Seçiciyə Məşhəd xidməti
23-04-2019, 17:04
Milli Məclisin deputatı Ağalar Vəliyevin seçicilərini Məşhəd ziyarətinə göndərməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.
“Yeni Sabah” xəbər verir ki, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat olan A. Vəliyev haqlı olaraq tənqid olunub, vəzifəsi olan seçicilərin problemlərini parlamentdə qaldırmaq əvəzinə onları ziyarətgaha göndərməsi ironiya ilə qarşılanıb.
Bildirək ki, deputatın təşəbbüsü və maliyyə dəstəyilə Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı seçki dairəsinə daxil olan yaşayış məntəqələrindən şəhid ailələri, Qarabağ Müharibəsinin iştirakcıları və digər az təminatlı ailələr əhatə olunmaqla Məşhəd ziyarətinə göndəriləcək 30 nəfər mömin seçici qəbul edilib.
Görüşdə o deyib ki, dövlətimizin uğurlu din siyasətinə dəstək kontekstində hər il maddi imkanı məhdud olan bir qrup mömin seçicinin ölkə xaricindəki müqəddəs ocaqlara ziyarətə göndərilməsi artıq xoş ənənə halını alıb. Son 3 il ərzində deputat adı çəkilən rayonlardan 120 nəfəri Məşhəd, 17 nəfəri isə Həcc ziyarətinə göndərdiyini qeyd edib.
Qəbul bitdikdən sonra yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 30 zəvvar xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Məşhəd ziyarətinə yola salınıb.
Bu haqda açıqlamadan sonra sosial şəbəkə istifadəçiləri A. Vəliyevi qınayaraq “heç olmasa, 30 imkansız tələbənin təhsil haqqını ödəyəydi” deyə etirazlarını bildiriblər./yenisabah.az