ALİ MƏHKƏMƏ QARABAĞ ƏLİLİNİN ŞİKAYƏTİNİ TƏMİN EDİB
3-05-2019, 12:57
Teref.az - Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq 6 ildir məhkəmə palatalarında “müalicə almağa” məhkum edilməsindən yazmışıq. Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev məhkəmənin icra sənədi olmadan Qarabağ əlilinin həm reabilitasiya vasitəsi avtomobilinə həbs qoyub , həm də pensiyasını ƏƏSMN yanında DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə məktub verməklə yarıqat etdirib. Qarabağ əlilinin ali dövlət hakimiyyəti orqanlarına şikayətləri barəsində şikayət edilən şöbənin icra məmuru Vüsal Əliyevə və ƏƏSMN yanında DSMF-in sözügedən idarəsinə göndərilib və hər iki qurum Suraxanı məhkəməsinin hakimi Ramil Həsənovun qanuni qüvvəyə minməyən 28.11.2016 tarixli qətnaməsinə əsasən Qarabağ əlilinin pensiyasını yarıqat etmələrini əsaslandırıb. Əlil ha başa salsa da ki məhkəmənin icra sənədi olmadan peabilitasiya vasitəsi əmlakına, pensiyasına həbs qoyula bilməz, reabilitasiya -pensiya “işğalçıları” qanunsuzluqlarından əl çəkməyiblər. Əlacsız qalan Qarabağ əlili pensiyanı təyinatı üzrə ödəməyən ƏƏSMN yanında DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Hakim Miminat Hacıbəyova iddianı mümkün saymayıb ki, əlil -iddiaçı zərər çəkdiyini sübut edə bilməyib (?). Əlilin apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası (sədrlik edən hakim Elmira Nağıyeva) təmin etmədiyindən, o, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verib. 24 aprel 2019 -cu ildə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hakim Nigar xanım Rəsulbəyovanın sədrliyi ilə Qarabağ əlilinin şikayətini əsaslı sayaraq təmin edib və işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Onu da vurğulayaq ki, Ali Məhkəmədə Qarabağ əlilinin hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına ayrılan vəkil Emil Bəşirov qoruyub.
Deyəsən, prezidentin məhkəmə -hüquq sistemində apardığı islahatlar bəhrəsini verir.
MƏĞRUR BƏDƏLSOY
Teref.az