəzarətçisi də qatılır. Lakin o, həmkarının dediyini təkzib edir:
“Yox, bu fotoşop deyil. Doğrudur, şəkil çəkilib, lakin biz hələ də anlaya bilmirik bu necə baş verib? Lakin fotoya diqqətlə baxsaz görərsiz ki, fotodakı şüşələr daha qısadır. Deməli, şəkil çoxdan çəkilib. Avropa Oyunları ərəfəsində bu fotonu yaymaqla bəziləri cəmiyyətdə qarışıqlıq yartamaq istəyirlər”.
Əvvəliki polis:
“Biz polis işçisiyiq, lakin hər şeydən əvvəl eyni zamanda azərbaycanlıyıq. Necə razı ola bilərdik ki, əcnəbinin biri gəlib gözümüzün qabağında lüt soyunsun, biz də əlimizi-qolumuz sallayıb duraq? Müsəlmanıq, özümzə məxsus mentalitetimiz var, belə şeylər qəbuledilməzdir”.
Beləliklə milli sərvətimiz, ulu babalardan bizə yadigar qalan mənəvi irsimiz olan qalanı tərk edirik.
Xatırladaq ki, “Qız Qalası”ndakı lüt fotosunu paylaşan bloqer dünyanın müxtəlif şəhərlərinə ziyarət edir, tanınmış yerlərdə çılpaq şəklini çəkdirərək İnstagram profilində yerləşdirir.
Bu dəfə Bakıda Qız Qalasında belə vəziyyətdə şəkil çəkdirən əcnəbi: “Qız Qalasının başında dayanıb qız axtarıram” deyə yazıb və həmin fotoşəkillərdə hətta erməni şou-biznes nümayəndəsi Kim Kardaşyanı da qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.