15 saylı Yasamal birinci seçki dairəsində tam qanunsuzluq - Ülvi Quliyevin rəqibləri prezidentə müraciət etdi
10-11-2015, 16:22
15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürmüş 4 şəxs prezident İlham Əliyevə müraciət edib.
Musavat.com xəbər verir ki, bundan əvvəl 25, 29, 30 oktyabrda dövlət başçısına müraciət edən namizədlər qeyd edirlər ki, dördüncü dəfə müraciət etmələrinin səbəbi seçkinin müxtəlif mərhələlərində üzləşdikləri qanun pozuntuları, bu pozuntulara dəstək verən və iştirakçısı olan rəsmi şəxslərin çoxluğu və etdikləri şikayətlərə müvafiq qurumlar tərəfindən etinasızlığın nümayiş etdirilməsidir.
Müraciətdə bildirilir: "Seçki gününə qədər olan qanun pozuntuları barədə etdiyimiz rəsmi müraciətlər təəssüf ki, nə seçki komissiyaları, nə də məhkəmə instansiyaları tərəfindən obyektiv araşdırılmadı. Həmin şikayətlərin son instansiyası olan Ali Məhkəmə, onun hakimi Nigar Rəsulbəyova 7 gündür ki, məhkəmə qərarını bizə təqdim etmir.
Sizin Şəki səfəriniz zamanı Azərbaycan məhkəmələrinin qüsurlu fəaliyyətinin ən bariz nümunəsi bizim üzləşdiyimiz problemdir. Qanun qüvvəsinə malik çıxışlarınızda seçkinin demokratikliyi və bərabərliyi haqda fikirləriniz də Dairə və Mərkəzi seçki komissiyaları və məhkəmə instansiyalarında nəzərə alınmır. Sanki kimsə Sizin dediklərinizin, iradənizin əleyhinə olaraq, fərqli təəssüratın yaranmasına cəhdlər göstərir. Çünki müşahidələrimiz prosesin idarə olunduğu qənaətinini formalaşdırır. İnanmırıq ki, kimsə açıq şəkildə qanun pozuntusuna belə asanlıqla getmiş olsun.
15 saylı seçki dairəsində 5 namizədin seçki günündə üzləşdiyi, foto və video çəkilişlərlə, çoxsaylı aktlarla təsbit edilmiş qanun pozuntuları ilə bağlı etdiyi şikayət dairə seçki komissiyası tərəfindən yenidən araşdırılmır, komissiya iclasının qərarı təqdim edilmir. Seçkilərin nəticəsinə dair protokolların ləğvi ilə bağlı MSK-ya etdiyimiz şikayətin nəticəsinə də ümid etmirik. Lakin biz ölkə qanunvericiliyinin verdiyi imkanlardan istifadə etməkdə və adı çəkilən dairədəki kütləvi saxtakarlığın beynəlxalq məhkəmə instansiyalarında deyil, məhz Azərbaycanda həll edilməsinə çalışacağıq.
Möhtərəm Prezident!
Seçki prosesində inzibati və büdcədən maliyyələşən qurumların seçkiyə müdaxiləsini faktlarla təsdiq etməmizə baxmayaraq, müvafiq qurumların göstərdiyi biveclik səbəbindən Sizə növbəti dəfə yardım göstərmənizi və qanun çərçivəsində ədalətli araşdırma aparmaq üçün göstəriş verməyinizi, tərəfinizdən qəbul olunmağımızı israrla xahiş edirik".
Prezidentə ünvanlanmış müraciəti Əli Əliyev, Nişat Mehdiyev, Garay Əsədov və Ramil Rüstəmov imzalayıb.