Təhsil Naziri 18 saylı Bakı Peşə Liseyinin fəaliyyəti yoxlasa yaxşı olar - Qanunsuzluqlar cinayətə bərabərdir

6-11-2015, 13:05           
Təhsil Naziri 18 saylı Bakı Peşə Liseyinin fəaliyyəti yoxlasa yaxşı olar - Qanunsuzluqlar cinayətə bərabərdir
Bir müddət bundan əvvəl qəzetimizin səhifələrində 18 saylı Bakı Peşə Liseyinin fəaliyyətində müşahidə edilən bəzi neqativ hallardan bəhs edən materiallar dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda bildirilirdi ki, hazırda aşpaz, avtomobillərin təmiri çilingəri, elektrik-qaz qaynaqçısı, əməliyyatçı-mühasib, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, kompyuter operatoru, veb-dizayner və xarrat-dülgər və parket ustası üzrə kadrların hazırlandığı bu liseydə ciddi nöqsanlar mövcuddur. Açıqlama verən mənbənin sözlərinə görə, məhz liseyin direktoru Rəhim Ağamalıyevin yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə ilk növbədə liseydə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Mənbə iddia edir ki, bu gün 18 saylı Bakı Peşə Liseyində bir çox şagirdin adı sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə həmin şagirdlər hər ay lisey direktoruna müəyyən məbləğdə ödəniş edirlər. Daha sonra məlumatlarda liseydə mütəmadi olaraq müxtəlif bəhanələrlə pul yığımlarının da həyata keçirildiyi vurğulanır. Məsələn, liseyin binası bir neçə il öncə təmir edilsə də, şagirdlərdən demək olar ki, hər ay “təmir pulu” yığılır. Bu günlərdə yeni aldığımız məlumatlarda isə, Rəhim Ağamalıyevin yol verdiyi digər qanun pozuntuları da diqqət mərkəzinə çəkilir. Məsələn bildirilir ki, direktor lisey binasının müəyyən sahələrindən şəxsi əmlakı kimi istifadə edir. Belə ki, iddiaya görə binanın zirzəmisini Füzuli rayonu Uşaq Yaradıcılıq Birliyinə icarəyə vermiş Rəhim Ağamalıyev bunun müqabilində hər ay 500 manat məbləğində pul alır. Digər tərəfdən isə, lisey direktorunun bu kimi maxinasiyaları hətta xarici şirkətlərlə də “çevirməyə” müvəffəq ola bilir. Bu barədə aldığımız daha bir açıqlamada bildirilir ki, bir müddət əvvəl
Təhsil Nazirliyinin xətti ilə 18 saylı Bakı Peşə Liseyində Almaniyanın tanınmış “BOSCH” şirkətinin tədris mərkəzi yaradılmışdır. Mənbə vurğulayır ki, bu məqsədlə TN tərəfindən 13 min manat məbləğində vəsait ayrılsa da, Rəhim Ağamalıyev nə yollasa şirkətin təmsilçilərindən də 13 min avro məbləğində pul almağa müyəssər ola bilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər mətbu orqanlarına ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Rəhim Ağamalıyevin rəhbərlik etdiyi liseydə bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa liseyin direktorunun üzərinə düşür.
Xatırladaq ki, hələ bir neçə il bundan əvvəl Rəhim Ağamalıyev Təhsil Nazirliyinin strateji təhlil və kadrların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxt onun Dünya Bankının müəllimlərin təkmilləşdirilməsi üçün ayırdığı 300 min manat vəsaiti qaranlıq məqsədlərə xərcləməsi barədə xəbərlər də yayılmışdı. Məsələnin üstü açılanda isə, sabiq təhsil naziri Misir Mərdanov Rəhim Ağamalıyevin həbs olunmaması üçün onu işdən çıxararaq, sonradan 18 saylı peşə liseyinin direktoru vəzifəsinə təyin etmişdi. Digər tərəfdən də, bəzi mənbələrin iddiasına görə, Rəhim Ağamalıyevin məhz həmin dövrdə baş tutmuş elmi müdafiəsi də ciddi saxtakarlıqlarla müşayiət olunmuşdu. Lakin göründüyü kimi, lisey direktoru bu gün də öz maxinasiyalarından əl çəkmir. Liseydə olan mənbə bildirir ki, Rəhim Ağamalıyev hətta müəllimlərə 20 manatdan mükafat yazdıraraq, bu pulları da mənimsəməkdən belə çəkinmir...

Materialda irəli sürülən ittihamlara dair lisey rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.