“Ölkəmizdə işığın da, qazın da, benzinin də qiyməti yüksəkdir” – Millət vəkili
19-04-2019, 16:53
Artıq xeyli müddətdir ki, ölkəmizdə işıq və qazdan istifadə ilə bağlı tətbiq edilən limitin ortadan qaldırlması ilə bağlı təkliflər səslənir. Bəzi millət vəkilləri, ziyalı və ictimai xadimlər hesab edir ki, enerji daşıtyıcılarının qiymətinin kifayət qədər yüksək olduğu bir şəraitdə işıq və qaza limitin tətbiqinə ehtiyac yoxdur və bu, insanlar üçün əlavə problem deməkdir.
Moderator.az-a açıqlamasında məlum təklifə münasibət bildirən millət vəkili Araz Əlizadə Azərbaycanda işıq və qazın qiymətinin yüksək olduğunu qeyd etməklə yanaşı, insanların enerji daşıyıcılarına qənaət etməsinin vacibliyini də vurğuladı:
“Belə baxanda hamı dad edir ki, pulum yoxdur, amma gedib görürsən ki, günorta vaxtı evdə işıq yanır. Qazdan istifadə ediblər, tutaq ki, yemək isidiblər, amma qazı söndürməyiblər. Qənaət yaxşı şeydir. Avropa və ABŞ-a bir adamın da ağlına gəlməz ki, boş yerə dəhlizdə və ya hansısa otaqda işığı yandırsın. Yaxud yemək bişirəndən sonra qazı açıq qoysun. Bizdə isə bu cür hallar çoxdur. İşığa da, qaza da qənaət etmək lazımdır.
Əlbəttə, enerji daşıyıcıları olan ölkədə işıq və qazın qiyməti yüksək olmamalıdır. Bu, birmənalıdır. Amma insanları da ayrı cür məcbur eləmək olmur. Bu, sovet dönəmindən qalma bir şeydir. Sovet vaxtı hər şey su qiymətinə idi. Ona görə də insanların bir çoxu qənaət etməyə öyrənməyib. Ola bilsin ki, indi bununla onları qənaətə öyrətmək istəyirlər. Lakin bir daha deyirəm ki, işığın və qazın qiyməti enerji daşıyıcıları olan ölkə üçün yüksəkdir. Benzinin də qiyməti yüksəkdir”