Vüsal Novruzovla bağlı prezidentə teleqram vuruldu: "Monopoliya əfsanəsi" əl-ayağa düşüb...
10-11-2015, 23:41
Prezident İlham Əliyevin azad sahibkarlıq mühitinin formalaşdırılması, sahibkarlığa süni maneələrin aradan qaldırılması yönündəki göstəriş və tapşırıqlardan irəli gələn vəzifələrin icrası bir sıra məmurlar üçün əsl başağrısına çevrilib. Belə ki, öz fəaliyyəti ilə ölkədə azad sahibkarlıq mühitinin yaranmasına əngəl törədən vəzifə sahiblərinə qarşı çoxdan bəri gözlənilən mübarizəyə start verilməsi iş adamlarını daha da ruhlandırıb. Belə ki, son vaxtlara qədər qarşılaşdıqları haqsızlıqlara görə bir qayda olaraq susqunluq nümayiş etdirən, vəzifə sahiblərinin qanunsuz tələblərinə boyun əyən sahibkarlar artıq hüquqlarının müdafiəsinə qalxıblar.
Savash.org-a daxil olan məlumata görə, yüzlərlə sahibkar Prezident Adminstrasiyasına, o cümlədən şəxsən prezident İlham Əliyevin adına çoxsaylı teleqramlar vurublar və həmin teleqramlarda onlardan heç bir əsas olmadan rüşvət tələb edən məmurların adları əks olunub. Şikayətlərin daha böyük qisminin gömrük orqanlarından olduğunu bildirən mənbəmizin sözlərinə görə, artıq həmin şikayətlər əsasında qeyri-rəsmi yopxlamalara belə start verilib. Şikayət olunan dövlət qurumları içərisində isə özünün "lider" mövqeyi ilə Bakı Şəhər Baş Gömrük İdarəsi fərqlənib. Mənbəmiz iddia edir ki, Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun qanunsuzluqları ilə bağlı "yuxarılar"a ötürülən təkzibolunmaz faktlar hətta onun himayədarlarını belə şoka salıb.
Odur ki, hazırda Vüsal Novruzovun çətin dönəm yaşadığı iddia olunur. Hətta bu günlərdə Vüsal Novruzova çox yüksək bir dairədən xəbərdarlığın edildiyini iddia edən mənbəmizin sözlərinə görə, bu xəbərdarlıqdan sonra Bakı Baş Gömrük İdarəsi şefinin əl-ayağa düşdüyü söylənilir. Həmin xəbərdarlığın nədən ibarət olması, bu xəbərdarlığın Vüsal Novruzovu nədən əndişə salması haqda isə növbəti yazımızda daha ətraflı bilgi verəcəyik.
teref.az