Xəstənin müalicəsi üçün yaxınlarından 37 min manat tələb edilməsi yalandır- KLİNİKADAN AÇIQLAMA
3-05-2019, 12:45
Lətafət L. Şirəliyevanın həyat yoldaşının söylədikləri təhrif olunaraq saytlarda yazılmışdır.
Bu fikirlər “Baku Medical Plaza”-nın media üçün yaydığı açıqlamada əksini tapıb.
Klinikamız özəl tibb müəssisəsi olsa da, xəstəyə göstərilən tibbi xidmətlər üçün təcili pul tələb edilməmişdir və müalicəsi klinika hesabına aparılır. Xəstə yaxınlarının klinikadan istər maddi baxımdan, istərsə də xidmətlə əlaqədar şikayəti yoxdur.
Xəstəni əməliyyat edən və reanimasiya şəraitində müalicəsinə nəzarət edən həkimlər öz işlərində mütəxəssisdirlər və yaşanmış hadisədə hər hansı bir həkim səhvindən söhbət gedə bilməz.
İstənilən araşdırılmanın aparılması üçün klinikamız şərait yaratmağa hazırdır.
17 illik evlilik müddətində övladı olmayan Lətafət Şirəliyeva məhz klinikamızda aparılmış müalicə nəticəsində hamilə qalmış, mart ayının 12-də qeysəriyyə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra L. Şərifova və körpəsi kafi vəziyyətdə evə yazılmışdır.
Təxminən 10 gün sora L. Şirəliyeva həkiminə zəng edərək qarın nahiyyəsində ağrılarının olduğunu dedikdə həkim onun klinikaya gəlməsini deyib.
Xəstənin sözlərinə görə, bu ağrıların qeysəriyyə sonrası normal hal olduğunu düşünərək ağrıkəsici dərmanlardan istifadə edib. Xəstə klinikaya müraciət etdikdə ona ağrının səbəbini dəqiq müəyyən etmək üçün MRT müayinəsindən keçməsi məsləhət görülüb.
Qeyd edək ki, klinikamızda MRT müayinəsi öncədən yazılmaq və ya canlı növbə qaydası ilə həyata keçirilir.
Hər müayinənin müddəti təxminən 40-50 dəqiqə olduğundan müayinəyə girmək üçün növbə gözləmək zərurəti yaranır. Lakin xəstə növbə gözləmək istəmədiyi üçün müayinədən imtina edərək klinikadan gedib. 3 gün sonra yenidən həkiminə zəng edərək temperaturun olduğunu dedikdə həkim onun dərhal müayinə olunmalı olduğunu bildirib.
L. Şirəliyeva aprelin 3-də klinikaya gəldikdə KT müayinəsi nəticəsində appendisitinin partladığı, infeksiyanın orqanlarına yayıldığı və sepsis olduğu aşkarlanıb.
Dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Təcili cərrahiyyə əməliyyatı olunaraq abseslər təmizlənib, drenaj qoyulub. İnfeksiya nəticəsində bağırsaqlarında çürümə prosesi getdiyi üçün aprelin 8-də ikinci dəfə əməliyyat olunaraq bağırsaq möhtəviyyatın xaric edilməsi təmin edilib və stoma çıxarılmışdır. Pertanit, Septik şok, Kəskin tənəffüs çatışmazlığı, Ağciyərlərin kəskin respirator distress sindromu diaqnozları ilə ranimasiyaya yerləşdirən L. Şirəliyevanın vəziyyəti kritik olsa da, keçirdiyi cərrahiyyə əməliyyatından sonra orqanlarının vəziyyəti bərpa edilmişdir. Lakin xəstənin immun sistemi zəiflədiyindən hal-hazırda immun sisteminin qaldırılması və qan dəyərlərinin normallaşdırılması istiqamətində tibbi protokollara uyğun müalicə davam edir, xəstəyə immunoqlobin tətbiqinə başlanmışdır. Xəstənin vəziyyətini dəyərləndirmək üçün klinikamızın və ölkənin bu sahə üzrə digər mütəxəssis həkimləri ilə konsiliumlar keçirilir. Xəstə hazırda reanimasiyadadır. Septik şok davam edir.
Vəziyyəti son dərəcə kritik ağır olsa da klinikamızın bütün tibb personalı L. Şirəliyevanın səhhətinin yaxşılaşması üçün əllərindən gələni etməkdədirlər.
Xəstənin müalicəsinin davam etdirilməsi üçün yaxınlarından 37.000 manat pul tələb edilməsi yalandır, bəzi saytların belə xəbərləri istinad etdikləri saytda məsələ ilə əlaqədar həqiqəti əks etdirən yazını “görmədən” paylaşması təəssüf doğurur və BMP öz işgüzar nüfuzunu qorumaq üçün prosessual addımlar atmaq məcburiyyətindədir.